Məhkəmə qərarları › İş №2(001)-3431/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3431/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3431/2020 17.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qismən - əsas borc hissəsində qəbul etdi və məhkəməyə bildirdi ki, iddiaçı uzun müddət ərzində məhkəməyə müraciət etməməklə faizlərin artmasına şərait yaratmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 145-xx.xx.2014-SM33 saylı X1 görünür ki, həmin müqavilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya illik 25% ödəmək şərti ilə, 36 ay müddətinə 7000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 145-xx.xx.2014-SM33 saylı Zaminlik Müqaviləsindən görünür ki, həmin müqavilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli, 145-xx.xx.2014-SM33 saylı X3 təminatı olaraq bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə 3088,63 manat əsas borc, 3526,39 manat faiz borcu, 4660,76 cərimə borcu və 437,76 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi borcu 13012,1 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/4284 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə olan borcu xx.xx.2017-ci il tarixə əsas borc üzrə 4851,96 manat, faiz borcu üzrə 3089,75 manat, cərimə borcu üzrə isə 3637,75 manat təşkil edir. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin müəyyən edilmişdir ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC isə məhkəməyə hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə - qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti çərçivəsində müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə iddia tələbinin 4660,76 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5,65 manat cərimə tutulmalıdır. Məhkəmə iddiaçının zaminə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. xx.xx.2014-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4851,96 manat əsas borc, 3088,63 manat faiz borcu, 437,76 manat müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu, 5,65 manat cərimə borcu olmaqla, cəmi 8384 manat məbləğində pul tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 64,28% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 19,28 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4851,96 manat əsas borc, 3088,63 manat faiz borcu, 437,76 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 5,65 manat cərimə borcu olmaqla, cəmi 8384 (səkkiz min üç yüz səksən dörd) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 19,28 (on doqquz manat iyirmi səkkiz qəpik) manat hissəsi tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10,72 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar