Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3414/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehylərin “xxxx” BOKT MMC-yə olan cəmi 1157,47 manat əsas, 162,73 manat faiz borcu, cəmi 1320,2 manat kredit borcunun və məhkəmə baxışı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə “xxxx” MMC BOKT arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 093 MİK 1915 №-li kredit müqaviləsinə əsasən 24 ay müddətinə 29,7 %-lə 2100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində “xxxx” BOKT MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə pretenziya məktubları da, cavabsız qalmışdır. Cavabdehin 22 fevral 2019-cu il tarixli 093 MİK 1915 №-li kredit müqaviləsinə əsasən, “xxxx” BOKT MMC-yə 05.03.2021-ci il tarixə olan borcu 1157,47 manat əsas, 162,73 manat faiz borcu, cəmi 1320,2 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Masallı rayon sakini Cavabdeh1, Cavabdeh4 və Əzimov Ze6ydulla Abusət oğlu ilə “xxxx” MMC bokT arasında bağlanmış 22.02.2019-cu il tarixli 093 MİK 1915 №-li zaminlik müqaviləsinə əsasən, zamin olmuş şəxslər kredit müqaviləsində göstərilən məbləği kredit verənin ilk tələbi əsasında heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdələrinə götürür və buna görə özlərinin bütün əmlakı (pul vəsaiti) ilə məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh aylıq 117 manat ödəniş etməli idi. Artıq 2 il müddət keçmişdir . Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, hal-hazırda imkanı yoxdur. Borcun çox hissəsini ödəmişdir. İddiaçı tərəf ilə razılaşmaq istəmiş və ayda 50 manat ödəmək imkanının olduğunu bildirmişdir.Borcunun olmasını qəbul edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” BOKT MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 093MİK1915 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana biznesin inkişafı üçün, 24 ay müddətinə, aylıq ödəniş 117,09 manat, illik 29,7 % dərəcəsi olmaqla 2100 manat kredit verməyi, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 21.03.2019-cu il, sonuncu ödəniş tarixi 22.02.2021-ci il olaraq müəyyən edilmişdir. 22 fevral 2019-cu il tarixli 093MİK1915 saylı kredit müqaviləsinə 01 saylı 12 may 2020-ci il tarixli əlavədən görünür ki, kredit verən “xxxx” BOKT MMC kredit alan Cavabdeh2 ilə razılaşaraq aşağıdakı dəyişiklikləri təsdiq edirlər: Kreditverən kredit müqaviləsinin 1.1-ci və 2.1-ci bəndində nəzərdə tutulan şərtlərlə və həmin bəndlərdə nəzərdə tutulan məqsədlər üçün “borcalana” illik 29,7 % olmaqla, 24 ay müddətinə verilmiş 2100 manat kreditin qalıq məbləğinə , 2 ay güzəşt müddəti verilərək, həmin aylara hesablanmış faizləri ödəmək şərtilə vəsaitin qalıq məbləğinin istifadə müddəti 12 iyun 2021-ci il tarixinədək artırılır və müqavilənin digər şərtlərində dəyişiklik edilmir. 22 fevral 2019-cu il tarixli, 093MİK1915 saylı kredit müqaviləsinin 12 may 2020-ci il tarixli 01№-li əlavə ilə ziddiyyət təşkil etməyən digər şərtləri dəyişməyərək qalır. 22 fevral 2019-cu il tarixli 093MİK1915 saylı kredit müqaviləsinin başa çatma tarixi gözəşt müddəti nəzərə alınmaqla 12 iyun 2021-ci il hesab olunur. Əlavə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tərəfindən imzalanmışdır. 12 may 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 Abuşət oğluna güzəşt müddəti 2 ay olmaqla, 13 ay müddətinə aylıq ödəniş məbləği ilk iki ay 29,36 manat, daha sonra 124,53 manat olmaqla 1186,46 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəli Cavabdeh1,Cavabdeh4 və Cavabdeh3 tərəfindən 12 may 2020-ci il tarixində imzalanmışdır. “xxxx” MMC ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında imzalanmış 22 fevral 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin oluna öhdəliyin əsası 22 fevral 2019-cu il tarixli, 093MİK1915 saylı kredit müqaviləsi olmuşdur. Zaminlər bu müqavilə üzrə borcalan kredit verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə kredit verən qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürürlər.Zaminlik müqaviləsinin 5.1-ci bəndindən görünür ki,bu müqavilənin qüvvədə olma müddəti borcalanın 22.02.2019-cu il tarixli, 093MİK1915 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredi verən qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. 22 fevral 2019-cu il tarixli, 093MİK1915-2Z saylı zaminlik müqaviləsinə 01 saylı, 12.05.2020-ci il tarixli əlavədən görünür ki, zaminlər kredit müqaviləsinə edilmiş dəyişiklikləri qəbul edirlər. “xxxx” BOKT MMC tərəfindən borclu Cavabdeh2 və zaminlərə xəbərdarlıq məktubu ünvanlanmış və banka olan borcunu icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. “xxxx” BOKT MMC-nin 05.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 1157,47 manat əsas və 162,73 manat faiz borcu olmaqla, ümumilikdə 1320 manat məbləğində borcu vardır. 11.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanan 22 fevral 2019-cu il tarixli, 093MİK1915 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank borcalana 2100 manat məbləğində kredit vermişdir. Ödəniş qrafikinə əsasən cavabdeh 22 fevral 2021-ci il tarixdən etibarən hər ay 117,09 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra kreditverən və kredit alan arasında imzalanan və kredit müqaviləsinə 01 saylı 12 may 2020-ci il tarixli əlavədən görünür ki, kredit verən “xxxx” ASC kredit alan Cavabdeh2 ilə kredit müqaviləsinin 1.1-ci və 2.1-ci bəndində nəzərdə tutulan şərtlərlə və həmin bəndlərdə nəzərdə tutulan məqsədlər üçün “borcalana” illik 29,7 % olmaqla, 24 ay müddətinə verilmiş 2100 manat kreditin qalıq məbləğinə , 2 ay güzəşt müddəti verilərək, həmin aylara hesablanmış faizləri ödəmək şərtilə vəsaitin qalıq məbləğinin istifadə müddəti 12 iyun 2021-ci il tarixinədək artırılması barədə razılığa gəlirlər. Razılaşma və razılaşmaya uyğun zaminlik müqaviləsinə edilən əlavə zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, borcalan Cavabdeh2 ilə iddiaçı “xxxx” MMC BOKT arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kreditor müqavilə üzrə öhdəliyini icra etmiş müqavilədə qeyd edilən kredit məbləğini borcalana təqdim etmişdir, borcalan isə kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmamışdır. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək, borcalanın qalıq kredit borcunun məbləğini mübahisələndirməməsini nəzərə alaraq o qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və 22 fevral 2019-cu il tarixli, 093MİK 1915 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1157,47 manat, faiz borcu üzrə 162,73 manat, ümumilikdə 1320,2 məbləğində pul vəsaiti iddiaçı “xxxx” BOKT MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22 fevral 2019-cu il tarixli, 093MİK1915 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 1154,47 (bir min yüz əlli dörd manat, qırx yeddi qəpik) manat əsas borc və 162,73 (yüz altmış iki manat, yetmiş üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1320,2 (bir min üç yüz iyirmi manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” BOKT MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 22 fevral 2019-cu il tarixli, 093 MİK 1915 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1154,47 (bir min yüz əlli dörd manat, qırx yeddi qəpik) manat və faiz borcuna görə 162,73 (yüz altmış iki manat, yetmiş üç qəpik) manat olmaqla, ümumilikdə 1320,2 (bir min üç yüz iyirmi manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz manat) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3414/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3414/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver