Məhkəmə qərarları › İş №2(001)-3432/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3432/2021

22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3432/2021 22.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının 175 manat müəyyən edilməsi, 2019-cu ildən bu günə qədər uşağın müalicə və müayinəsinə xərclənmiş 1202 manat pulun yarısının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 12.06.2018-ci il tarixindən etibarən birgə nikahlarından olan 26.02.2016-cı il təvəllüdl X6 hər ay sabit pul məbləğində aliment ödəyir. X3 anadangəlmə ürək xəstəsidir. Doğulduğu vaxtdan o, uşağını mütəmadi olaraq müalicə etdirir. Uşağa pulmonar hipertenziya (ağ ciyər arteriyasının təzyiqi) diaqnozu qoyulmuşdur. Hazırda müalicələr nəticəsində uşaqda ciddi müsbət dəyişikliklər olmuşdur. Ürəyin sekundum nahiyyəsində olan açıqlıq kiçilmişdir. Bu səbəbdən də uşağı daim həkim nəzarətində saxlamaq və mütəmadi olaraq müalicə etdirmək məcburiyyətindədir. Maddi imkanı aşağı olduğundan uşağın müalicəsində çətinlik çəkir. Müalicəyə isə fasilə vermək uşağın sağlamlığı üçün təhlükəlidir. Bu barədə əvvəl Binəqədi Rayon Məhkəməsi onun iddiası əsasında 14.11.2019-cu il tarixli qətnamə qəbul etmişdir. Həmin vaxt məhkəməyə müalicə, müayinə və dərmanlar üçün ödənilmiş pulun qəbzlərinin az bir hissəsini təqdim etdiyi üçün həkim cəmi 137,3 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Həmin dövrdən bəri uşağın müalicəsinə xərclənmiş 1202 manat pul vəsaitinə dair qəbzləri saxlamışdır. Odur ki, göstərilənlər əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı İddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclası üçün işə onun iştirakı olmadan baxılmasını və hərbi sistemdə xidmət etdiyini, himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşaq Bakı Medical Plazada doğulmuşdur. Uşaq doğulan zaman onun anadan gəlmə xəstəliyi olmamışdır. 1.5 il ailə münasibətləri davam etmişdir. Uşağını sonuncu dəfə 2019-cu ilin dekabr ayında görmüşdür. İddiaçı uşağını onunla görüşdürmür. Səbəb kimi uşağa atasının onu oğurlayacağını demişdir. İddiaçının özü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir. İddiaçının təqdim etdiyi qəbzlərin uşağın xəstəliyini ilə bağlı olmasını təsdiq etmir. İddiaçı istədiyi qədər aptekdən qəbz təqdim edə bilər. Həmin qəbzlərin uşağın xəstəliyi ilə əlaqədar olması şübhə doğurur. İddiaçının özü də məhkəmə proseslərində iştirak etmir və iddia etdiyi halı sübut edə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Beləki, alimentin artırılaraq 175 manat olmasına bir etirazı yoxdur. İddianı həmin hissədə qəbul edir. Lakin əlavə xərclərə münasibətdə isə iddianı qəbul etmir. Belə ki, uşağına “Azərsun” Holdinq tərəfindən tibbi sığorta kartı açılmışdır. Bu kart uşağın müalicəsi üçün hər bir xidməti dəstəkləyir. Uşağının heç bir xəstəliyi yoxdur. Qızı hər hansı xəstəlikdən müalicə alırdısa, bu barədə ona məlumat verilməli idi. Belə olsaydı, ata kimi uşağın müalicə xərclərini özü qarşılayardı. Uşağı ürəyindən müayinə olunsa da, ona hər hansı müalicə yazılmayıb. Qızı Sabuncu rayon poliklinikasında qeydiyyatdadır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8050/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5160/2018 saylı, 12.06.2018-ci il tarixli qətnaməsi ilə 26.02.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırki, qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesanlanmaqla 26.02.2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 137,30 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin rayon qeydiyyat şöbəsi tərəfindən 04 mart 2016-ci il tarixində verilən, AZ-İİİ seriyalı, 703873 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 fevral 2016-cı il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 04 mart 2016-ci il tarixində 661 № ilə qeyd edilmişdir. Atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah münasibətləri 2018-ci ildən pozulmuşdur. Birgə nikahdan olan uşaq anasının himayəsindədir. 2018-ci ildən təyin edilən aliment məbləği Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8050/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ilə artırılaraq, hər ay üçün 160 manat müəyyən edilmişdir. Cavabdeh iddia tələbini qismən alimentin artırılması hissəsində qəbul edir. Əlavə xəclərin tutulması hissəsində isə iddiaya etiraz edərək, iddia tələbini qəbul etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə ayrı-ayırılıqda münasibət bildirilməlidir. İddia tələbinin birinci hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasında tutulan alimentin məbləğinin artırılmasıdır. Məhkəmə bu tələbə Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi baxımından və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu haqqında tələblərə uyğun qiymət verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı(müəyyən edildiyi) 2019-cu ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, o cümlədən aliment ödəməli olan şəxsin könüllü olaraq aliment ödəmək istəyini nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə xərc kimi uşağın müalicəsi üçün xərclənən pul vəsaitinin yarısının tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriyakurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(001)-8050/2019 saylı qətnaməsində iş materialları sadalanarkən Mərkəzi Klinikanın pediatrik transtorasik exokardioqrafika protokolunun olduğu qeyd edilmiş və həmin protokoldan müəyyən edilmişdir ki, 26.02.2016-cı il təvəllüdlü Melisa Əlizadəyə ASD Pulmonar hipertenziya Aberan bant diaqnozu təyin edilməklə Medikamentoz müalicənin davam etdirilməsi və 3 aysonra kontrol müayinə olunması məsləhət görülmüşdür. Lakin iş materiallarına əlavə edilən qəbzlərdə hansı dərman vasitələrinin alınması, alınan dərmanların kim üçün və hansı məqsədlə alınmasını müəyyən etmək mümkün deyildir. Yəni həmin qəbzlərdən yalnız alınan məhsullar üçün ödənilmiş pul məbləği müəyyən edilir. Həmçinin iş materiallarında əlavə edilən həkim reseptlərində qeyd edilən dərmanların 26 fevral 2016-cı il təvəllüdlü X7 üçün yazılması göstərilsə də, məhkəməyə təqdim edilən ödəniş çeklərində həmin dərman vasitələrinin alınması da (yəni adları) müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddianı hazırkı halda əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8050/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 26 fevral 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan az olduğundan (175 – 160=15 x 12=180) ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8050/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 26 fevral 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar