Məhkəmə qərarları › İş №2(001)-3428/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3428/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3428/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1080 manat, hüquqi yardıma görə 310 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1420 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 1080 manat, hüquqi yardıma görə 310 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1420 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilən AD № 997004 nömrəli 29.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-FY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı buraxılış ili 2008-ci il olan avtomaşın iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan **-FY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomaşını etibarnaməyə əsasən nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti əsasında 29.01.2021-ci il tarixdən 29.01.2022-ci il tarixinə qədər olan dövr ərzində tanışı X1 etibar etmişdir. 24.02.2021-ci il tarixdə X3 etibarnamə əsasında idarə etdiyi iddiaçının mülkiyyətində olan **-FY-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius minik markalı avtomaşınla hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi İnfiniti **-SX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçının mülkiyyətində olan avtomaşını vurub yol nəqliyyat hadisəsi törətmiş, sonra isə avtomaşını saxlamayaraq hadisə yerindən yayınmışdır. Buna görə də A.Ə.Ağayev zəng edərək hadisə barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və həmin məlumat əsasında İnfiniti **-SX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh polis əməkdaşları tərəfindən müəyyən edilərək barəsində Binəqədi DYPŞ-nin 03.03.2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində AzTax MMC-nin 24.02.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən İddiaçı ümumilikdə 1080 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən ona göstərilən hüquqi yardıma görə 310 manat, dövlət rüsumuna görə 30 manat ödənilmişdir. Ona görə də Cavabdeh İddiaçı xeyrinə dəyən zərərə görə 1080 manat, hüquqi yardıma görə 310 manat və dövlət rüsumuna görə 30 manat pul olmaqla cəmi 1420 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh 24.02.2021-ci il tarixdə saat 07-45 radələrində özünə məxsus İnfiniti FX-35 minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarlı havada idarə edərkən Toyota Prius minik markalı ** FY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, Toyota Prius minik markalı avtomobilin sürücü ona heç bir işarə etmədiyindən, iddiaçı işə tələsdiyindən hadisə yerindən getmişdir. Hal-hazırda cavabdeh iş üzrə keçirilən ekspertiza rəyi ilə müəyyən olunan ziyan məbləği ilə razıdır. Ona görə də iddia ərizəsinin bu hissədə təmin, qalan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AD N № 997004 saylı 29.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı Toyota Prius minik markalı ** FY *** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 02.02.2021-ci il tarixli ƏN-V № 464065 saylı etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Toyota Prius minik markalı ** FY *** qeydiyyat nişanlı avtomobili 29.01.2022-ci il tarixədək idarə etməyi X1 etibar etmişdir. AD N № 469659 saylı 02.04.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı İnfiniti FX-35 minik markalı ** SX *** qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Binəqədi DYPŞ 03.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindan müəyyən olunur ki, Cavabdeh Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi İnfiniti FX-35 minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 24.02.2021-ci il tarixdə saat 07:45 radələrində Azərbaycan Respublikası İXM-nin 327.1-ci,327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. Cavabdeh Binəqədi RPİ-də verdiyi izahatından müəyyən olunur ki, o, 24.02.2021-ci il tarixdə saat 07-45 radələrində özünə məxsus İnfiniti FX-35 minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarlı havada idarə edərkən Toyota Prius minik markalı ** FY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, sürücü ona heç bir işarə etmədiyindən, o, işə tələsdiyindən hadisə yerindən getmişdir. Aztax MMC-nin 24.02.2021-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Prius minik markalı ** FY *** qeydiyyat nişanlı avtomobilin təmir xərclərinin dəyəri 1080 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 26.07.2021-ci il tarixli 9/3729 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə Aztax MMC-nin 24.02.2021-ci il tarixli aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı Toyota Prius minik markalı ** FY *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə başverən tarixə təxminən 840 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi ilə toqquşaraq inzibati xəta törətmiş, cavabdehin təqsirli bilindiyi hadisə nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı dəymiş ziyanın 1080 manat olmasını iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə həmin ziyanın 840 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin təqsirli bilindiyi hərəkətləri nəticəsində iddiaçıya 840 manat ziyan dəyməsi öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının ona göstərilən hüquqi xidmətlərə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından iddia tələbləri hüquqi xidmətə görə ödənilən məbləğin cavabdehdən tutulmasına dair hissədə də qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 840 manat, hüquqi xidmətə görə 200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1070 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar