Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3368/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun Cavabdeh ilə nikahı 2009-cu ildə pozulmuş, birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 onun himayəsində yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4195/2021 saylı qətnaməsi ilə uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10535/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4195/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda uşaqlar böyüdüyündən tələbatları da artmışdır. O, uşaqlarının qayğısına qaldığı üçün işləyə bilmir, uşaqlarını qardaşının köməyi ilə saxlayır. Cavabdeh ona təyin olunan alimentdən başqa heç bir maddi köməklik göstərmir. xx.xx.2005-ci il təvəllüdlü X2 oxuyur, xx.xx.2008-ci il təvəllüdlü X5 isə xəstə və qan azlığı olduğundan mütəmadi olaraq müalicə alır. Cavabdeh ticarətlə məşğuldur, üç mağaza işlədir, mülkiyyətində bir neçə nəqliyyat vasitəsi vardır, bir necə televiziya verilişlərinə sponsorluq etməklə kifayət qədər gəliri vardır. Cavabdeh vergi ödəyicisidir. Bu barədə sübutları o, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən təqdim etmişdir. Cavabdehin biznes fəaliyyətini onun işlədiyi mağazada çəkdiyi video görüntülər təsdiq edir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4195/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşağa görə 200 manat alimentin miqdarının artırılaraq, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ № 679047 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1568 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 063169 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 252 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4195/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10535/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4195/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanların saxlanmaları üçün təyin olunan alimentin artırlmasını xahiş etsə də, təyin olunmuş alimentin məbləğinin artırılmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi təyin olunan alimentin miqdarının artırılması üçün əsas aliment ödəyən şəxsin, yəni cavabdehin maddi vəziyyətinin dəyişməsi, yaxşılaşmasıdır. Məhkəmə araşdırması zamanı tədiqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının himayəsində yaşayan uşaqların saxlanması üçün təyin olunan alımentin miqadarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 4195/2021 saylı qətnaməsinə əsasən artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat müəyyən edilmiş, 8 aydan sonra yenidən alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət edən iddiaçı cavabdehin maddi vəziyyətinin artması ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməməklə iddia tələbində istinad edilən halı sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi video görüntülərə münasibət bildirib qeyd edir ki, bu görüntülər təyin olunan alimentin artırılmasına əsas ola biləcək mötəbər sübut növü ola bilməz. Belə ki, görüntülərin nə vaxt çəkilməsi, cavabdehin olduğu məkanın kimə məxsus olması, cavabdehin vergi ödəyicisi olması, sponsorluq fəaliyyəti göstərməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin maddi vəziyyətinin artmasına dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat alimentin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3368/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3368/2022
16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver