Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3537/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci ildə anadan olmuş X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları ləğv olunmuşdur. Həmin nikahdan xx.xx.2011-ci ildə X3 doğulmuşdur. Yetkinlik yaşına çatmayan oğlunun saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2019-cu il tarixli, 2(001)-4745/2019 saylı qətnaməsi ilə bir uşağa 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Uşağın bütün qayğı və ehtiyaclarını özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona heç bir diqqət və qayğı göstərmir. Uşağın normal saxlanması üçün aylıq 300 manat qazanca ehtiyac var. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, 193 manat alimentin ödənilməsinə razı olmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, öz işinin olması, evində köməkçisinin olması, o demək deyil ki, cavabdeh uşağına aliment ödəməməlidir. Aliment uşağın saxlanması üçün ödənilir. Uşaq onun yanında saxlandığından uşağın bütün maddi təlabatını özü ödəyir. Uşaq ildə 2-3 gün atasının yanında qalırsa, bu o demək deyil ki, ana uşağı saxlamır və ya uşağı ancaq atası saxlayır. Cavabdeh evin otağını kirayə verib, kirayə pulunu aliment kimi ona verir. Öz evinin kirayəsindən gələn pul ona aliment kimi yox, əlavə gəlir kimi ödənilməlidir. Amma cavabdeh evin kirayəsindən gələn qazancı aliment kimi ona verir. Cavabdeh ata kimi üstünə düşən öhdəliyi icra etməlidir. Dövlətdən maaşı az ala bilər. Lakin bu o demək deyil ki, onun başqa qazancı olmamalıdır. Atadır uşağı saxlamalıdır. Uşaq atasının yanında qalanda ona psixoloji təsir edirlər. Uşaq anasından soyuyur.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının 30 yaşında qızı, 29 yaşında oğlu var. Böyük oğlu işləyir 1200 manat maaş alır, həmin maaşın 500 manatını kirayə verib qalırlar. Halbuki, oğlu da, özü kimi subaydır və evlənməli, özlərinə ev almalıdırlar. Lakin iddiaçı bunun üçün şərait yaratmır. İddiaçı uşağı qoyur onun yanına, özü rayona istirahətə gedir. Heç rayondan qayıtdığını belə uşağına deməmişdir. Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə görə ididaçının xeyrinə ev əşyalarına görə ondan 7000 manat pul tutulmuşdur.Yığılmış 500-600 manat borcu vardır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. iddiaçının anası vəfat etməmişdən əvvəl ona məxsus iki otaqlı evin nəvəsi yəni iddiaçı ilə birgə nikahların olan İbrahimə vəsiyyət etmişdir. Hətta qayınanası vəfat etməmişdən öncə notarial qaydada evi oğluna vermişdir. Lakin qayınanası vəfat edəndən sonra evi oğlunun adına rəsmiləşdirmək istəyərkən iddiaçı evin ½ hissəsinin ona aid olduğunu bildirdi. Bundan sonra mənzilin ½ pay hissəsi oğlunun İbrahimin adına, ½ hissəsi isə iddiaçının adına rəsmiləşdirilmişdir. Oğluna düşən 1 otağı aylıq 250 manata, iddiaçının payına düşən digər otağı isə aylıq 170 manata kirayə vermişdir. İddiaçıya öz otağının kirayə pulunu yəni 170 manat və 160 manat miqdarında aliment verir. Bundan başqa kiçik oğluna bacardığı qədər maddi və mənəvi dəstək olur, onu məktəbə aparır. Mən heç bir yerdə işləmir, heç bir yerdən dövlət sosial yardım almır. Hazırda iddiaçıya təxminən 400-500 manat civarında aliment borcu var. İddiaçı ona xəyanət etdiyindən nikahları pozulub. İddiaçı xaricə səfər etdikdə uşaq onun yanında qalır və hətta uşaq onun yanında qaldıqda belə alimenti tam olaraq ödəyir. Bundan başqa iddiaçı gözəllik salonu işlədir, evində hətta qulluqçusu var. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 4745/2019 saylı qətnaməsindən görünür ki, 13 may 2019-cu il tarixindən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi və s. qət edilmişdir. Qətnamənin təsviri hissəsində göstərilir: nikahın pozulması haqında xx.xx.2016cı il tarixli, AZ-İ seriyalı 246082 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 372 № ilə qeyd edilmişdir.
7. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 794663 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarxində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər”, “Pensiya” və “Ünvanlı yardım” altsistemlərinə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından halhazırda heç bir növdə sosial müavinət, Prezident təqaüdü, əmək pensiyası və ünvanlı dövlət sosial yardımı almır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2016-cı il tarixində ləğv edilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 4745/2019 saylı qətnaməsi ilə 13 may 2019-cu il tarixindən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi və s. qət edilmişdir.
12. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4745/2019 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.
13. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, hazırda işsiz olduğunu, 400- 500 manat aliment borcunun olduğunu, iddiaçının maddi vəziyyətinin daha yaxşı olduğunu bildirməklə iddianın rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşağın maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
24. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh isə əmək qabiliyyətli bir valideyn kimi işləməsə də, övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Cavabdehin 400-500 manat aliment borcunun olması, cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün üzrlü səbəb ola bilməz.
25. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
26. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4745/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 4745/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev