Məhkəmə qərarları › İş №2(001)-3366/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3366/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3366/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə istirahət etmək üçün 2020-ci ilin iyul ayında Türkiyə Respublikasının Antalya şəhərinə getməyi planlaşdırmış, bu məqsədlə Cavabdeh2 turagentliyinə müraciət etmiş, MMC onunla 11.02.2020-ci il tarixdə turizm xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışdır. Müqaviləyə əsasən turun ümumi qiyməti 1185 ABŞ dolları müəyyən edilmiş, ilkin olaraq o, avans şəklində 385 ABŞ dollarını MMC-yə ödəmişdir. Lakin Covid- 19 pandemiyası ilə əlaqədar olaraq bütün ölkələr arasında hava nəqliyyatının gəliş-gedişi dayandırılmışdır. Bir müddətdən sonra o, Cavabdeh2-nin direktoru Cavabdeh1 mobil nömrəsi ilə əlaqə saxlamış, dəfələrlə həmin şirkətə getmiş, lakin cavabdehlər onun pulunu müxtəlif bəhanələr gətirərək geri qaytarmaqdan imtina etmişlər. O, hər dəfə L.M.Abdullayeva ilə telefon əlaqəsi saxladıldıqda sonuncu pulu ertəsi günü ödəyəcəyini vəd etsə də, ona qarşı süründürməçilik etmişdir. Cavabdeh1 onun pulunu mənimsəyərək ona qarşı dələduzluq etmişdir. Bununla əlaqədar olaraq o, Nəsimi RPİ-yə müraciət etmiş, onun ərizəsi əsasında aparılan araşdırma ilə əlaqədar olaraq 30.12.2020-ci il tarixdə cinayət işinin başlanması barədə rədd qərarı qəbul olunaraq araşdırmanın davam etdirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan aldıqları 385 ABŞ dollarını qaytarmalıdırlar. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada 385 ABŞ dollarının, həmin pul vəsaitinin faiz kimi 50 ABŞ dollarının, vurulmuş maddi zərərə görə 100 ABŞ dollarının, ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 862.1.-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Turagent Cavabdeh2-nin direktoru Cavabdeh1 ilə turist İddiaçı arasında bağlanmış 11.02.2020-ci il tarixli 008 saylı turizm xidmətlərinin göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, müqavilə üzrə müəyyən edilmiş şərtlərə əsasən turagent turistin sifarişinə uyğun kompleks turizm xidmətlərini təqdim etməyi, turist isə göstərilən xidmətlərin dəyərinə turagentə ödəməyi öhdələrinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən turizm xidmətlərinin dəyəri 1185 ABŞ dolları təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar olaraq turagent müqaviləyə dəyişiklik etmək hüququna malikdir və ya turist müqaviləni pozmaq və turagentin çəkdiyi faktiki xərcləri çıxmaqla ödənilmiş məbləği geri tələb etmək hüququna malikdir. Müqavilənin 3.3.2.-3.3.3.-cü bəndlərinə əsasən şəraitin əsaslı dəyişməsinə səyahətin müddətlərinin dəyişməsi, bu zaman tərəflər razılığa gəlirlər ki, müddətin dəyişməsini onlar gedişin başlanma və ya qurtarma vaxtının 24 saatdan çox dəyişməsi kimi başa düşürlər; səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal sayının natamamlığı aiddir. Müqavilənin 5.1-ci bəndinə əsasən aşağıda sadalanan fors-major hallar meydana çıxdığı təqdirdə tərəflər bu müqavilə üzrə öhdəliklərindən azaddırlar və bir-birilərinin qarşısında məsuliyyət daşımırlar: epidemiya, sel, zəlzələ və s. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin 30.12.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilmişdir. Cavabdeh1 Nəsimi RPİ-nin 22-ci PŞ-də veriyi 26.12.2020-ci il tarixli izahatında 2019cu ilin oktyabr ayından etibarən Nəsimi rayonu Rixard Zorge küçəsində yerləşən X3 Turizm Agentliyinin direktoru vəzifəsində işləməsini, 2020-ci ilin yanvar ayından mart ayına qədər təxminən 150-dən çox tur paketləri və bilet sifarişləri almasını, həmin tur paketləri və biletlərlə bağlı vətəndaşlar tərəfindən ödənilmiş pul vəsaitlərini də uçuş kampaniyalarından bilet bron etmək üçün ödənilməsini, 2020-ci ilin mart ayından etibarən Covid 19 pandemiyası ilə əlaqədar ölkə ərazisində və dünyada qeyri-müəyyən müddətə karantin elan olunduğu üçün uçuşların təxirə salınmasını, bron edilmiş biletlərin isə dondurulmasını, İddiaçı 11.02.2020-ci il tarixdə tur paket üçün ödədiyi 385 dollarlıq, yəni 657 manat pulu da avans olaraq Samatur şirkətinə tur paketi üçün ödənildiyini, 2020-ci ilin dekabr ayının sonlarında həmin Samatur şirkətinin 2 ay ərzində vətəndaşların ödədiyi pulların 25% çıxılmaqla geri qaytarılması və ya karantinin bitişində yeni tur paketi ilə əvəz edilməsi təklifini edən qərar qəbul etməsini, bu təklifin onların şirkəti tərəfindən zərər çəkən sifarişçilərə təklif edildiyini, pandemiya ilə əlaqədar elan edilmiş karantinə görə özünə məxsus şirkətin də zərərə uğradığını, İddiaçı ödədiyi 385 ABŞ dollarının 25% hissəsi çıxılmaqla 2 ay ərzində geri qaytarılacağını göstəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, turagent Cavabdeh2 turist İddiaçı ilə 11.02.2020-ci il tarixli 008 saylı turizm xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış, müqaviləyə əsasən İddiaçı 385 ABŞ dolları almış, lakin öhdəliklərini icra edə bilmədiyi üçün MMC-nin direktoru Cavabdeh1 iki ay ərzində aldığı vəsaitin bir hissəsini geri qaytaracağını vəd etsə də, bu vədinə əməl etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh2 11.02.2020-ci il tarixli 008 saylı turizm xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəliklərini icra edə bilmədiyi halda həmin müqavilə üzrə aldığı 385 ABŞ dollarını geri qaytarmadığından, baş vermiş fors-major hall nəticəsində iddiaçı da, öhdəliklərini icra etməkdən vəzifəsindən azad olduğundan onun MMC-yə qarşı ödədiyi 385 ABŞ dollarının geri qaytarılması tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Məhkəmə iddiaçının MMC-dən pul vəsaitinin qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləninin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Cavabdeh2-nin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından iddiaçının faiz tələbi əsassızdır, bu səbəbdən təmin edilə bilməz. Məhkəmə iddiaçının vurulmuş maddi ziyana görə 100 ABŞ dolları tələbini də əsassız hesab edib təmin etmir. Belə ki, iddiaçı ona vurulan və məbləği 100 ABŞ dolları olan maddi ziyanla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının Cavabdeh1 qarşı olan tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1.-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının hüquqi şəxslə müqavilə bağlaması, cavabdeh L.M. Abdulovanın həmin hüquqi şəxsin direktoru vəzifəsində işləməsi müəyyən olduğundan, məhkəmə hesab edir ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxs mülki hüquq subyekti kimi öz öhdəliklərinə görə məsuliyyət daşıdığından iddiaçının Cavabdeh1 qarşı tələbləri əsassızdır ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh2-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2-dən 385 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar