Məhkəmə qərarları › İş №2(001)-3411/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3411/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3411/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4.269,49 manat, faiz borcuna görə 249,21 manat, dəbbə borcuna görə 406,18 manat, cəmi 4.924,88 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı müqaviləsinə əsasən illik 18% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5.000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit maviləsinin 2.2; 2.3. 2.4 bəndləri). Həmin müqavilənin şərtlərinə görə borc alan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qayadada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dən gec olmayaraq hər ay 249,63 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4.269,49 manat, faiz borcuna görə 249,21 manat, dəbbə borcuna görə 406,18 manat, borcun cəmi məbləği 4.924,88 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakının olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh 24 ay müddətinə, illik 18% ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit məbləğinin ödəniş tarixinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən başlamaqla, xx xxxx 2022-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur. Müqavilənin 2.14.1 və 2.14.2-ci bəndlərinə əsasən müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% məbləğində cərimə tədbiq edilir; xx xxxx 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 5.000 manat məbləğində pulu şəxsən imza etməklə qəbul etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Cavabdeh ünvanlanan xx xxxx 2021-ci il tarixli bildirişdən görünür ki, borcludan 3 iş günü müddətində öhdəliyin icra edilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx xxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsinə əsasən xx xxxx 2021-ci il tarixinə Cavabdeh əsas borcu 4.269,49 manat, faiz borcu 249,21 manat, cərimə 406,18 manat olmaqla, ümumilikdə borcu 4.924,88 manat təşkil edir. xx xxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 406,18 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4.269,49 manat məbləğində əsas borc, 249,21 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.618,7 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmaldır, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxx 2020-ci il tarixli, NSNPU-4423 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4.269,49 (dörd min iki yüz altmış doqquz manat, qırx doqquz qəpik) manat məbləğində əsas borc, 249,21 (iki yüz qırx doqquz manat, iyirmi bir qəpik) manat məbləğində faiz borcu və 100 (bir yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.618,7 (dörd min altı yüz on səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar