Məhkəmə qərarları › İş №2(001)-3432/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3432/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3432/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 2135,49 manat borcun, 320,32 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx”xxxxxxxxxCavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 2565 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx”xxxxxxxxx“xxxxxxxxx” MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı olan 2565 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alğı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh bu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixində ödəniş etmişdir. Cavabdehin bugünə 2135,49 manat əsas, 320,32 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtıdna ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etmiş və yazılı etirazını onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2019-cu il tarixində “xxxxxxxxx” MMC-dən 12 ay müddətinə, hər ay təqribən 214 manat pul ödənilməsi şərtilə 2565 manat dəyərində kreditlə mobil telefon ələ etmişdir. Həmin mobil telefon üçün o, xx xxxxxx 2019-cu il tarixində 228 manat məbləğində, xx xxxxxx 2020-ci il tarixdə isə 300 manat məbləğində pul ödəmişdir. Lakin bütün bunlara baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxxxxxxxx” MMC tərəfindən istifadəsinə məhdudiyyət qoyulmuşdur. Məhdudiyyət nəticəsində mobil telefon bağlanmış və bu günə kimi mobil telefondan istifadə mümkünsüz olmuşdur. O, dəfələrlə “xxxxxxxxxxxxxx” MMC-yə müraciət edərək mobil telefonun istifadəsinə qoyulmuş qadağanın aradan qaldırılmasını xahiş etmiş, mobil telefondan istifadəyə olan məhdudiyyətin götürüləcəyi təqdirdə ödəmələri mütəmadi olaraq edəcəyini bildirmişdir. İddiaçı MMC tərəfindən onu telefondan isifadəsinə qadağa qoyulduğundan o da, müvəqəti olaraq ödəməni “xxxxxxxxxxxxxx” MMC-yə xəbrdarlıq edərək dayandımışdır. Çünki pulu ödəsə də, aldığı telefondan istifadə edə bilməmişdir. Ona görə də ödəmələri mənasız hesab etmişdir. O, ödəmələrən imtina etməmişdir. Yalnız, “xxxxxxxxxxxxxx” MMC-yə müraciət dərək telefondan istifadəyə qoyulan qadağanın götürülməsini, ödəmələri üçün yeni qrafik tutulmasını xahiş etmişdir. Lakin “xxxxxxxxxxxxxx” MMC nəinki məhdudiyyəti aradan qaldırmamış hətta onun ödənişlərinin davam etdirməsi üçün yeni qrafikin tərtib olunaraq razılaşdırılmasından qəti imtina edilmişdir. Belə olan halda o mobil telefonu iddiaçı MMC-yə qaytarmaq istəmiş, lakin onun bu təklifi ilə də razılaşan olmamışdır. O, “xxxxxxxxxxxxxx” MMCnin irəli sürdüyü iddianı əsassız hesab etməklə onun təmin olunmamasını xahiş edir. Eyni zamanda bildirir ki, o, ümumi ödənilməsi nəzərdə tutulmuş 2565 manat puldan ödənilmiş 228 manat və 300 manat məbləğlərini çıxmaqla, qalan 2037 manat məbləğində borcu alıcı tərəfindən kreditə götürülmüş mobil telefonun üzərinə qoyulmuş məhdudiyyət götürülməklə yeni tutulacaq qrafik əsasında ödəməsi ilə bağlı qərarın qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxx”xxxxxxxxxCavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, №WTX000131 saylı nisyə alğı-satqı müqaviləsinə və həmin müqaviləyə xx xxxxxxxx 2019-cu il tarixli, 1 saylı əlavəyə əsasən satıcı müqaviləyə əlavədə göstərilən İphone XS 64 gb markalı telefonu alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və 2565 manat məbləğində pulu hissə-hissə 12 ay müddətində, aylıq 213,75 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı borcun ödənişini gecikdirdiyi təqdirdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. xx xxxxxxxx 2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixli WTX000131 saylı nisyə alğı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan İphone XS 64 gb gold markalı telefon alıcıya təhvil verilmiş, alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. İddiaçıxxxxxxxxx“xxxxxxxxx MMC” arasında imzalanan xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş R-xx/xx-0011 saylı, xx.xx.2019-cu il tarixli Sazişə əsasən “xxxxxxxxx MMC” nin Cavabdeh qarşı olan 2565 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. xx xxxxxxxx 2019-cu il tarixli WTX000131 saylı müqaviləyə xx xxxxxxxx 2019-cu il tarixli 2 saylı əlavədən görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsinə əsasən ödənişlərdə borcu yarandığı təqdirdə “xxxxxxxxx” MMC və ya İddiaçı MMC tərəfindən mobil cihazın İMEİ nömrəsinin deaktiv edilməsinə etirazı olmadığını öz imzası ilə təsdiq etmişdir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilən xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixli, WTX000131 saylı nisyə alğı-satqı müqaviləsi üzrə borclu Cavabdehının xx xxx 2020-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-yə əsas məbləğ üzrə 2135,49 manat, cərimə borcu üzrə 320,32 manat olmaqla, ümumilikdə 2455,81 manat borcu vardır. “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilən xx xxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh WTX000131 saylı müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixində 228 manat, xx xxxxxx 2019-cu il tarixdə 4 manat, xx xxxxxx 2020-ci il tarixdə 300 manat ödəniş etmişdir. Ödənilən məbləğlərdən əsas borcdan 429,51 manat, cərimə borcundan 102,49 manat silinmişdir. Bundan sonra əsas borcdan 2135,49 manat qalıq, cərimə borcundan isə 320,32 manat qalıq borcu olmaqla, ümumilikdə 2455,81 manat borc qalığı qalmışdır. “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxx 2020-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə yaranan 2455,81 manat qalıq borcunu 3 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. xx xxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxx”xxxxxxxxxcavabdeh arasında bağlanmış əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən “xxxxxxxxx” MMC bir ədəd İphone xs golg 64 gb markalı mobil telefonu ilk Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və 12 ay müddətinə aylıq 213,75 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 0,5 % həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə öhdəlik görütmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Bundan sonra İddiaçı MMC (faktor) ilə “xxxxxxxxx” MMC(müştəri) arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunmuş Sazişə əsasən “xxxxxxxxx” nin Cavabdeh (borcluya) qarşı olan 2565 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Bununla bağlı bildiriş cavabdehə (borcluya) rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə 300 manat ödəniş etmişdir. Müqavilənin müddəti xx.xx.2020-ci tarixədəkdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə 2135,49 manat əsas borc, 320,32 manat cərimə borcu olmaqla, cəmi 2455,81 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə 3 gün ərzində yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan başqa həmin məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 651-ci maddəsinə əsasən Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi, “xxxxxxxxx MMC” ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən satıcı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə alıcıya nisyə satmışdır. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Bu səbəbdən kreditor MM-nin 600.4-cü maddəsinin tələbi baxımından verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Tələb hazırki halda İddiaçı MMCyə güzəşt edildiyindən və bununla bağlı borcluya rəsmi qaydada bildiriş verildiyindən borc məbləği faktora, yəni iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində tam təmin edilməli, 2135,49 manat əsas borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 320,32 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, o cümlədən yaranmış borcun məbləğini nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği endirilməli və 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2019-cu il tarixli WTX000131 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 2135, 49 (iki min yüz otuz beş manat, qırx doqquz qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, ümumilikdə 2155,49 manat borc, 30 manat dövlət rüsumu və 0, 40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixli WTX000131 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 2135, 49 (iki min yüz otuz beş manat, qırx doqquz qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu və 0, 40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, ümumilikdə 2185.89 (iki min yüz səksən beş manat, səksən doqquz qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar