Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3378/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X7» ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağına dair bildiriş, ərizə və ona əlavə edilmiş sənədlər göndərilmiş və cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsini ünvanlayaraq bildirmişdir ki, oğlu olan cavabdeh Kazan şəhərində yaşayır, 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək Bakı şəhərində olmuş, həmin müddətdə iddiaçıya kredit almaq üçün müraciət etmiş, lakin ona kredit verilməsində imtina edilmişdir. Ona görə də, hazırkı iddia ərizəsinin ətraflı araşdırılmasında zərurət var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3378/2023 saylı qərardadı ilə iş üzrə icraat iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi və ərizənin ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə «X7» Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 4000 manat məbləğində kredit xətti açılmışdır. X3 5.7.15-ci bəndinə əsasən, borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 may 2023, cümə tarixinə "xxxx" KB ASC-yə 4000 manat əsas, 600,59 manat faiz, 24,42 manat cərimə borcu olmaqla, cəmi 4600,59 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, hazırkı iş üzrə cavabdeh banka kreditin ayrılması barədə müraciət etmiş, ona müvafiq kart verilmiş, ayrılmış pul vəsaiti cavabdehə şəxsən nağd şəkildə verilməmiş, həmin bank kartına köçürülmüş, sonradan pul vəsaiti tətbiq vasitəsilə X5 Kapital Bankda olan hesabına köçürülmüşdür. X10 onunla əlaqə saxlamış və bütün bunları inkar etməmişdir. Lakin həmin tətbiqdə Cavabdeh adından hər hansı əməliyyatın edilməsi üçün mütləq şəkildə onun tərəfindən müvafiq məlumatların verilməsi zəruri olmuşdur. Həmin məlumatlar Cavabdeh tərəfindən üçüncü şəxsə verilməsə idi, hər hansı əməliyyatın həyata keçirilməsi mümkün olmazdı. Ona görə də, bank qarşısında məsuliyyəti məhz Cavabdeh daşımalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, 2023-cü il mart ayının sonlarında "xxxx" ASC tərəfindən ünvanına göndərilmiş bildirișdə oğlu Cavabdeh 14 yanvar 2022-ci il tarixdə həmin bankdan kreditlə 4000 manat pul götürməsi, lakin götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə 420 manat faiz ve 204 manat cərimə pulu olmaqla, cəmi 4625 manat borcunun yarandığı və 3 iş günü ərzində həmin borcu ödəmədiyi halda barəsində məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Onun bu məsələdən heç bir xəbəri olmadığına görə dərhal zəng vurub oğlu Babəklə danışdı, ona "xxxx"dan adına kredit borcu gəldiyini dedi. Babək ona bildirdi ki, 2022-ci ilin yanvar ayında kreditlə pul götürmək istəmiş və həmin işdə ona köməklik göstərməsi üçün Nahid Kərimov adlı keçmiş sinif yoldaşına müraciət etmişdir. Nahid ondan șəxsiyyət vəsiqəsinin șəklini istəmiş, o, da həmin sənədin şəklini telefon vasitəsi ilə Nahidə göndərmişdir. Bir neçə gündən sonra Nahid ona demişdir ki, "xxxx"a getsin, nəticəni ona deyəcəklər. O, "xxxx"a getmiş, orada ona bildirilmişdir ki, əvvəllər kredit gecikməsi olduğuna görə ona kredit düşmür, verilə bilməz və həmçinin bir ədəd kart verib demişlər ki, həmin karta pul qoyub özũ üçun istifadə edə bilər. Həmin kartın balansında pul olmadığına görə Babək onu sındırıb tullamışdır. Sonra ona kredit verilmədiyi barədə Nahidə də demiş va bununla bağlı Nahidlə görüşməyinin vacib olduğunu bildirmiş və Nahidin telefon nömrəsini (***-***-**-**) vermişdir. Bundan sonra o, Nahid Kərimovla əlaqə yaradıb görüşdü, ondan oğlu Babəkin kredit götürməsinə necə kömək etməsi barədə soruşdu. Nahid bildirdi ki, Babəkə kömək etmək üçün onun şəxsiyyət vəsiqəsinin şəklini həmin vaxt bank sistemdə işləmiş tanışı və həmyerlisi X9 göndərmiş və Babəkə kredit götürməsinə kömək etməsini xahiș etmişdir, Asif də kömək edəcəyinə söz vermişdir. Bundan bir qədər sonra Asif Əlizadə ona zəng vurub Babəkin "xxxx"a getməli olduğunu demişdir. O, da bu barədə Babəkə demişdir. Daha sonra Babək ona, əvvəllər adına kredit gecikməsi lduğuna görə "xxxx"da ona kredit verilməsindən imtina edildiyini bildirmişdir. Nahidə dedi ki, həmin bank hal-hazırda Babəkdən pul tələb edir. Nahid məsələni araşdırıb məlumat verəcəyini dedi. Həmin söhbətdən 3-4 gün sonra Nahid onunla görüşüb danışdı ki, Ağdaș rayonu Ləki kəndində yaşayan X6 ünvanına getmiş, Asif evdə olmadığından onun atası Azərlə danışmıș, Babəkin adıa olan sənədləri yoxlayıb ona 4000 manat kredit verildiyini öyrənmiş, lakin Babəkə həmin kreditin verilməsindən imtina edildiyini və Asifin kimlərinsə vasitəsi ilə hansısa üsulla həmin krediti özünün çıxarıb mənimsədiyini demişdir. Azər də oğlu Asifin həmin əməli törətdiyini etiraf etmiş və demişdir ki, onun torpaq sahəsi var, 3 aya kimi torpaq sahəsini satıb həmin kredit borcunu ödəyəcəkdir. Daha sonra Nahid Azərin mobil nömrəsini (***-***-**-**) ona verdi. O, Azərə zəng vurub bir daha ona oğlu Asifin əməli barədə danışdı, Azər oğlu Asifin ünvanına deyinərək, bu əməlini etiraf etməklə üzrhaxlıq etdi və xahiș etdi ki, narahat olmasın, torpaq sahəsini 3 aya kimi satib Babəkin adına "xxxx"da sənədləşdirilmiș kredit borcunu ödəyəcəkdir. O, Azərə dedi ki, həmin borcu ödəsə də gecikmə yenə də Babəkin adında qalacaq, həmin borcu Asifin adına keçirmək lazımdır. Azər ona dedi ki, narahat olmasın, həll edəcək. Lakin bu günə kimi həll etməmişdir. X10 işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqramla müraciət etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizə-anket və imza nümunəsi, xx.xx.2021-ci il tarixli Ümumi Oferta və xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə “X7” Açıq Səhmdar Cəmiyyəti arasında ARGİD********** saylı kredit müqaviləsi bağlanmış və **********081260 nömrəli ödəniş kartına kredit xətti təyin edilməklə istifadəyə verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 3999,42 manat kredit vəsaiti köçürülmüş və həmin tarixdə Leo tətbiqi vasitəsilə 3921 manat başqa hesaba köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 məhkəməyə bildirmişdir ki, Cavabdeh məxsus hesabdan ayrılmış kredit məbləği nağdlaşdırılmamış, kartdan kartda köçürülmüşdür. Köçürülmədə hesabın Asim Əlizadəyə məxsus olan Maraqlı şəxsda olan bank hesabı olmasını müəyyən etmək mümkündür. Amma lap müəyyən edilsə belə ki, kredit məbləği cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən xərclənib, bu xüsusat cavabdehi məsuliyyətdən azad etmir. İddiaçının nümayəndəsinin bildirdikləri nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3378/2023 saylı qərardadı ilə X5 (doğum tarixi - xx.xx.1995, FİN: 6CTU2L1) Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına/kartına Cavabdeh məxsus olan LeoBank kartından xx.xx.2022-ci il tarixdə 3921 manat məbləğində (və ya hər hansı digər məbləğdə) pulun köçürülməsinin icra edilib-edilməməsi, edilibsə həmin məbləğlə bağlı sonrakı əməliyyatlar barədə ətraflı məlumatlar, eyni zamanda bununla əlaqədar lazımi qaydada təsdiq olunmuş sənədlərin "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətindən götürülməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh məxsus olan LeoBank kartından 3921 manat məbləğində pul xx.xx.2022-ci il tarixdə xx.xx.1995-ci il təvəllüdlü X5 X14 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ARGİD********** saylı kredit müqaviləsi üzrə “X7” Açıq Səhmdar Cəmiyyətinə 4000 manat əsas borc, 600,59 manat faiz borcu, 24,42 manat cərimə borcu olmaqla, cəmi 4600,59 manat borcu mövcuddur. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdeh (*bildiriş atası tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilib) banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarından göründüyü kimi, cavabdehin ona kreditin ayrılması üçün banka müraciət etməsi, şəxsən banka gedib müvafiq ərizə yazaraq imza nümunələrini verməsi və xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın şərtləri ilə razılaşması işin mübahisələndirilməyən hallarındandır. Lakin sonrakı mərhələdə cavabdeh ona kreditin verilməsindən şifahi formada imtina edilməsini bildirir, iddiaçı isə cavabdehə 4000 manat məbləğində kreditin ayrılmasını və istifadə edilməsini iddia edir. Məhkəmə cavabdehin üçüncü şəxslərlə paylaşdığı məlumatlara görə özünün məsuliyyət daşıması barədə iddiaçının dəlilləri ilə razılaşır və hesab edir ki, ayrılmış kredit faktiki olaraq başqa şəxs tərəfindən istifadə edilsə belə, bu cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri aradan qaldırmır. Bununla yanaşı qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı iddia ərizəsində 4000 manat əsas borc, 600,59 manat faiz borcu və 24,42 manat cərimə borcunun mövcudluğunu qeyd etsə də, cavabdehdən cəmi 4600,59 manat məbləğində pul tələb etmişdir. Belə olan halda, məhkəmə tələbin cərimə hissəsinə münasibət bildirmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh cəmi 4600,59 manat məbləğində borc iddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Сavabdeh Cavabdeh cəmi 4600,59 (dörd min altı yüz manat əlli doqquz qəpik) manat məbləğində borc və 66,01 (altmış altı manat bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3378/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3378/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver