Məhkəmə qərarları › İş №2(001)-3467/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3467/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3467/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 iyun 2018-ci il təvəllüdlü X1 üçün har ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin və 50 (əlli) manat mediasiya rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbuİ qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 22 iyul 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarıdan 01 iyun 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Baki şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qənaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş X3 onun himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına qədər saxlanılması üçün cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Aliment miqdarı uşağın xərclərini qarşılamır, uşaq böyüdükcə xərcləridə çoxalır. Cavabdeh is alimenti vaxtlı vaxtında ödəmir. Hazırda uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 235 manatdır. Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə uşağın saxlanılmasında iştirak etməyə borcludur. Qanunun tələbi olan mediasiya sessiyasında iştirak etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddianı müdafiə edir, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Bu barədə yazılı ərizəsi məhkəməyə təqdim etmişdir. Bundan əlavə bildirmişdir ki,cavabdeh aliment ödənişlərini etmir və uşaqla maraqlanmır. İcra məmuru da bu işlə məşqul olmur. Hazırki iddia ilə müraciət edəndən sonra cavabdeh aprel və may aylarında 200 manat olmaqla, cəmi 400 manat ödəniş etmişdir. Uşaq məktəbəqədər hazırlığıa gedir, bu il isə məktəbə gedəcəkdir.O, özü Kaspi litseyində işləyir və onun iş yeri cavabdehinki ilə yaxındır, ona görə də, cavabdehin işdən(Xətai Rayon İcra Hakimiyyətindən) çıxarıldığını bilir. Hətta bu barədə televiziyada məlumat da verilmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qarşı tərəfdə qız övladı var,ona görə də hər bir şeyə razıdır. Qarşı tərəfə sualları vardır, lakin iştirak etmədikləri üçün suallarını verə bilməmişdir. Mediasiya prosesində onunla əlaqə saxlamışlar, o iştirakla bağlı razı olmuşdur, lakin sonra qarşı tərəf razı olmadığını bildirmişdir. İlk məhkəmənin səhəri gün onun iş yerinə bir xanım tərəfindən zəng olunmuş ad soyad işlədiyi yer barədə məlumat verməmişdir. Hal hazırda heç bir yerdə işləmir. 2022-ci il fevral ayından işdən çıxmışdır və o, vaxtdan heç yerdə işləməmişdir. 235 manat aliment verməyə razıdır. Medisiyadan zəng olunan zaman, dedilər belə bir sorğu var o, da razılaşmışdır.Bir neçə ay ödəniş etmədiyi də olub ki, o da işdən çıxdığı vaxtlarda olub. 2022-ci ildən bu günə kimi təxminən 6, 7 ay ödəmədiyi aylar olub. İcra şöbəsində də olmuşdur orda da ödənişlərini etmişdir. İddiaçının məqsədi onun əmək haqqısının 1/4 birini tələb eləməkdi, məhz buna görədə onlar medasiyada onunla razılaşmamışdılar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmış, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir

6. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən MŞB/16/2024-00373 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini, 10 manat kargüzarlıq xərcini ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı qətnamə ilə müəyyən edilən alimentin artırılmasını tələb edir və tələbini isə uşağın tələbatlarının artmasını və müəyyən edilən alimentin uşağın xərclərini qarşılamaması ilə əsaslandırır.

8. Cavabdeh isə yaşayış minimumu həddində aliment ödəməyə razı olduğunu bildirir və iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Mediasiya xərci ilə bağlı isə bildirir ki, o, mediasiya prosesi zamanı təkliflə razılaşsa da, medaitor ona iddiaçının mübahisənin məhkəmə yolu ilə həll edilməsini istədiyini bildirmişdir. Bu səbəbdən də mediasiya prosesi zamanı barışıq sazişi bağlanmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

10. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

11. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

12. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

13. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

14. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

17. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

18. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2021-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

19. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

20. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, yeni qaydada tutulmalı olan aliment qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlamalıdır.

21. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

22. Həmçinin “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

23. Halbuki, cavabdeh mediasiya prosesində könüllü iştirak etmək və barışıq sazişi bağlamaq istəsə də, iddiaçı mübahisənin məhz məhkəmə qətnaməsi ilə həll edilməsinə nail olmağa çalışmışdır. Odur ki, mediasiyada ödənilən rüsum iddiaçıya aid edilməlidir.

24. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 ((235-175) x 12< 1000) manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

31. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 manat vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30(otuz) manat vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar