Məhkəmə qərarları › İş №2(001)-3415/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3415/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3415/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5198,85 manat əsas borc, 285,85 manat faiz borcu, 68,44 manat cərimə borclu olmaqla, ümumilikdə 5552,85 manat kredit və dövlət rüsumu olaraq ödənilmiş 75,53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə və ona əlavələrə əsasən “Yelo Bank ASC-dən illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin aprel ayının 28-dək Cavabdeh banka 26 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5198,56 manat əsas borcu, 285,85 manat faiz borcu, 136,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5621,29 manat borcu vardır. Cavabdeh 26 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 136,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 68,44 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Ona verilən suala cavab olaraq bildirmişdir ki, müqavilə üzrə faiz borcunun hesablanması iddia ərizəsinin məhkəməyə verildiyi gündən dayanıb.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borcunun olduğunu qəbul edir. Lakin tam olaraq birdəfəlik ödəyə bilmir. Bankla aralarında hər hansı barışıq olmamışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. Məhkəmə bildirişini aldıqdan sonra banka getmiş, bankın səlahiyyətli nümayəndəsinə iddianı geri götürmək üçün kredit borcumdan 450 manat ödəyə biləcəyini bildirsə də, bankın əməkdaşı hazırda 1500 manat ödəyəcəyi təqdirdə iddianı geri götürə biləcəklərini bildirmişdir. Özü "xxxx" QSC-də sürücü vəzifəsində işləyir, aylıq əmək haqqım 750 manat təşkil edir, lakin tutulmalardan sonra əmək haqqı kartına 660 manat köçürülür. Ailəlidir və iki oğlu var. Böyük oğlunun ürəyi xəstədir, balaca oğlu isə hazırda Qubadlıda əsgərlikdədir. Qayınatası onkoloji xəstə olduğundan onun müalicəsi üçün borca düşmüşdür. Maddi imkanın aşağıdır, lakin buna baxmayaraq banka olan borcunu ödəyəcək. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərinə dair müqaviləyə əlavə Razılaşmadan və əlavələrdən görünür ki, İddiaçı ASC borcalana 36 ay müddətinə, illik 17 % ödəmək şərti ilə 6000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Aylıq ödəniş 213,92 manat olmaqla, ilkin ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir.

7. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, o, banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

8. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixinə 5198,56 AZN əsas, 285,85 AZN faiz borcu, 136,88 manat cərimə borcu olmaqla, cəmi 5621,29 AZN borcu vardır.

9. 04.05.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 75,53 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərinə dair müqavilə bağlanmışdır. İddiaçı ASC borcalana 36 ay müddətinə, illik 17 % ödəmək şərti ilə 6000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

11. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmişdir, nəticədə cavabdehin maliyyə arayışında göstərilən məbləğdə- 5198,56 AZN əsas, 285,85 AZN faiz borcu, 136,88 manat cərimə borcu olmaqla, cəmi 5621,29 AZN borcu yaranmışdır. Hazırda isə cavabdehə təkcə hesablanmış cərimə məbləğini güzəşt edərək, 68,44 manat məbləğində tutulmasını xahiş edir.

12. Cavabdeh isə borcunun olduğunu qəbul edir. Borc məbləğini mübahisələndirmir. Lakin maddi vəziyyətinə görə borcunu birdəfəlik ödəmək iqtidarında olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

21. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

22. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

25. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Eyni zamanda iş materiallarında olan sənədlərdən və kredit müqaviləsinin şərtlərindən yaranmış borcun əsaslılığını şübhə altına alacaq hər hansı hal müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

30. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərinə dair müqavilə üzrə Cavabdeh əsas borca görə 5198,56 manat, faiz borcuna görə 285,85 manat, cərimə borcuna görə 68,44 manat olmaqla, ümumilikdə 5552,85 manat məbləğində pul vəsaiti, həmçinin 75,53 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərinə dair müqavilə üzrə Cavabdeh əsas borca görə 5198,56 manat, faiz borcuna görə 285,85 manat, cərimə borcuna görə 68,44 manat olmaqla, ümumilikdə 5552,85 (beş min beş yüz əlli iki manat, səksən beş qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 75,53 (yetmiş beş manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar