Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3386/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxxxkatibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.000,91 manat əsas, 3.610,41 manat faiz, 4.952,18 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdə xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 569,96 manat borc olmaqla, ümumilikdə 13.132,46 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 28% olmaqla 12 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxxx 2014-cü il tarixli, ZM-70012144 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən müqavilənin predmeti 4.958,89 manat təyin olunur. Bu muqaviləyə əsasən kreditin ödənilmə müddəti 12 ay müddətinə uzadılaraq xx xxxxx 2017-ci il təyin edilir. Bundan əlavə həmin əlavə sazişə əsasən borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. 70012144 saylı kredit müqaviləsinin bitmə tarixi xx xxxxx 2017-ci ildir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 4.000,91 manat əsas, 3.610,41 manat faiz, 4.952,18 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 569,96 manat borc olmaqla, ümumilikdə 13.132,46 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, banka borcu olduğunu etiraf edir və həmin borc məbləği təxminən 3.000 manatdır. O, ödənişləri vaxtında etmiş, sonradan səhhətində problemlər yaranmış, ödənişləri bir qədər gecikdirmişdir. Hazırda işləmədiyinə görə borcu ödəyə bilmir, cəmi 130 manat məbləğində sosial təminat alır və həmin məbləğ ailəsinin saxlanmasına sərf olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, №70012144 saylı kredit müqaviləsindən görünür ki, bank (kreditor) Cavabdeh1 (borc alan) illik 29.44 faiz hesablanmaqla 18 ay müddətinə 10.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsi ilə, aylıq isə 4,67 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqavilənin 2.7-ci bəndinə əsasən borcalan kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu müqavilənin 1 faiz məbləğində komissiya haqqı ödəyir; xx xxxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 10.000 manat məbləğində vəsait götürmüşdür; İddiaçı ASC ilə zaminlər Cavabdeh5, Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, №70012144/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 və Cavabdeh2 xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Zamin müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıyı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminliyə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 1 saylı əlavə sazişdən və hesab qrafikindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsinin 2.1ci bəndində göstərilən 10.000 AZN, həmin müqavilənin 2.1-ci bəndinə əsasən 4.958,89 AZN, müqavilənin 2.3-cü bəndində göstərilən 18 ay müddəti, həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin ödənilmə müddəti əlavə 12 ay müddətinə uzadılaraq xx xxxxx 2017-ci il tarixədək təyin olunmuşdur; İddiaçı ASC ilə borc alan Cavabdeh1 və zamin Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 1 saylı əlavə sazişdən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı müqavilənin predmeti 4.958,89 AZN, kreditin ödənilmə müddəti əlavə 12 ay müddətinə uzadılaraq xx xxxxx 2017-ci il təyin edilmişdir; İddiaçı ASC ilə borc alan Cavabdeh1 və zamin Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 1 saylı əlavə sazişdən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı müqavilənin predmeti 4.958,89 AZN, kreditin ödənilmə müddəti əlavə 12 ay müddətinə uzadılaraq xx xxxxx 2017-ci il təyin edilmişdir; Ləğv prosesində olan İddiaçı ASC tərəfindən borc alan Cavabdeh1 göndərilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, borcalana kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, tələb olunan borc məbləğini 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank öz hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları barədə məlumat verilmişdir; Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh-zamin Cavabdeh5 göndərilmiş xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, ondan kredit müqaviləsi üzrə öhdəliklərin məhkəməyə müraciətdən əvvəl bank qarşısında 13.132,46 manat məbləğində gecikmiş borcun 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir; İddiaçı ASC-nin borc alan və zaminlərə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, borc alan və zaminlərə cədvəl üzrə ümumi məbləğin 3 gün ərzində ödənilməsi təklif olunmuş və qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilməzsə, borcalan və zaminlər ilə Bank arasında bağlanmış kredit (zaminlik) müqaviləsinə xitam verilməsi məqsədi ilə və ümumi borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir; xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixinə əsas məbləğ üzrə 4.000,91 manat, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faiz üzrə 3.610,41 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 4.952,18 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 569,96 manat faiz, ümumilikdə isə 13.132,46 manat məbləğində borcu vardır. Müqavilənin müddəti xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxx 2017-ci il tarixədək müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4287 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsi və əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 1 saylı əlavə sazişə əsasən Cavabdeh1 xx xxxxx 2017-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə 4.300,91 manat, faiz borcu üzrə isə 1.481,69 manat, ümumilikdə 5.782,6 manat məbləğində müəyyən edilir. xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 558,85 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək İddiaçı ASC-yə 450 manat məbləğində vəsait ödənilmişdir, o cümlədən əsas borc üzrə 300 manat, faiz borcu üzrə 150 manat. Beləliklə, xx xxxxxx 2020-ci il tarixinə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə 4.000,91 manat, faiz borcu üzrə isə 1.890,54 manat, ümumilikdə 5.891,45 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir; xx xxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, №70012144 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh1 illik 29.44 faiz hesablanmaqla 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə digər cavabdehlər- zaminlər arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərlərinə götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 1 saylı əlavə sazişə və hesab qrafikinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən 10.000 AZN, həmin müqavilənin 2.1-ci bəndinə əsasən 4.958,89 AZN, müqavilənin 2.3-cü bəndində göstərilən 18 ay müddət, həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin ödənilmə müddəti əlavə 12 ay müddətinə uzadılaraq xx xxxxx 2017-ci il tarixədək təyin olunmuşdur. İddiaçı ASC ilə borc alan Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı zaminlik müqaviləsinə dəyişikliklərin edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli, 1 saylı əlavə sazişlərə əsasən xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı müqavilənin predmeti 4.958,89 AZN, kreditin ödənilmə müddəti əlavə 12 ay müddətinə uzadılaraq xx xxxxx 2017-ci il təyin edilmişdir. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və ona bank tərəfindən 4.000,91 manat məbləğində əsas borc, 3.610,41 manat məbləğində faiz borcu, 4.952,18 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 569,96 manat məbləğində borc, ümumilikdə 13.132,46 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4287 saylı rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2017-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə 4.300,91 manat, faiz borcu üzrə isə 1.481,69 manat, ümumilikdə 5.782,6 manat məbləğində müəyyən edilir. xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 558,85 manat təşkil edir. Cavabdeh1 tərəfindən xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək İddiaçı ASC-yə 450 manat məbləğində vəsait ödənilmişdir, o cümlədən əsas borc üzrə 300 manat, faiz borcu üzrə 150 manat. Beləliklə, xx xxxxxx 2020-ci il tarixinə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə 4.000,91 manat, faiz borcu üzrə isə 1.890,54 manat, ümumilikdə 5.891,45 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi və əlavə saziş üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə və əlavə saziş üzrə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin və əlavə sazişin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə və əlavə saziş üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, ekspertinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, 4.000,91 manat məbləğində əsas borc, 1.331,69 manat məbləğində faiz borcu (xx xxxxx 2014-cü il tarixə yaranmış 1481,69 manat məbləğində faiz borcundan sonradan ödənilmiş 150 manat nəzərə alınmaqla), gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 558,85 manat faiz borcu, ümumilikdə 5.891,45 manat məbləğində borc Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2014-cü il tarixli, 70012144 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 4.952,18 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbininin digər cavabdehlər – zaminlərə aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, kredit müqaviləsi üzrə kreditin ödənilmə müddəti xx xxxxx 2017-ci il tarixədək uzadılmış, lakin həmin tarixdən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyinə görə zaminlərə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2014-cü il tarixli, 70012144 nömrəli Kredit müqaviləsi və xx xxxxxxx 2015-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə Cavabdeh1 4.000,91 manat məbləğində əsas borc, 1.331,69 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 558,85 manat məbləğində borc olmaqla, ümumilikdə 6.091,45 məbləğində borc ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 14 manatı cavabdehdən onun xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində vəsaitin 80 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 70 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxxx 2014-cü il tarixli, 70012144 nömrəli Kredit müqaviləsi və xx xxxxxxx 2015ci il tarixli, 1 nömrəli Əlavə saziş üzrə Cavabdeh1 4.000,91 (dörd min manat, doxsan bir qəpik) manat məbləğində əsas borc, 1.331,69 (bir min üç yüz otuz bir manat, altmış doqquz qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 558,85 (beş yüz əlli səkkiz manat, səksən beş qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 6.091,45 (altı min doxsan bir manat, qırx beş qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manatı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində vəsaitin 80 (səksən) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 70 (yetmiş) manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3386/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3386/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver