Məhkəmə qərarları › İş №2(001)-3387/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3387/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3387/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, ləğv prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi barədə iddia tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 1728 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8080 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi AC seriyalı, 050966 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən Cavabdeh1 məxsus «Volkswagen Passat CC” minik markalı, AZ**-HH-*** qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin, kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında xx xxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 kredit borcunu müqavilədə göstərilən qaydada ödəməyi öz öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, xx xxxxxx 2020-ci il tarixə 6393,71 manat əsas, müqavilə müddətinin sonuna hesablanmış 713,71 manat faiz, 922,93 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 8030,35 manat məbləğində borcu yaranmışdır. LPO İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə yaranmış, yuxarıda göstərilən məbləğdə borcun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, həmin pul kifayət etmədikdə isə, qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia ona münasibətdə də təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, borc hal-hazıradək ödənilmədiyindən, müqavilənin müddətinin bitdiyi xx xxxxx 2017-ci il tarixdən maliyyə arayışında göstərilən xx xxxxxx 2020-ci il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış gecikdirilmiş faiz borcu olaraq 922,93 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, xx xxxxx 2014-cü il tarixli, 1728 saylı kredit müqaviləsi üzrə 6393,71 manat əsas, 713,71 manat faiz, 922,93 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 8030,35 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus «Volkswagen Passat CC” minik markalı, qara rəngli, 2010-cu il buraxılışlı, AZ**-HH-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Avtomobilin satışından əldə ediləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalığı Cavabdeh1 ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə LPO İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxx 2014-cü il tarixli, 1728 saylı kredit müqaviləsi üzrə 6393,71 manat əsas, 713,71 manat faiz, 922,93 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 8030,35 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus «Volkswagen Passat CC” minik markalı, qara rəngli, 2010-cu il buraxılışlı, AZ**-HH-*** qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait kredit borcuna yönəldilin. Avtomobilin satışından əldə ediləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalığı Cavabdeh1 ümumi qaydada tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar