Məhkəmə qərarları › İş №2(001)-3429/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3429/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3429/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Elxan Şərbət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 3118,38 manat əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X2 ilə Cavabdeh1 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 5700 manat dəyərində nisyə aldığı malın 1350 manatını ilkin olaraq ödəmiş, qalan 4350 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda fiziki şəxs X2 ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 satıcı qarşısında götürdüyü öhdəliyin lazımi qaydada icra olunmasına görə alıcı ilə birgə məsuliyyət daşımağı üzərinə götürüb. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs X2 arasında bağlanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs X1 Cavabdeh1 qarşı olan 4350 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir .Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini verməyi öhdəsinə götürür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmirlər. Belə ki. cavabdehlər sonuncu dəfə xx xxxxx 2020-ci il tarixində ödəniş etmişlər. Cavabdehlərin bu günə 3118 manat əsas borcu yaranmışdır. Cavabdehlərin müqavilə üzrə cərimə borcları yoxdur. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı MMC tərəfindən cavabdehlərə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi tərəfindən qeyri-müəyyən müddətə təlimlərə cəlb edildiyindən xx xxxxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, №TM000001 saylı nisyə alqı-satqı müqaviləsinə və həmin müqaviləyə xx xxxxxx 2019-cu il tarixli, 1 saylı əlavəyə əsasən satıcı müqaviləyə əlavədə göstərilən dəyəri 5700 manat olan malı alıcının mülkiyyətinə verməyi, alıcı isə 1350 manat ilkin ödəniş edərək malı qəbul etməyi və 18 ay müddətinə aylıq 242 manat, sonuncu ay isə 236 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı borcun ödənişini gecikdirdiyi təqdirdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. xx xxxxxx 2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, xx xxxxxx 2019-cu il tarixli TM000001 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan mebel padişah firuzə yataq dəsti və mebel padişah firuzə qonaq dəsti alıcıya təhvil verilmiş, alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. İddiaçı MMC ilə X2 arasında imzalanan xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş R-xx/xx-0001 saylı, xx.xx.2019-cu il tarixli Sazişə əsasən X1 Cavabdeh1 qarşı olan 4350 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Alıcı Cavabdeh1 Zakir oğluna TM000001 saylı xx xxxxxx 2019-cu il tarixli nisyə alğısatqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edilməsi barədə bildiriş ünvanlanmış, Cavabdeh1 Zakir oğlu bildirişi almasını imzası ilə təsdiq etmişdir. X2 ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, TM000001 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X2 bu müqavilənin 1.2-ci maddəsində göstərilən nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 satıcı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə onunla birlikdə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür. Həmin müqavilənin 5ci bəndinə əsasən bu müqavilə xx xxxxxx 2019-cu il tarixli TM000001 saylı nisyə alğı-satqı müqaviləsi üzrə alıcının satıcı qarşısında öz öhdəliklərini tamamilə icra edənədək qüvvədədir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilən xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2019-cu il tarixli, TM000001 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh1 xx xxx 2020-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-yə əsas məbləğ üzrə 3118,38 manat borcu vardır. Cavabdeh1 xx xxx 2020-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-yə cərimə borcu yoxdur. “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilən xx xxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 TM000001 saylı müqavilə üzrə xx xxxxxxxx 2019-cu il tarixində 242 manat, xx xxxxxxx 2019-cu il tarixdə 242 manat, xx xxxxxx 2019-cu il tarixdə 242 manat, xx xxxxxx 2020-ci il tarixdə 260 manat, xx xxxxx 2020-ci il tarixdə 500 manat ödəniş etmişdir. Ödənilən məbləğlərdən əsas borcdan 1231,62 manat, cərimə borcundan 375.39 manat silinmişdir. Bundan sonra əsas borcdan 3118,38 manat qalıq, cərimə borcundan isə qalıq qalmamaqla ümumilikdə 3118,38 manat borc qalığı qalmışdır. “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxx 2020-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə yaranan 3118,38 manat qalıq borcunu 3 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. xx xxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən X2 padişah firuzə yataq dəsti və mebel padişah firuzə qonaq dəsti ilkin ödənişlə Cavabdeh1 nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və 18 ay müddətinə aylıq 242 manat, sonuncu ay isə 236 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 0,5 % həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə öhdəlik görütmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Bundan sonra İddiaçı MMC (faktor) ilə X2 (müştəri) arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunmuş Sazişə əsasən X1 hmədov Vüsal İsfəndiyar oğluna (borcluya) qarşı olan 4350 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Bununla bağlı bildiriş cavabdehə (borcluya) rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə 500 manat ödəniş etmişdir. Müqavilənin müddəti xx.xx.2020-ci tarixədəkdir .İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə 3118,38 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə 3 gün ərzində yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan başqa həmin məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 651-ci maddəsinə əsasən Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi, X2 ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən satıcı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə alıcıya nisyə satmışdır. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Bu səbəbdən kreditor MMC-nin 600.4-cü maddəsinin tələbi baxımından verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Tələb hazırki halda İddiaçı MMC-yə güzəşt edildiyindən və bununla bağlı borcluya rəsmi qaydada bildiriş verildiyindən borc məbləği faktora, yəni iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli, TM000001 saylı nisyə alğısatqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3118,38 (üç min yüz on səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu və 0, 40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, TM000001 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3118,38 (üç min yüz on səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0, 40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar