Məhkəmə qərarları › İş №2(001)-3457/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3457/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3457/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş nəqliyyat hadisəsi zamanı dəymiş 2200 manat ziyanın və ödənilmiş 42 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2024-cü il tarixində təxminən saat 14:45 radələrində idarə etdiyim Mercedes markalı **-UB-*** nömrəli nəqliyyat vasitəsilə Bakı şəhəri, Məmməd Araz küçəsi ilə üzü Atatürk prospekti tərəf hərəkət etdiyi zaman C.hacıbətli küçəsinə çatanda qarşı tərəfdən gələn niva markalı **- YT-*** nömrəli avtomaşın qarşısında olan Hundai markalı **-YK-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən həmin Hundai markalı maşın idarəetməni itirərək onun nəqliyyat vasitəsinin qabaq sol tərəfində dəymişdir. Nəqliyyat hadisəsi ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları çağırılmış, hadisənin sənədləşdirilməsi aparılmış, müvafiq qeydlər aparılmışdır. Hadisənin niva markalı **-YT-*** nömrəli avtomaşını etibarnamə ilə idarə edən Cavabdeh tərəfindən törədilməsi sübut edilərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ümumilikdə 3800 manat ziyan dəymişdir ki, Sığorta şirkəti tərəfindən bu zərərin 1600 manatı ödənilmiş, qalan məbləği isə ödənilməmişdir. Belə ki, digər nəqliyyat vasitəsinə dəymiş ziyan da həmin sığorta şirkəti tərəfindən ödənildiyi üçün ona 1600 manatın ödənilməsi təmin edilmişdir. Qalan ziyanın ödənilməsi cavabdeh tərəfindən tələb edilsə də o həmin ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək və ona dəymiş 2200 manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsi məqsədilə iddia qaldırmaq zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilin demək olar ki, böyük hissəsini təmir etdirmişdir, xırda işləri qalmışdır, ən ucuz yerdə təmir elətdirsə belə, onun 4000 manatdan çox xərci çıxmışdır. Belə ki, təmir vaxtı əlavə xərclər də çıxsa da, o, ekspert rəyi ilə müəyyən edilən məbləği tələb edir. Ustalara 2000 manat xərci çıxmış, rəngsaz, dəmirçi, armaturşik işi görülmüşdür, qabaq bufer, qapılar, qanad dəyişdirilmiş, diskin 1-i zədələndiyinə görə məcbur qalaraq komplekt 4 disk almışdır, lakin yalnız 1 diskin pulun tələb edir, sığorta şirkəti tərəfindən pul ona köçürmə yolu iə verilmişdir, cavabdeh əvvəllər telefonu götürsə də, sonradan zəng çatmamışdır, avtomobilin kant və kalonkasının dəyişdirilməsi ilə bağlı işləri qalmışdır, ustalara və ehtiyat hissələrinə dair ödədiyi məbləğ barədə qəbz verilməmişdir.

4. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Mercedes Benz E250” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin etibarnamə əsasında idarə etdiyi “X2” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisədə “X2” minik markalı, **- YT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli bilinmişdir. Belə ki, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.

6. "xxxx" ASC-nin sifarişi əsasında müstəqil sığorta eksperti tərəfindən tərtib edilən rəyə əsasən avtomobilə 3800 manat zərər dəydiyi, bunun 2600 manat hissəsinin ehtiyat hissələrinin dəyəri, 1200 manat hissəsinin isə işçilik haqqı olduğu müəyyən edilmişdir.

7. X1 Mülki Məsuliyyətinin İcbari Sığortası növündə "xxxx"ASC-də sığortalanmış “X2” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərə görə 1635.67 manat vəsait sığorta şirkəti tərəfindən zərərçəkən İddiaçı ödənilmişdir.

8. Hazırda iddiaçı əslində ona daha çox zərər vurulduğunu, lakin ekspert rəyində göstərilən məbləğə münasibətdə vurulmuş zərərdən qalıq qalan hissəni tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

9. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

12. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

13. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

14. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

15. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

16. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

17. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir

18. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

19. Odur ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində “Mercedes Benz E250” minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin sığorta şirkəti tərəfindən müstəqil ekspert rəyinə əsasən 3800 manat müəyyən edilməsi, X1 Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə zərərçəkənə 1635.67 manat vəsait ödənilməsi işin mübahisəsiz halıdır və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla da təsdiq olunur.

20. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli və cavabdehdən 2164.33(3800-1635.67) manat vəsait tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

24. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2164.33 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2164.33 (iki min yüz altmış dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42(qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar