Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-353/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyli küçəsi, 6 saylı evin, 68 saylı mənzilinə vurulmuş maddi zərərin əvəzi qismində 3.700 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyli küçəsi, 6 saylı evin, 68 saylı mənzilinə vurulmuş maddi zərərin əvəzi qismində 3.700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3.730 manat pulun tutulması və həmin evdə yerləşən 71 saylı mənzilin sanitar qovşağının (su və kanalizasiya boruları, sanitar qovşaq avadanlıqları və s.) təmir edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 digər Cavabdeh2 anası və 71 saylı mənzilin keçmiş mülkiyyətçisidir. Həmin mənzildən Cavabdeh1 mülkiyyətçi olduğu dövrdən onun mülkiyyətində olan mənzilə su axıdılır. O, bu barədə Cavabdeh1 da məlumat vermiş, lakin sonuncu bunun qarşısının alınması üçün hər hansı tədbir görməmişdir. Hazırda da həmin mənzildən onun mənzilinə mütəmadi olaraq, ayda azı bir dəfə su axıdılır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən 6 saylı evin, 68 saylı mənzili iddiaçı İddiaçı mülkiyyətindədir. Həmin evin 71 nömrəli mənzili isə xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh2 mülkiyyətindədir. İddiaçı Cavabdeh1 71 nömrəli mənzilin keçmiş mülkiyyətçisi olduğunu, o vaxtdan başlayaraq bugünə kimi həmin mənzildən onun mülkiyyətində olan mənzilə suyun axıdıldığını və nəticədə ona 3.700 manat məbləğində maddi ziyanın vurulduğunu iddia edir və həmin məbləğin cavabdehlərdən tutulmasını, qeyd edilən evdə yerləşən 71 saylı mənzilin sanitar qovşağının təmir edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli aktında həmin binanın 71 saylı mənzilindən 68 saylı mənzilinə suyun axıldığı, nəticədə mənzilə ziyan dəydiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə eksperti tərəfindən aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən 6 saylı evin, 68 saylı mənzilində su xəttləri divarın üzü ilə çəkildiyindən, kanalizasiya xəttləri gizli şəkildə olduğundan su sızmanın texniki səbəbinin konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan 79 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktın məlumatları, eləcə də divardakı su sızma izləri, habelə 71 saylı mənzilin 68 saylı mənzilin üst hissəsində yerləşməsi nəzərə alınmaqla, mübahisəli 68 saylı mənzilə, 71 saylı mənzildən su sızmasının baş verdiyi müəyyən olunur. 68 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.751 manat məbləğində müəyyən olunur. 68 saylı mənzilə 71 saylı mənzildən suyun axıdılması hallarının aradan qaldırılması üçün 71 saylı mənzilin sanitar qovşağının (su və kanalizasiya boruları, sanitar-qovşaq avadanlıqları və sair) əsaslı təmir olunmalıdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Bununla belə, məhkəmə məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə 79 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktı nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və Cavabdeh2 mülkiyyətində olan mənzildən su axıdılmışdır. Başqa sözlə, iddiaçının mənzilinə ziyan cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində vurulmuşdur. Bu səbəbdən suyun axıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyəti mülkiyyətçi, yəni Cavabdeh2 daşıyır. Məhkəmə, iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan mənzilə 71 saylı mənzildən məhz bu şəxsin mülkiyyətçi olan dövrdə də axıdılmasını sübuta yetirə bilmədiyindən iddia tələbi ona qarşı əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində ümumilikdə əsaslı hesab edir. Lakin iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır (zərərin məhz bu məbləğdə olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir) və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 1.751 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “sanitar qovşağının təmir edilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh2 mülkiyyətində olan mənzildən suyun axıdılması halı öz təsdiqini tapmışdır və bunun başlıca səbəbi cavabdehin mənzilində sanita qovşağın, o cümlədən su və kanalizasiya boru xəttlərinin nasaz (köhnə) olması ilə bağlıdır. Həmin qovşaq təmir edilmədiyi təqdirdə suyun yenə də axıdılması və iddiaçının mülkiyyətinə bundan sonra da mütəmadi olaraq maddi zərərin vurulması istisna deyil. Həmin qovşağın təmir edilməsi həm bu məsələyə son qoyar, həm də Cavabdeh2 bununla bağlı yarana biləcək xərclərdən azad etmiş olar. Başqa sözlə, sanitar qovşağın təmir edilməsi hüquqi nəticə etibarı ilə hər iki tərəfin maraqlarına uyğundur. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan 68 saylı mənzilə suyun sızmasının qarşısının alınması üçün üst mərtəbədə yerləşən 71 saylı mənzilin sanitar qovşağının, o cümlədən su və kanalizasiya borularının təmir edilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmalıdır (sanitar qovşaq ifadəsi tam yetərli və əhatəli olduğundan məhkəmə bu qovşağa daxil olmaqla təmirə ehtiyacı olan hər bir hissənin, o cümlədən avadanlıqların ayrıca qeyd edilməsinə ehtiyac bilmir və yalnız boruları dəqiqləşdirməklə kifayətlənir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, suyun axıdılması nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh2 1.751 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən 6 saylı evin, 68 saylı mənzilinə suyun sızmasının qarşısının alınması üçün üst mərtəbədə yerləşən 71 saylı mənzilin sanitar qovşağının, o cümlədən su və kanalizasiya borularının təmir edilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Suyun axıdılması nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh2 1.751 (bir min yeddi yüz əlli bir) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən 6 saylı evin, 68 saylı mənzilinə suyun sızmasının qarşısının alınması üçün üst mərtəbədə yerləşən 71 saylı mənzilin sanitar qovşağının, o cümlədən su və kanalizasiya borularının təmir edilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-353/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-353/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver