Məhkəmə qərarları › İş №2(001)-3468/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3468/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3468/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6045/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək 2 uşağın saxlanması üçün hər uşağa 235 manat, cəmi 470 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi qaydada xx.xx.2010cu il tarixdə Bakı Nikah Evində (Səadət Sarayında) nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşaqları doğulmuşdur. 1. xx.xx.2011-ci il təvəllüdlü X5;

2. xx.xx.2013-cü il təvəllüdlü X6. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmasını sübut etmişdir. Bu səbəbdən də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında olan nikahın pozulması, uşaqların onun yanında saxlanılması və hər uşaq üçün 193 manat sabit pul məbləğdə alimentin verilməsi barədə qətnamə qət olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, xx.xx.2022-ci il tarixli, 2(001)-6045/2022 saylı qətnamə qət olunmuşdur. Hal-hazırda uşaqları onun himayəsindədir. Bildirir ki, hal-hazırda uşaqları böyüyüb, xərcləri artıb, uşaqların tələbatını ödəməyə çətinlik çəkir. Lakin cavabdeh uşaqların xərclərinin hamısını ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hazırda heç bir yerdə işləmir, maddi imkanı yoxdur. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6045/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) nikahın bağlanması haqqında akt qeydləri kitabında 1453 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İİ seriyalı 734974 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-T seriyalı 267902 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İ seriyalı 436707 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 581 nömrə ilə qeyd edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 1641,14 manat təşkil edir. X1 ilə bağlı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Əbilov X4 orqanında işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6045/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6045/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 30,08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6045/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan 193 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30,08 (otuz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar