Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-342/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 946,55 ABŞ dolları məbləğində kredit borcu, 7312,35 ABŞ dolları məbləğində faiz borcu və 5685,19 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22444,9 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.06.2013-cü il tarixli 02L000010347 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müdətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.03.2015-ci il tarixli 002R**********S saylı, 18.12.2017-ci il tarixli 002R**********C saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.11.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10553,45 ABŞ dolları ödəmiş, onun 9446,55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitlər kreditora qaytarmadığı üçün 02.03.2020-ci il tarixə 466 gün üçün hesablanmış faiz borcu 7312,35 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti 0,5 % məbləğində cərimə ödəməlidir. 02.03.2020-ci il tarixə 466 gün üçün hesablanmış cərimə 5685,19 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsindən sonra 2015 və 2017-ci il tarixli 2 saziş olmuşdur. Faiz məbləğində 2000, əsas borcda 139 ABŞ dolları fərq vardır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, 2015-ci ildə borc götürsə də, 1 aydan sonra devalvasiya olmuşdur. Borcdan 14000 dolları ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına kimi 14000 dollar ödəmişdir. Fərmanın təsir dairəsinə düşüb-düşməməsi ilə əlaqədar olaraq banka müraciət etmişdir. Lakin fərmanın təsir dairəsinə düşmədiyi ona bildirilmişdir. Bu barədə ona məktubda gəlmişdir. Onun 9400 dollar əsas borcu qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, müqavilə imzalanan zaman xəbərdarlıq edilməmişdir. 2013-cü ildə də kredit olmuş lakin bağlanmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC ilə Qurbanov İbrahim İsmayıl oğlu arasında bağlanan 19 iyun 2013-cü il tarixli, №02L000010347 saylı kredit xətti müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində, 120 ay müddətinə kredit xətti açır, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz tərkib hissəsi olan ödəniş planın uyğun banka qaytarmağı öz öhdəsinə götürür. 19.06.2013-cü il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh3 ilə İddiaçı QSC arasında №02S000020836 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 19.06.2013-cü il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında №02S000020837 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 16.01.2015-ci il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh5 Allahverdi oğlu ilə İddiaçı QSC arasında №002S**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyəyt daşıyır. 16.01.2015-ci il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh4 ilə İddiaçı QSC arasında №002S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyəyt daşıyır. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 19 iyun 2013-cü il tarixli № 02L000010347 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən bank məbləği 20000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,25 % olmaqla, 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesabanmış faizlərlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 16.01.2015-ci il tarixli ödəniş planına əsasən 002R********** saylı kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ilkin ödəniş tarixi 16 yanvar 2015-ci il, sonuncu ödəniş tarixi 16 yanvar 2017-ci il olaraq müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. Bank ilə kredit alan Cavabdeh1 arasında bağlanan 12.03.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S sazişə əsasən bank ilə kredit alan arasında 19 iyun 2013-cü il tarixli 02L000010347 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 16 yanvar 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 12 mart 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan, kredit razılaşması ilə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. 12.03.2015-ci il tarixli ödəniş planına əsasən 002R150166424 saylı kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ilkin ödəniş tarixi 12 mart 2015-ci il, sonuncu ödəniş tarixi 18 dekabr 2017-ci il olaraq müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. Bank ilə kredit alan Cavabdeh1 arasında bağlanan 18.12.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********SC saylı sazişə əsasən Bank ilə kreditalan arasında 19 iyun 2013-cü il tarixli 02L000010347 saylı Kredit Müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məblğinə 18 dekabr 2017-ci il tarixdən aylıq 1,1667% dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan 18 dekabr 2017-ci il tarixli ödəniş planına uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Sazişin 9-cu bəndinə əsasən kredit alanın ödəniş planı üzrə gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 844,35 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. 18.12.2017-ci il tarixli saziş əsasında verilən ödəniş planına əsasən 02L000010347 saylı kredit xətti müqaviləsi, 002R********** saylı kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 1,1667 %, aylıq ödəniş 150 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 18 yanvar 2018-ci il, sonuncu ödəniş tarixi 18 yanvar 2019-cu il olaraq müəyyən edilmişdir. Gecikməyə görə gündəlik cərimə kredit qalığının 0,1 % miqdarında müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. 18 dekabr 2017-ci il tarixli restrukturizasiyaya əsasən restrukturizasiya məbləği 10961,84 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı bankın nümayəndəsi və müştəri Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı QSC tərəfindən verilən maliyyə arayışından görünür ki, 02.03.2020-ci il tarixinə Cavabdeh1 9446,55 ABŞ dolları əsas, 7312,35 ABŞ dolları faiz, 5685,19 ABŞ dolları cərimə olmaqla, cəmi 22444,09 ABŞ dolları borcu vardır. 02.03.2020-ci il tarixli cavabdehlərin hər birinə ünvanlana xəbərdarlıq məktubundan görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 04 noyabr 2020-ci il tarixli 16-04445- 2020 saylı məktubundan görünür ki,məhkəmənin 20.10.2020-ci il tarixli , 2(001)- 3214/2020 saylı müraciətinə baxılmış və bildirilmişdir ki, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 19 iyun 2013-cü il tarixli və 16 yanvar 2015-ci il tarixli kredit müqavilələri ölkə başçısının 28 fevral tarixli 551 nömrəli fərmanının təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 9/5580 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 16 yanvar 2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması, 12 mart 2015-ci il tarixli “Saziş” və 18 dekabr 2017-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 18 yanvar 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 15,262,36 ABŞ dolları məbləğində müəyyən edilir . Belə ki, əsas borc üzrə 9,311,48 ABŞ dolları, faiz borcu üzrə 5950,88 ABŞ dolları hesablanmışdır. 30.04.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 19 iyun 2013cü ildə 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində faiz dərəcəsi göstərilməyən kredit xətti müqaviləsi bağlanmışdır, bundan sonra kredit xətti müqaviləsinin təminatı kimi 19 iyun 2013-cü ildə Cavabdeh3 ilə, Cavabdeh2 Namaz oğlu ilə, kredit müqaviləsinin təminatı kimi isə 15 yanvar 2015-ci ildə isə Cavabdeh5 və Cavabdeh4 ilə borclunun qeyd edilən müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixdə 20000 ABŞ dolları məbləğində 24 ay müddətinə aylıq 2,25 faizlə kredit razılaşması bağlanılmışdır. Həmin kredit razılaşmasına bir neçə dəfə əlavələr edildikdən sonra sonuncu dəfə 18 dekabr 2017-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında iddiaçı ilə Cavabdeh1 arasında Saziş bağlanılmışdır, müqavilənin müddəti 18 yanvar 2019-cu il tarixədək uzadılmışdır. Hal-hazırda iddiaçı cavabdehlərdən kredit razılaşması üzrə 9446,55 ABŞ dolları əsas, 7312,35 ABŞ dolları faiz borcu və 5685,19 ABŞ dolları cərimə borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Kredit razılaşması üzrə borcun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqati nəticəsinə əsasən Cavabdeh1 16 yanvar 2015-ci il tarixli, 002R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu 18.01.2019-ci il tarixə əsas borc üzrə 9,311,48 ABŞ dolları, faiz borcu üzrə 5950,88 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspertiza tədqiqatının nəticəsinə uyğun olaraq müəyyən edilməlidir. Yəni Cavabdeh1 16 yanvar 2015-ci il tarixli, 002R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu əsas borc üzrə 9,311,48 ABŞ dolları, faiz borcu üzrə 5950,88 ABŞ dolları məbləğində müəyyən edil Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 5685,19 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 3 Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və 650 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Odur ki, 002R********** saylı, 16 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borc 9311,48 ABŞ dolları, faiz borcu 5950,88 ABŞ dolları, cərimə borcu isə 650 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kredit borcunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 Namaz oğlu, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi kredit xətti müqaviləsinin təminatı olaraq 19 iyun 2013-cü ildə Cavabdeh3 ilə, Cavabdeh2 Namaz oğlu ilə, kredit müqaviləsinin təminatı olaraq isə 15 yanvar 2015-ci ildə Cavabdeh5 və Cavabdeh4 ilə borclunun qeyd edilən müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər borclunun qeyd edilən müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, kredit xətti müqaviləsindən sonra 1 kredit razılaşması bağlanmış və həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 2 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin sazişlər (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən zaminlərin razılığı alınmamışdır. Bu isə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik müqavilələri kredit xətti müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit xətti müqaviləsində isə mühüm şərt olan faiz dərəcəsi göstərilməmişdir, kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarının dəyişdirilməsi ilə bağlı sazişlər isə kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin sazişlər bağlanarkən zaminlərin razılığı alınmalı olduğu halda onların razılığı alınmamışdır, belə olduğu zaman məhkəmə o qənaətə gəlir ki, zaminliyə xitam verilməlidir. Məhkəmə hesab edir ki, hər 4 zaminin öhdəliyinə xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, ödənilməsi ABŞ dolları ilə razılaşdırılan borc məbləği ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 9311,48 ABŞ dolları əsas, 5950,88 ABŞ dolları faiz, 650 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15912.36 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyinə görə İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 21 manat məbləğində hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünməli, ekspertiza tədqiqatının dəyərinin 30 manat hissəsi iddiaçıdan, 70 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 9311,48 (doqquz min üç yüz on bir dollar, qırx səkkiz sent) ABŞ dolları əsas, 5950,88 (beş min doqquz yüz əlli dollar, səksən səkkiz sent) ABŞ dolları faiz, 650 ABŞ (altı yüz əlli) dolları cərimə olmaqla, ümumilikdə 15912,36 (on beş min doqquz yüz on iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsi üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 21 (iyirmi bir) manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin, qalan hissəsi İddiaçı QSC-yə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi İddiaçı QSC-dən, 70 (yetmiş) manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-342/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-342/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver