Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-350/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi (oğlu) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanına dəymiş 1000 manat məbləğində zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında göstərdi ki, cavabdehin yaşadığı mənzil onların yaşadığı, iddia ərizəsində göstərilən mənzilin yuxarı mərtəbəsində, üstündə yerləşir. Cavabdehin evindən onların evinə axıdılmış su nəticəsində evin təmiri korlanmış, buna görə onlar 1000 manat xərc çəkərək evi yenidən təmir etdirmişlər. Cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, evləri artıq təmir olunduğundan onların cavabdehə qarşı heç bir tələbləri yoxdur, iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edərək iddianı qəbul etmədiyini bildirib izahatında göstərdi ki, iddiaçının mənzilinə su onun evindən axıdılmır. Belə ki, iddiaçı mənzil istismar sahəsindən dəfələrlə işçiləri dəvət edərək evinə axıdılan suyun mənbəyini araşdırmış, hər dəfə suyun onun mənzilindən axmadığı müəyyənləşdirilmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 fevral 2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, “...İddiaçı məxsus evin üst mərtəbəsindən, yəni ev 5A, mənzil 4-dən axan su nəticəsində İddiaçı məxsus mənzil islanmış, axan su mətbəxi isladıb, divar və tavan su içərisində idi...” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmənin 04 sentyabr 2020-ci il tarixli, 2(001)-3274/2020 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur: 1) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3, 5A saylı evin 2 saylı mənzilində aşkar edilmiş zədələrin həmin evin 4 saylı mənzilindən suyun axıdılması ilə səbəbli əlaqəsi varmı? 2) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3, 5A saylı evin 2 saylı mənzilinə dəymiş ziyan nədən ibarətdir və həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 10/1190 saylı müvafiq rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3-də yerləşən 5A saylı evin 2 saylı mənzilinin mətbəx tikilisində təmir işləri aparıldığı, tikilinin hər-hansı bir hissəsində su sızma izlərinin və qüsurların olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materiallarında olan 113 saylı MKİS-in əməkdaşlarının 10 fevral 2020-ci il tarixdə tərtib etdiyi aktda 2 saylı mənzilə 4 saylı mənzildən suyun axıdıldığı göstərilmişdir. 2 saylı mənzilin mətbəx tikilisində təmir işləri aparıldığı üçün tikiliyə dəymiş ziyanın nədən ibarət olduğu və həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçıya məxsus mənzilə suyun cavabdehə məxsus mənzildən axıldılması yalnız iş materiallarında olan MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş aktla öz təsdiqini tapır, suyun axıdılması nəticəsində dəymiş zərərin miqdarını isə təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamış, bununla yanaşı, iddiaçının nümayəndəsi izahatında cavabdehdən hazırda heç bir tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən vurulmuş zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi olduğundan və zərərin miqdarının 1000 manat olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmadığından iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti də iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-350/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-350/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver