Məhkəmə qərarları › İş №2(001)-3373/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3373/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3373/2024 12.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aylıq 335 manat sabit pul məbləğində alimentin (235+100) və tərəfindən mediasiya prosesində ödənilmiş 60 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah münasibətinə daxil olaraq ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixi qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladının saxlanılması üçün üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona veriməsi qət edilmişdir. Eyni zamanda Bakı 11 saylı Mediasiya Təşkilatında aramızda bağlanmış Barışıq Sazişinə əsasən xx.xx.2023cü ildən başlayaraq övladının saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin verilməsini cavabdeh öhdəsinə götürmüş və qeyd edilən tarixdən cavabdeh 220 manat aliment ödəyir. Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə qət edilən 300 manat sabit pul məbləğinin 200 manatı alimentə görə, 100 manatı isə birgə nikah dövründə əldə etdiyi nəqliyyat vasitəsinə görə cavabdeh tərəfindən 5 il müddətincə ona ödənilən vəsaitdir. 200 mananıt aliment olaraq, 100 manatın isə nəqliyyat vasitəsinə görə ödənilən vəsait olması məhkəmənin qətnaməsinin məzmunundan müəyyən etmək olur. Məhz 2023-cü ildə alimentin məbləğinin 220 manat olması müəyyənləşəndən sonra mediasiyaya müraciət etmiş və bu səbəbdən Sazişlə onun məbləğinin 220 manat olmasına razılaşdıq. Qeyd edilənlərə əsasən bir daha qeyd edir ki, məhkəmənin qərarında qeyd edilən 300 manatdan 200 manatı aliment, 100 manatı isə nəqliyyat vasitəsinə görə ödənilən vəsait kimi nəzərə alınıb. Hazırda cavabdeh tərəfindən ona 220 manat aliment və nəqliyyat vasitəsinə görə 100, cəmi 320 manat ödənilir. Məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edib yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aylıq 335 manat sabit pul məbləğində alimentin və tərəfindən mediasiya prosesində ödənilmiş 60 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, o, hazırda yeni ailə qurmuş və ata olmaq ərəfəsində olduğu üçün məhkəmə iclsasında iştirak edə bilmir. Həmçinin göstərmişdir ki, o, hazırda "xxxx" QSC-də işləyir və aylıq 700 manat əmək haqqı, eləcə də müharibə iştirakçısı olduğuna görə 70 mnat, ümumilikdə 770 manat aylıq gəliri var. İddiaçıya uşağın saxlanılması üçün 220 manat və birgə nikah dövründə alınmış avtomobilə görə isə 100 manat əlavə pul ödəyir. Ona görə də avtomobilin də ¼ hissəsini ödəməli olduğunun nəzərə alınmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-7541/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Zamanova (Alızadə) Səkinə Vasif qızı ilə Cavabdeh arasında bağlanmış və Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 sentyabr 2015-ci il tarixdə 786 nömrə ilə qeydə alınmış nkahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəilüdlü X4 iddiaçı X3 yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç ) yüz) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması, aliment məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçı X5 aid edilməsi və dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X3 iddia tələbini etiraf edərək iddiaçının ondan tələb etdiyi 300 manat məbləğində alimentin 100 manat hissəsi birgə nikah dövründə əldə edilmiş əmlakın cavabdehdə qalması müqabilində 5 il ərzində ona ödənilməsi və 5 ildən sonra bu məbləğin azaldılması, yəni bu ödənişin dayandırılması ilə bağlı öz aralarında razılığa gəlmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə evliliyindən 17 oktyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə-bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq, hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin miqdarının artırılmaqla, 17 oktyabr 2016-cı il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 335 (üç yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 35 manat) 420 manat olduğuna (35 manat x 12 ay) və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-7541/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində olan alimentin miqdarı artırılaraq, 17 oktyabr 2016-cı il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 335 (üç yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 7541/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində olan alimentin miqdarı artırılaraq, 17 oktyabr 2016-cı il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 335 (üç yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar