Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3532/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı QSC-nin etibarnamə əsasında nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 707,41 manat məbləğində kredit borcu, 312,44 manat məbləğində faiz borcu və 714,91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1734,76 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6200 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış və ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kreditdən 5492,59 manat qaytarmış, onun 707,1 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 636 gün üçün hesablanmış faiz borcu 312,44 manat təşkil edir. Kredit razılaşmasının 4.2.3-cü bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 636 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə isə 714,91 manat təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar, İddiaçı QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Mülki Məcəllənin 472.2ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 707,41 manat məbləğində əsas borcun, 312,44 manat məbləğində faiz borcu və 714,91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1734,76 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində ödəniş edildiyindən bank tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddiaçı tərəfindən müddət ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmiş, eyni zamanda onun tərəfindən 3 dəfə 200 manat ödənildiyini, sonuncu ödənişinin təxminən 2018-ci ilin oktyabr ayında olduğunu bildirmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh kimi göstərilmiş X2 xx xxxxxx 2018-ci ildə ölmüşdür. Belə ki, işdə olan AZ-İ seriyalı № 964423 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 964 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də məhkəmə X1 aid hissədə iş üzrə icraata xitam vermişdir (qərardadın surəti əlavə olunur). Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 002A********** saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 6200 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx xxxxxx 2015-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 002A********** saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 6200 manat məbləğində kredit vəsaitini 124 manat komissiya çıxıldıqdan sonra İddiaçı QSC-dən qəbul etmişdir. Mülki işin materiallarında olan ödəniş planından görünür ki, 002A********** saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 6200 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 332 manat olmaqla xx xxxxxx 2017-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 002A********** saylı, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 707,41 manat məbləğində əsas borcu, 312,44 manat məbləğində faiz borcu, 714,91 manat məbləğində cərimə olmaqla, cəmi 1734,76 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 002G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Eyni Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. İşdə olan İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş bildirişlərdən və bildirişlərin cavabdehlərə çatdırılmasını təsdiq edən qəbzlərin surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə Cavabdeh1 tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi ilə bağlı göstərdiklərini əsassız hesab etməklə qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki işin materiallarında olan AZ72ACAB******************** saylı hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh1 002A********** saylı xx xxxxxx 2015-ci il tarixli Kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2018-ci il tarixdə 200 (iki yüz) manat məbləğində ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 002A********** saylı Kredit müqaviləsinin 1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxx 2017-ci il olaraq müəyyən edilmişdir. İcra müddəti xx xxxxxx 2017-ci il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, Cavabdeh1 borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni hesabından xx.xx.2018-ci il tarixdə 200 (iki yüz) manat pul məbləğini kredit borcundan ödəməklə iddia müddətinin axımını kəsmişdir. xx.xx.2018-ci il tarixdən sonra Cavabdeh1 tərəfindən hər hansı bir məbləğdə ödəniş edilməsi müəyyən edilmədiyindən həmin tarixdən iddia müddəti yenidən başlamışdır ki, iddiaçı da müqavilə tələblərini qanunla müəyyən edilmiş 3 illik iddia müddəti keçmədən irəli sürmüşdür. Belə olan halda mövcud mübahisəyə iddia müddəti tətbiq edilə və bu əsasla iddia rədd edilə bilməz. Digər tərəfdən, iddiaçı 002A********** saylı kredit müqaviləsi üzrə 714,91 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 002A********** saylı kredit müqaviləsi üzrə 714,91 manat məbləğində hesablanmış cərimə məbləğinin 40 (qırx) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Digər cavabdeh – zamin Cavabdeh3 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun həmin zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli № 002A********** saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin müddəti müqavilənin 4.1-ci bəndinə görə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda aydın olur ki, Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan İddiaçı QSC-nin xeyrinə 002A********** saylı kredit müqaviləsi üzrə 707,41 manat məbləğində əsas borc, 312,44 manat məbləğində faiz borcu, 40 manat məbləğində cərimə olmaqla, cəmi 1059,85 manat borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 002A********** saylı kredit müqaviləsi üzrə 707,41 manat məbləğində əsas borc, 312,44 manat məbləğində faiz borcu, 40 manat məbləğində cərimə olmaqla, cəmi 1059,85 (bir min əlli doqquz manat 85 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3532/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3532/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver