Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3474/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan 05 noyabr 2011-ci il təvəllüdlü X5 və 25 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 29 aprel 2021-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin 2(001)-2891/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 165 manat, cəmi 330 manat sabit pul məbləğində tutulmuş alimentin dəyişdirilərək, miqdarı artırılıb hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 05 noyabr 2011-ci ildə X14 və 25 fevral 2015-ci il təvəllüdlü X16 doğulmuşdur. xx.xx.2018-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin 2(001)-2745/2018 nömrəli qətnaməsi ilə nikahları pozulmuş,övladları onun yanında saxlanılmış və hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmuşdur.xx.xx.2021-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2891/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 165 manat, cəmi 330 manat aliment tutulmuşdur. Övladları ilə cavabdehdən ayrı yaşayır. Aliment məbləğinin artması onu yenidən məhkəməyə müraciət etməsinə səbəb olub. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaqların ikisi də, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Onların biri asma, digəri isə allergiyadır. Hazırda uşaqların bütün xərci və müalicəsi iddiaçı tərəfindən ödənilir. Uşaqları saxlamaq valideynlərin borcudur. Cavabdeh əgər ki, uşaqlarını saxlaya bilmirdi sə, hansı əsasla üç dəfə evlənib.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin balaca uşağı Ülvi asma xəstəliyindən əziyyət çəkir. Cavabdeh avtomobil ehtiyyat hissələri dükanında işləyir və VÖEN-i var. Bundan başqa cavabdehin həyat şəraiti kifayət qədər normaldır. Bununla bağlı cavabdehin sosial şəbəkədə olan profilindən fotoşəkilləri və Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə çıxarışı məhkəməyə təqdim edib. Uşaqların xəstəlikləri ilə əlaqədar olaraq ildə iki dəfə Naxçıvan Muxtar Respublikasında yerləşən Duzdağ müalicə mərkəzində, hər gedişdə 10 gün qalmaq şərtilə müalicə olunmaları tələb olunur. Bu xərclər də, iddiaçı tərəfindən qarşılanır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə təqdim etdiyi etirazını müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, respublikada atasız uşaqlara elə sadəcə 150 manat aliment verilir. Uşaqda asma var amma allergiya yoxdur. 1300 manat aliment borcu var və hər ay artıq 70 manat ödəniş edir ki, borcundan silinsin. Heç borcunu da, tam ödəyə bilmir. Ailəsi ona kömək edir.Təqdim edilən fotoşəkillər heç nəyi sübut etmir. İşlədiyi şirkət bağlanıb. Həyat yoldaşını da, gözlərinə görə əməliyyat etmək niyyətindədir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, etirazı müdafiə edirəm. Rayonda yaşayır, hal-hazırda işsiz və tələbədir. Hər ay uşaqların saxlanılması üçün iddiaçıya hər uşağa görə 165 manat olmaqla cəmi 330 manat aliment ödəyir və yığılmış aliment borcuna görə isə 70 manat pul ödəyir. Bundan başqa qeyrirəsmi uşağı da var və onun da saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi ilə 160 manat aliment ödəyir. İddiaçı onun ikinci həyat yoldaşı olub. Həmçinin qeyd etmək istəyir ki, anadangəlmə İİİ qrup əlil olan X7 ilə rəsmi nikaha daxil olmuşdur. Eyni zamanda iddiaçı da ikinci dəfə nikaha daxil olub və o, övladları ilə görüşə bilmir.
7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında isə göstərir: özü heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Hər ay uşaqlarının saxlanılması üçün cavabdehə hər uşağa görə 165 manat olmaqla, 330 manat aliment ödəyir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən digər uşağı X2 üçün X4 da hər ay 160 manat aliment ödəyir. Həmçinin qeyd edir ki, hazırda anadangəlmə İİİ qrup əlil olan X7 ilə rəsmi nikah münasibətinə girərək, evlənmişdir. Həmin ailəni də, saxlamalıdır. Onun heç bir yerdən gəliri yoxdur ki, alimenti artıq ödəyir.Cavabdeh iddia ərizəsində anca qanunları sadalamaqla kifayətlənmiş, onun vəziyyətinin yaxşılaşması və ya əlavə gəlirləri barədə sübut təqdim etməmişdir. Əksinə onun ailəsində dəyişiklik olmuşdur. Belə ki, o, digər uşağına da, aliment ödəyir. Başqa şəxslə ailə qurmuşdur və həmi ailəni də, saxlamalıdır. Hazırki halda valideynlər uşaqları barədə bərabər vəzifə daşıyır. O uşaqların saxlanılması üçün 30 manat aliment ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(001)-2745/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməsi, 05 noyabr 2011-ci il təvəllüdlü X5 və 25 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi və s. qət edilmişdir.
9. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 363904 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 483 № ilə qeyd edilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-2626/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2785/2020 saylı, xx.xx.2020-ci il tarixli qətaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 11 iyul 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X4 verilməsi və.s qət edilmişdir.
11. İmişli regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən, AZ-İİ seriyalı, 507058 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 359 № ilə qeyd edilmişdir.
12. İmişli Rayon Məhkəməsinin 2(036)-1625/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 05 noyabr 2011-ci il təvəllüdlü X10 və 25 fevral 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərtilə ataları Cavabdeh gedəcəkləri ölkə və şəhər barədə məlumat verməklə səyahət, istirahət və müalicə olunmaları məqsədilə Türkiyə Cümhuriyyətinə və Rusiya Federasiyasına getmələrinə icazə verilmişdir.
13. Elektron biletin qəbzinin fotoşəklindən görünür ki, İddiaçı X16 ilə birlikdə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ildək olan müddətdə Naxçıvan Muxar Respublikasında olmuşdur.
14. WWW.e-gov.az elektron ünvanından çıxarılan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 İİİ dərəcəli əlildir.
15. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin X1 Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh Məşğulluq AS-də qeydiyyatda olması barədə məlumat mövcud deyil.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan olan çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X13 bronxial astma diaqnozu qoyulmuşdur.
17. Bakı 16 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırda 05 noyabr 2011-ci il təvəllüdlü X5 və 25 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 165 manat olmaqla, 330 manat aliment ödəyir.
19. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
20. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.
21. Cavabdeh isə iddia tələbini qəbul etmir və artırılacaq aliment məbləğini ödəmək iqtidarında olmadığını, hətta 1300 manat aliment borcunun da olduğunu bildirir. Digər tərəfdən isə ikinci dəfə nikaha daxil olmasını, həmin nikahdakı arvadının əlil olmasına görə ailəni özünün saxladığını, hətta qeyri-rəsmi nikahdan olan uşağı üçün də məhkəmə qətnaməsinə əsasən 160 manat aliment ödəməsini də, alimentin artırılmamasına əsas kimi göstərir.
22. “Azemis” Elektron Məhkəmə sistemindən cavabdehin vergi məlumatları sorğulandıqda, onun (VÖEN: **********) avtomobil ehtiyat hissələrinin pərakəndə satışı ilə məşğul olduğu aktiv vergi ödəyicisi olduğu müəyyən edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
24. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
25. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
26. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
27. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
28. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
29. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
31. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
32. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 165 manat olmaqla, 330 manat aliment tutulur. Odur ki, keçən müddət ərzində yaşayış minimumu tələbləri, uşaqların xərcləri artmışdır. Belə ki, iş materiallarından da, müəyyən edildiyi kimi, uşaqların səhhətində olan problemlər onların mütəmadi müalicəsini mütləq etmişdir. Dolayısı ilə iddiaçının alimentin artırılmasına zərurət yaranması barədə dəlilləri əsaslıdır. Cavabdehin sosial şəbəkəsindən təqdim edilən fotoşəkillər də, dolayısı ilə onun maddi vəziyyətinin şəxsin özünün bildirdiyi dərəcədə pis olmadığı qənaətinə gəlməyə əsas verir.
33. Bu səbəbdən məhkəmə alimentin müəyyən edildiyi 2021-ci ildən uşaqların saxlanılması üçün tələb edilən minimum yaşayış meyarının dəyişməsini, uşaqların yaşına mütənasib olaraq xərclərinin artmasını, uşaqların müalicəsi ilə bağlı cavabdehin əlavə xərclərdə iştirak etməməsini nəzərə aldıqda, alimentin artırılmalı olduğu qənaətinə gəlir.
34. Bununla yanaşı məhkəmə cavabdehin digər uşağa görə aliment ödəməsini, alimentə görə borcunun olmasını, hazırda yenidən nikahda olmasını və həmin ailənin də ehtiyaclarını qarşılamaq vəzifəsini, həmçinin uşaqların yaşayış minimumu meyarına yaxın məbləğdə aliment almaq təminatını, rəsmi qazancı malik olmayan valideynin uşağı saxlamaq vəzifəsindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün artırılması tələb edilən alimentin hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsi işin hallarına, tərəflərin mənafeyinə və xüsusilə uşaqların maraqlarına uyğundur.
35. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
36. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
37. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
38. Odur ki, Cavabdeh 18 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
42. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
45. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.
46. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
47. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:
48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 05 noyabr 2011-ci il təvəllüdlü X5 və 25 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
49. Məhkəmə eyni zamanda o qənaətə gəlir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu mediasiya xərci ilə əhatə olunduğundan cavabdehdən işə baxılması ilə bağlı hər hansı rüsum tutulmamalıdır.
50. Bundan başqa iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 05 noyabr 2011-ci il təvəllüdlü X5 və 25 fevral 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev