Məhkəmə qərarları › İş №2(001)-3382/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3382/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3382/2021 10.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmmmədəli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" Mənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 cavabdeh X5 qarşı pul tələbinə diar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onunla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmeyi yolunun kəsişməsində inşa etdirdiyi beç mərtəbəli binaların 1-ci binasının 1-ci blokunun altında yerləşən qeyri-yaşayış sahəsindən 220 kv.metr qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlayıb, ondan aldığı 115.000 manat və həmin pulu mənimsəyərək 11 il ərzində qaytarmadığına görə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla əlavə olaraq 63.525 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29 dekabr 2009-cu il tarixdə Cavabdeh MMC-nin təsisçisi və direktoru X6 ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmeyi yolunun kəsişməsində inşa etdirdiyi beç mərtəbəli binaların 1-ci binasının 1-ci blokunun altında yerləşən qeyri-yaşayış sahəsindən 220 kv.metr mağaza sahəsinin alqı-satqısına dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, 115.000 manat məbləğində nəğd pulu Elşən Cəbrayılova vermiş və bunun müqabilində həmin qeyri-yaşayış sahəsini almışdır. Elşən Cəbrayılov pulu ondan aldıqdan sonra elə həmin gün – 29 dekabr 2009-cu il tarixli seriya AR N1455 VÖEN ********** kassa mədaxil orderinin qəbzini öz imzası ilə təsdiq edib, möhürü ilə möhürləmişdir. Üstündən bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, cavabdeh müqavilə ilə ona satdığı qeyri-yaşayış sahəsini ondan başqa digər adamlara da satmışdır. Həmin şəxslərin kim olması barədə çox çalışsa da məlumat əldə edə bilməmişdir. Cavabdeh bundan sonra müqavilə öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Daha sonra həmin ünvanda inşa edilən evlərin birində 115.000 manat dəyərində ayrı-ayrılıqda 2 üç otaqlı mənzil verilməsinə dair söz vermişdir. Bu razılaşma aralarında şifahi qaydada olmuş, heç bir müqavilə bağlanmamışdır. Hər dəfə bu barədə cavadehlə telefonla əlaqə saxlayıb danışanda müxtəlif bəhanələr gətirərək müflis olduğunu bildirmiş, pulunu geri qaytaracağına söz versə də pulunu verməmişdir. Bununla bağlı 08 oktyabr 2019-cu il tarixdə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin material üzrə 02 noyabr 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin hərəkətlərindən bu vaxta kimi müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etsə də nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə cavabdeh X6 əsl Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir, cavabdeh MTK-nın rəhbəri X6 iddiaçıya qarşı dələduzluq etmiş və buna görə də onun barəsində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək məhkəməyə yazılı etiraz təqdim etdi və etirazını belə əsaslandırdı ki, tərəflər arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli müqavilə yalan əqd olmaqla əhəmiyyətsizdir. Belə ki, həqiqətdə, tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı bir dəfə də olsa belə, cavabdeh MTK-nın ofisində belə olmamış, MTK-nın sədri olan Elşən Cəbrayılovu ümumiyyətlə tanımır. İddiaçı sələmçiliklə məşğul olan şəxsdir. İddiaçı ilə MTK-nın sədri Elşən Cəbrayılovun qardaşı – sabiq deputat X1 işgüzar əlaqələri olmuşdur. Rəfael Cəbrayılovdan 2009-cu ildə iddiaçıdan aldığı borc pulun qarşılığında qardaşı Elşən Cəbrayılovdan iddiaçının adına belə bir formal müqavilənin sənədləşdirilməsini istəmişdir. Elşən Cəbrayılov da 29 dekabr 2009-cu il tarixli müqaviləni rəsmiləşdirmiş və qardaşına vermişdir. Rəfael Cəbrayılov isə həmin müqavilənin bir nüsxəsini iddiaçıya təqdim etmişdir. Daha sonra Rəfael Cəbrayılov iddiaçıya olan borcunu qaytarmışdır, əks halda iddiaçı 12 il gözləməzdi. Lakin iddiaçı müqavilənin əslini R.Cəbrayılova qaytarmamış, bu gün isə həmin müqavilə əsasında pul tələb edir. Təsadüfi deyil ki, iddiaçı R.Cəbrayılov barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə də R.Cəbrayılovun onun barəsində dələduzluq etməsi ilə bağlı şikayət ilə müraciət etmişdir. Digər tərəfdən, iddiaçı ilə R.Cəbrayılov arasında münasibətlərin olmasını iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 10 iyun 2019-u il tarixli, 407Ş-19 saylı məktubu da təsdiqləyir. Həmin məktubda R.Cəbrayılova 65.000 ABŞ dolları məbləğində borc pul verməsi ilə bağlı məsələnin müli xarakterli olduğu iddiaçının diqqətinə çatdırılmışdır. Müqavilənin yalan olmasını o hal təşkil edir ki, 2009-cu ildə MTK artıq həmin binanı inşa etmişdir. Əgər iddiaçı həqiqətən də binada qeyri-yaşayış sahəsi əldə etmək niyyətindəydisə, ən azı yerində baxmalı və bundan sonra sənədləşdirmə aparılmalı idi. İddiaçı heç vaxt həmin binada, o cümlədən MTK-nın ofisində olmayıb. Əgər iddiaçı həqiqətən də qeyri-yaşayış sahəsi almışdırsa, onda niyə 12 il gözləyirdi? Kassa mədaxil orderinin qəbzində 115.000 manat pulun qeyri-yaşayış sahəsi üçün deyil, mənzil alışı üçün ödənildiyi qeyd edilib. Bu hal da, əslində heç bir alqı-satqının olmadığına dəlalət edir. MTK-nın inşa etdiyi binalarda hər hansı dələduzluq faktı olmayıb. Yəni eyni yaşayış və ya qeyri-yaşayış sahəsinin müxtəlif şəxslərə satılması halı olmayıb. Atrıq 2011-ci ilin fevral ayından başlayaraq MTKnın inşa etdiyi binalardan yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş şəxslər öz mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışları almışlar. Necə olur ki, təkcə iddiaçıya münasibətdə belə bir “dələduzluq halı” baş verir və iddiaçı da 12 il dözür? Göründüyü kimi, 29 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3cü maddəsinə əsasən bu növ əqdlərin mübahisələndirilməsinə zərurət yoxdur, məhkəmə öz xidməti mövqeyinə görə bu halı diqqətə almağa borcludur. Yuxarıda qeyd edilən səbəblərdən, iddiaçı müqavilə üzrə MTK-ya hər hansı məbləğdə pul ödəmədiyindən həmin Məcəllənin 337.5-ci maddəsinin tədbiqi üçün əsas da yoxdur. Hətta həmin maddənin tədbiqi ehtimal edilsə belə, həmin Məcəllənin 354.1-ci maddəsinə görə müddətin keçməsi səbəbindən bu, mümkün deyil. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı olduğu halda belə iddia təmin edilə bilməz. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti 1 il təşkil edir. Deməli MTK ən geci 1 il ərzində öz öhdəliyini icra edib qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməli idi. İddia ərizəsinin özündə onun 19 mart 2021-ci il tarixdə imzalandığı qeyd edilib. Göründüyü kimi, iddiaçı 29 dekabr 2009-cu il tarixdə ödədiyi pulu 11 il 2 ay sonra geri tələb edir. Hazırki mübahisə daşınmaz əmlaka dair bağlanmış müqavilədən irəli gəldiyindən Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 6 illik iddia müddətinə tabedir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə irca müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, müddətin bitdiyinə şübhə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 551.1-ci maddəsin iddianın təmin edilməsini istisna edir. Həmin maddə “Öhdəliklərə xitam verilməsi” adlanan 27-ci fəslin “Müddətin keçməsinə görə öhdəliyin xitamı” adlanan 5-ci paraqrafında nəzərdə tutulmuşdur. Paraqraf, müddətlə bağlı olan tələb hüquqlarına dair göstərişləri ehtiva edir. Həmin paraqrafın ilk maddəsində açıq şəkildə qeyd edilir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Maddə isə tələblərin xitamının bağlı olduğu müddətləri müəyyənləşdirir. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Burada “imtina” ifadəsi borclunun müddət keçdiyi üçün tələbin (öhdəliyin) artıq mövcud olmadığını irəli sürərək hər hansı davranışa yol verməməsini nəzərdə tutur. Başqa sözlə, buradakı “imtina” Mülki Məcəllənin digər maddələrindəki (məsələn: 421.3, 575.1, 673 və s.) “imtina” kəlimələri ilə eyniməzmunlu deyildir. Göründüyü kimi, müddətə bağlı olan tələblərin xarakterik cəhəti ondan ibarətdir ki, bu müddətin keçməsi tələbin (öhdəliyin) xitamına (mövcudluğunun aradan qalxmasına) səbəb olur, yəni belə bir tələb artıq mövcud olmur. Buradakı müddət iddia müddəti ilə qarışdırılmamalıdır. Çünki, iddia müddəti tələbin (öhdəliyin) xitamına deyil, borclunun müvafiq ərizəsinin təqdim olunduğu hallarda, kreditorun tələbinin məhkəmə gücü vasitəsilə icra edilməsinə mane olmur. Tələbin istər etibarlı müqavilədən irəli gəlməsi halında, istərsə də müqavilənin etibarsızlığının nəticəsinin aradan qaldırılması ilə bağlı əsassız varlanmadan doğması halında da keçərlidir. MTK-nın rəhbəri tərəfindən cavabdehə qarşı hər hansı cinayət əməli törədilməmişdir, ona görə də cavabdehin nümayəndəsi və vəkilinin xüsusi qərardadın qəbul edilməsi ilə bağlı vəsatəti ilə razı deyil. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə həmçinin iddia müddətinin tədbiqinə dair ərizə təqdim etdi və göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Satıcı” Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə “Alıcı” İddiaçı arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, alıcı satıcıya 115.000 manat məbləğində nəğd pul ödəyir və bunun müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatemyi yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binaların (1 binasından, 1 blok altında yerləşən qeyri-yaşayış sahəsindən 220 m2) mağaza sahəsi alır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ödəniləcək məbləğ 115.000 manat tam ödənildi. Müqavilənin 5-ci maddəsinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq tərəflər bir-biri qarşısında məsuliyyət daşıyır və dəymiş ziyanın əvəzini ödəyir. Müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir; 29 dekabr 2009-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı mənzil alınması üçün 115.000 manat məbləğində vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına mədaxil etmişdir; Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2019cu il tarixli, 407Ş-19 nömrəli məktubun surətindən görünür ki, onun X2 qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, 2015-ci il ərzində müxtəlif vaxtlarda tanışı X3 şəxsi və sahibkarlıq fəaliyyəti ilə əlaqədar hissə-hissə olmaqla, ümumilikdə 65.000 ABŞ dollar borc pul versə də, sonuncu bu günədək həmin borc pulu geri qaytarmamış və bununla bağlı müraciət müəllifinə bildirilmişdir ki, müraciətdə göstərilən xüsusatlar mülki mübahisə olduğundan onun müvafiq məhkəmədə iddia qaldırmaq hüququ vardır; 02 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir; Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Mənzil-Tikinti Kopperativinə çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyi Cavabdeh Mənzil-Tikinti Kopperativinə keçmişdir; 11 iyul 1998-ci il tarixli, 012082 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 115.000 manat məbləğində vəsait ödəmiş, cavabdeh isə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmayi yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binaların qeyri-yaşayış sahəsindən 220 m2 mağaza sahəsi verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehdən ödənilmiş 115.000 manat məbləğində vəsaiti və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla əlavə olaraq 63.525 manat məbləğində vəsaitin ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərk tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olduğunu bildirir, habelə iddia müddətini tədbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh, tərəflər arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli müqavilənin əhəmiyyətsiz əqd oğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, cavabdeh, tərəflər arasında bağlanmış müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini təqdim etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda, iddiaçının cavabdehdən dəymiş zərərin əvəzinin ödənilməsi, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etmək hüququ vardır. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti 1 il müəyyən edilmiş, beləliklə də iddia müddətinin axımı icra müddəti bitdikdən sonra, yəni 29 dekabr 2010-cu il tarixdən sonra başlamışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə 29 mart 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mülki qanunvecilikdə müəyyən edilmiş altı illik iddia müddəti ötürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh Mənzil-Tikinti Kooperativinin rəhbəri X4 hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmamış, bununla da iddiaçının nümayəndəsinin və vəkilinin xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" Mənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdeh "Cavabdeh" Mənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar