Məhkəmə qərarları › İş №2(001)-3385/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3385/2022

26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3385/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyana görə 7500 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyana görə 7500 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, övladlarının saxlanması üçün o, aliment ödəsə də, ödənişləri rəsmi qaydada aparmadığından Cavabdeh1 ondan aliment borcunu tələb etməyə başlamışdır. O, borcunu ödəyə bilmədiyi üçün anasının ona bağışladığı mənzili satmaq qərarına gəlmişdir. Lakin cavabdehlər mənzildə qeydiyyatda olduğundan o, məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-629/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda 12000 manat olmaqla, ümumilikdə 36000 manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kompensasiya verilməsi və onların mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1 məxsus cehiz əşyalarının mübahisəli mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-629/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-878/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, o, 36000 manatı Binəqədi Rayon İcra şöbəsinin depozit hesabına ödədikdən sonra xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 2(001)-623/20 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi tam icra olunmuş, borclular tərəfindən mənzil boşaldılmış və ona təhvil verilmişdir. Lakin evdə olan onun tərəfindən alınmış 2015-ci ildə alınaraq quraşdırılmış 6500 manat dəyərində kombi sistemi 12 ədəd qızdırıcı-batareya, hələ nikahdan əvvəl mənzildə olan 1000 manat dəyərində qaz peçi, moyka cavabdehlər tərəfindən dibindən kəsilib çıxarılmışdır. Bu hal Binəqədi Rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş və həmin şöbənin rəisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli aktda öz əksini tapmışdır. Məhkəməyə təqdim etdiyi zəmanət talonundan Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilinə kombinin 2015-ci ildə onun tərəfindən quraşdırılması, qonşuların aktına əsasən tərtib olunan 78 saylı MKİS-in xx.xx.2020-ci il tarixli arayışına əsasən onun 2016-cı ilin noyabr ayınadək mənzildə yaşaması təsdiq olunur. Alfa Therminin çıxarışından isə tələb etdiyi əşyaların hazırkı dövrə olan qiymətləri müəyyən olunur. Nikahı pozulduqdan sonra 2010-cu ildə Rəsulzadə qəsəbəsi Axundov küçəsi 33 ünvanında aldığı mənzilinə o, 2018-2019-cu illərdə kombi quraşdırmışdır. Həmin mənzildə hərdən 2-3 ay yaşamış, daha sonra mənzili kirayə vermişdir. 2015-cı ilədə o, Cavabdeh1 ilə birgə təsərrüat apardığından, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşadığından həmin mənzildə kombi quraşdırmışdır. Ona görə də, dəymiş 7500 manat məbləğində maddi ziyanın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 1989-cu ildə İddiaçı ilə ailə quraraq Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilinə köçmüşdür. Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzili 90-cı illərdə Cavabdeh1 və İddiaçı birgə vəsaiti hesabına təmir olunmuşdur. xx.xx.2009-cu il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında olan nikah ləğv edildikdən sonra İddiaçı Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşamamışdır. Qonşuların məlumatına əsasən, iddiaçı hələ 2005-ci ildən həmin mənzildə yaşamır. Buna baxmayaraq o, tərtib etdiyi aktın mətnində iddiaçının 2009-cu ildən mənzildə yaşmadığını qeyd etmişdir. İddiaçının nikahı pozulduqdan sonra o, başqa qadınla faktiki nikah münasibətlərinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-629/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A ünvanında yerləşən 18 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş, onlar əşyaları ilə birlikdə mənzildən çırarılmış, mənzil İddiaçı təhvil vermişdir. İddiaçı uzun müddət mənzildə yaşamadığından, mülkiyyətində olan digər mənzildə yaşadığından iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A ünvanında yerləşən 18 saylı mənzildə heç bir əşya olmamışdır. Ailə nikah münasibətləri pozulan, övladlarına aliment borcunu ödəməyən iddiaçının yaşamadığı mənzildə kombi quraşdırması da mümkün deyildir. Kombi Cavabdeh1 vəsaiti hesabına, onun tərəfindən quraşdırılmış, qaz peçi, moyka isə Cavabdeh1 məxsusdur. İddiaçı əvvəlki dövrlərə aid olan aliment borcunu ödəməmək və cavabdehlərə təzyiq etmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də işə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 1989-cu ildə İddiaçı ilə nikaha daxil olaraq Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A ünvanında yerləşən 18 saylı mənzilə gəlin köçmüş və bütün cehiz əşyalarını, eyni zamanda iddia ərizəsində qeyd olunan qaz peçini və moykanı mənzilə gətirmişdir. İlk dəfə onlar iddiaçının təklifi ilə qonşuluqda boşalmış mənzili əldə etmək məqsədi üçün boşanmışlar. Sonra iddiaçı Dubayda işləməyə getmək üçün onlar 1996-1997-ci illərdə təkrar nikaha daxil olmuş, kiçik oğlu 1998-ci ildə Dubayda anadan olmuşdur. 1999-cu ildə o, üç uşağı ilə birlikdə Dubaydan Bakı şəhərinə qayıtmış və Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşamağa davam etmişdir. Həmin vaxt iddiaçının anasıda onlarla yaşamışdır. İddiaçı isə Dubayda işləməkdə davam etmişdir. Bundan sonra onun iddiaçı ilə ailə nikah münasibətləri pozulmuş, iddiaçının mülkiyyətində başqa mənzil olduğundan İddiaçı həmin mənzildə yaşamış, 2009-cu ildə onun İddiaçıla nikahı pozulmuş, iddiaçı uşaqlarına, ailəsinə baxmadığından o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzildə olan kombi onun tərəfindən alınaraq quraşdırılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi zəmanət talonunda qeyd olunan kombi Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində quraşdırılmamışdır. Hələ 2009-cu ildən əvvəl o, iddiaçı ilə birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. Ona aliment ödəyən, aliment borcu olan şəxsin, onun yaşadığı mənzildə kombi quraşdırması inandırıcı deyildir. İddiaçı ona və övladlarına qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsinə, əşyaları ilə birlikdə mənzildən çıxarılmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra o, məhkəmə qərarı icra olunarkən bütün əşyalarını o, cümlədən aldığı kombini, cehiz gətirdiyi qaz peçini və moykanı da götürmüşdür. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A ünvanında yerləşən 18 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 800 nömrəli reyestr kitabının 74616 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli AZ-1 № 089377 saylı nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2009-cu il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 61 №-si ilə qeyd edilmişdir. Novahot zəmanət talonunun surətindən müəyyən olunur ki, ünvanı ünvan 1n İddiaçı xx.xx.2015-ci il tarixdə quraşdırılan Novahot markalı kombiyə görə zəmanət verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-629/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia tələbi təmin edilərək İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda 12000 manat olmaqla ümumilikdə 36000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A ünvanında yerləşən 18 saylı mənzilindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1 məxsus cehiz əşyalarının Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A ünvanında yerləşən 18 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-878/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-629/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6385/2021 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-878/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44a saylı evin 18 saylı mənzilə gedəkən, borclu Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzilin qapısı açıldıqdan sonra mənzilə daxil olmuşlar. Borclular tərəfindən mənzil tamamilə boşaldılmış, mənzildən əşyalar götürülmüşdür. Mənzil boş vəziyyətdə tələbkar İddiaçı təhvil verilmişdir. Tələbkar İddiaçı evdə olan qaz peçinin, moykanın, kombi aparatının, yəni istilik sisteminin turbalarının kəsilib çıxarıldığını bildirmişdir. Mənzilə baxış zamanı həmin əşyaların çıxarıldığı və yerində olmadığı müəyyən olunmuşdur. Mənzildə heç bir əmlak qalmamışdır. İcra sənədinin mənzildən çıxarılma hissəsi təmin edilmişdir. Alfa Therminin təsdiq edilməmiş çıxarışından görünür ki, 1 ədəd 40 kombi Nobellanın qiyməti 1850 manat, 1 ədəd 80 moykanın 400 manat, 1 ədəd 4 gözlü qaz peçinin qiyməti 300 manat təşkil edir. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfüt Birliyinin 78 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 254 saylı arayışından müəyyən olunur ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzildə qeydiyyatdadırlar. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfüt Birliyinin 78 saylı MKİS-in xx.xx.2020-ci il tarixli 139 saylı arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində 1993-cü ildən qeydiyyatdadır, qonşuların tərtib etdikləri akta əsasən 2016-cı ilin noyabr ayından həmin mənzildə yaşamır. R.Ə.Rzayevin, R.M.Məmmədovun və R.R.Məmmədovun tərtib etdikləri xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində 1993-cü ildən 2016-cı ilin noyabr ayınadək yaşamışdır. Z.M.Eyvazovanın, Ş.Ə.Eyvazovanın, A.B.Qəmbərovanın və S.Y.Qəmbərovanın tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı 2009-cu ildən Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzildə yaşamır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 50 saylı mənzilində yaşayır. Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşayan qonşusu Cavabdeh1 uşaqları ilə birlikdə böyümüş, qızı Nərgiz ilə yaxın rəfiqə olmuş, rəfiqəsinin yaşadığı mənzilə tez-tez gedib gəlmişdir. Ona görə də bilir ki, 2005-ci ildən İddiaçı Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşamır. O, İddiaçı əvvəl Dubayda yaşamasını, daha sonra Pərvanə ilə nikahının pozulmasını eşitmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, 1989-cu ildən Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 8 saylı mənzilində yaşayır. Qonşu kimi bilir ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində bütün işlər Cavabdeh1 tərəfindən görülmüşdür. Belə ki, İddiaçı 2005-ci ildən Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşamır. Qonşusu Cavabdeh1 mənzilinə gedərkən o, Cavabdeh1 əri ilə münasibətlərinin pozulmasını, bu səbəbdən birlikdə yaşamadıqlarını, Cavabdeh1 3 uşağı tək saxlamasını, ailənin bütün təminatının Cavabdeh1 tərəfindən qarşılanmasını eşitmiş və görmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində olmuş kombinin, qaz peçinin və moykanın ona məxsus olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçının iddia tələbində istinad etdiyi halları təsdiq edəcək sübut kimi məhkəməyə təqdim etdiyi zəmanət talonuna və 2020-ci ildə qonşuların aktına əsasən tərtib olunan arayışa münasibət bildirib qeyd edir ki, təqdim olunan bu sənədlər iddia tələbinin təmin edilməsi üçün mötəbər, təkzib olunmaz sübut növü kimi qiymətləndirilə bilməz. Çünki məhkəməyə təqdim olunan zəmanət talonunun surəti cavabdehlərin yaşadıqları mənzildə iddiaçının öz vəsaiti ilə 2015-ci ildə kombi quraşdırması qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, iddiaçı qonşularının tərtib etdiyi akta istinad edib 2016cı ilədək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 44A saylı evin 18 saylı mənzilində yaşadığını bildirsə də, cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən həmin evdə yaşayan digər qonşular iddiaçının 2005-ci ildən həmin mənzildə yaşamadığını göstərmişlər. Daha sonra məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə ailə nikah münasibətləri pozulduqdan sonra sonuncu aliment tələbi ilə məhkəməyə müraciət etmiş, övladları yetkinlik yaşına çatsa da, iddiaçı məhkəmə aktına əsasən təyin olunan aliment borcunu Cavabdeh1 ödəməmiş, buna görə mülkiyyətində olan mənzili satmaq qərarına gəlmişdir. Daha sonra iddiaçı iddia ərizəsində qeyd etdiyi qaz peçinin və moykanın da ona məxsus olması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, yəni tələb etdiyi əşyaların ona məxsus olmasını sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyana görə 7500 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar