Məhkəmə qərarları › İş №2(001)-3383/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3383/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3383/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4400,09 manat əsas borc, 57,94 manat faiz borcu və 258,39 manat cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 339,7 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5056,12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 08.08.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4446,93 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 15.03.2021-dək Cavabdeh banka 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4400,09 manat əsas borc, 57,94 manat faiz borcu, 258,39 manat cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 339,7 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5056,12 manat borcu vardır. xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, hal-hazırda ödəniş etmək üçün maddi imkanı yoxdur. Heç bir yerdə işləmir. İşlə təmin edilməsi üçün məşğulluq idarəsinə müraciət etmişdir. Kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşmüşdür. Bu səbəbdən cərimənin azaldılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 03 fevral 2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Kredit verən bank “xxxx” ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 08 avqust 2019-cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsinə, ödəniş planına və preoblemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzətli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bank kredit alana 60 ay müddətinə, 1 il güzəşt müddəti və illik 1 % olmaqla 4446,93 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 08 sentyabr 2019-cu il, sonuncu ödəniş tarixi 08 avqust 2024-cü il olaraq müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 08 avqust 2019-cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsi üzrə 15 mart 2021-ci il tarixinə 4400,09 manat əsas borc, 57,94 manat faiz borcu və 258,39 manat məbləğində cərimə borcu, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 339,7 manaf olmaqla, ümumilikdə 4716,42 manat borc hesablanmışdır. “xxxx” ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 08 avqust 2019-cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq bildirişi göndərilmiş, lakin “xxxx” MMC tərəfindən tərtib edilən 12.03.2021-ci il tarixli aktdan görünür ki, 04.03.2021-ci il tarixində verilmiş qaimə nömrəsi 008056 olan məktub Cavabdeh ünvan 1 ünvanda həmin şəxsi tanımadıqlarından məktub “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 17 mart 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2019-cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh ilkin ödəniş tarixi 08 sentyabr 2019-cu il, sonuncu ödəniş tarixi isə 08 avqust 2024-cü il olmaqla 60 ay müddətinə, illik 1 % olmaqla 4446,93 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 08 avqust 2019cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5056,12 manat borc hesablanmışdır. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir. Kredi müqaviləsi üzrə borc məbləği restrukturizasiya olunmuş və cavabdeh ilə güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan, mötəbər sübut kimi qəbul edilən bankın təqdim etdiyi maliyyə arayışı ilə borcalanın əsas borc üzrə 4400,09 manat, faiz borcu üzrə isə 57,94 manat borcunun olduğu sübut edilir. Eyni zamanda borcalan həmin məbləği mübahisələndirmir və tələb olunan məbləğin əsassızlığı ilə bağlı hər hansı dəlil irəli sürmür. Məhkəmənin gəldiyi qənaətə görə, 08 avqust 2019-cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh əsas borc üzrə 4400,09 manat, faiz borcu üzrə isə 57,94 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 258,39 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanan faiz borcuna münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan kredit müqaviləsi restrukturizasiya olunmuş kredit müqaviləsidir. Yəni cavabdehin əvvəlki kredit borcu üzrə yaranmış məbləğ 08.08.2019-cu il tarixli müqaviləyə əsasən illik 1 faizlə 60 ay müddətinə yeni qrafiklə rəsmiləşdirilmişdir. Müqavilə müddəti bitməmişdir, lakin iddianın verilməsinə əsas olan hal cavabdehin müqavilə üzrə öhdəliyinin lazimi qaydada icra edilməməsi olmuşdur. Lakin iddiaçı hazırki iddia tələbində cavabdehdən kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 339.7 manat məbləğində əldən çıxmış fayda tələb edir, halbuki Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun pul məbləğinin tamamilə icra edilməsi öhdəliyi pozulduqda yaranan məsuliyyətidir. Yəni müqavilə müddətinin sonuna qədər borclu pul məbləğini əsassız olaraq saxlamış hesab edilmir. Öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi), bir sözlə öhdəliyin icra edilməməsi hallarında borcalanın məsuliyyəti müqavilə şərtləri ilətənzimlənir. Odur ki, iddiaçının həmin hissədə tələbi müqavilə müddəti bitdikdən və ya müqavilə ləğv edildikdən sonra öhdəliyin pozulması halında əsaslı hesab edilə bilər. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanan 08 avqust 2019-cu il tarixli 1-Y-1-0-892-15 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 4400,09 manat, faiz borcu üzrə 57,94 manat, cərimə borcu üzrə 50 manat olmaqla, ümumilikdə 4508,03 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 27 manat məbləğində hissəsi cavabeh Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanan 08 avqust 2019-cu il tarixli 1-Y-1-0- 892-15 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 4400,09 (dörd min dörd yüz manat, doqquz qəpik) manat, faiz borcu üzrə 57,94 (əlli yeddi manat, doxsan dörd qəpik) manat, cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, ümumilikdə 4508,03(dörd min beş yüz səkkiz manat, üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manat məbləğində hissəsi cavabeh Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar