Məhkəmə qərarları › İş №2(001)-3440/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3440/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3440/2020 15.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Qurbanov Malik Hakim oğlunun iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına vurulmuş ziyana görə ödənilməmiş 15567 manatın, eləcə də dövlət rüsumunun əvəzi qismində 30 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı Cəmiyyətdə kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx xxxx 2018-ci il tarixli, 097-K saylı əmrlə cavabdeh adminstrator vəzifəsinə keçirilmiş, xx xxx 2019-cu il tarixli, 193-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə Oba-Binəqədi 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmiş, xx xxxxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixli “İnventarizasiya nəticələri”nə dair akta əsasən, yekun ziyan məbləği 15658 manat müəyyən edilmişdir. Cavabdeh həmin ziyandan 91 manatını ödəmiş, 15567 manat borcu qalmışdır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məkhəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçının nümayəndəsi M.H.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qurbanov Malik Hakim oğlu iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixdə 15639.6 manat kənarlaşma olmasına dair baş mühasib, bölgə müdiri və satış müdirinin iştirakı akt tərtib edilmiş və həmin akta əsasən guya qeyd olunan məbləğdə Cavabdeh tərəfindən ziyan vurulmuşdur. Cavabdeh həmin vaxtı öz etirazını bildirərək qeyd edilən məlumatların yalan və uydurma olduğunu bildirib akta imza çəkməkdən imtina etmişdir. Aktın heç bir hüquqi qüvvəsi yoxdur, belə ki, akt yalnız birtərəfli qaydada İddiaçı MMC-in əməkdaşlarının iştirakı ilə tərtib edilmişdir. Həmçinin Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Qeyd olunan kənarlaşma, yeyinti və ya ziyan yalnız müstəqil auditor rəyi əsasında və hansı əməkdaşın vəzifəsini lazımınca icra etmədiyi halda yaranmasının auditor tərəfindən araşdırılması ilə müəyyən edilə bilərdi. Halbuki İddiaçı tərəfindən qeyd olunan normanın tələblərinə riayət olunmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə müxtəlif vaxtlarda hətta inventarizasiya və təftişdən əvvəl “İddiaçı“-nin elektron maili vasitəsilə baş ofisə məktub yazaraq işçilər tərəfindən oğurluq edildiyini, stokda (yəni anbarda) əksikliklər olmasını və dərhal bütün bunların araşdırılmasını tələb etmişdir. Lakin şirkət tərəfindən hər hansı tədbir görülməmişdir. Bütün bunlardan əlavə, hazırki iddia ilə bağlı iddiaçı tərəfdən iddia müddəti də buraxılmışdır. Sonda M.H.Qurbanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Qurbanov Malik Hakim oğlu ərizə ilə məhkəməyə müraciət edərək 1 illik iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: -xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin OBA Marketlər Şəbəkəsinə satıcı-kassir vəzifəsinə qəbul edilmiş, həmin tarixdə tərəflər arasında “tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. -xx xxxx 2018-ci il tarixli, 097-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsində həmin tarixdən Adminstrator vəzifəsinə keçirilmişdir. Həmin tarixdə də tərəflər arasında “tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. -xx xxx 2019-cu il tarixli, 193-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bənidnə əsasən (öz xahişi ilə) xitam verilmişdir. -xx xxxxxxxx 2018-ci il tarixli inventarizasiya siyahısından görünür ki, Binəqədi rayonu, Mərkəzi 1 ünvanında yerləşən OBA-558 mağazasında Cavabdeh öhdəliyində olan maddi qiymətlilər yoxlanılmış, xx xxxxxx 2019-cu il tarixdə yoxlamanın nəticəsində 15639,6 manat itki olduğu aşkarlanmışdır. Bu barədə tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli akta Cavabdeh imza etməkdən imtina etmişdir. -xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 2018 və xx xxxxxx 2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 15658 manat çatışmazlıq müəyyən edilmiş, 91 manat mədaxil edildiyindən 15567 manat borcu qalmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin halları ilə müəyyən olunur ki, işəgötürən, yəni İddiaçı MMC işçi, yəni Cavabdeh tərəfindən ona ziyan vurulmasını xx xxxxxx 2019-cu il tarixdə aşkar etmiş və iddia müddətinin axımı həmin tarixdə başlamışdır. Belə olduğu təqdirdə isə, iddia müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatmış, təxminən 4 ay sonra iddiaçı hazırki iddia ərizəsi isə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (MMC) Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiası rədd edilsin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar