Məhkəmə qərarları › İş №2(001)-354/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-354/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-354/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı QSC X6 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC X6 Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X6 Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2006-cı İl tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15% olmaqla 12 ay müddətinə 101025 ABŞ Dolları məbləğində kredit verilmişdir. Borcalana verilən vəsaitindən istifadə müddəti 12 ay müəyyən edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda 7956.02 ABŞ Dolları məbləğində faiz borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı" QSC Cavabdeh qarşı faiz borcu üzrə 7956,02 ABŞ Dolları məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası vətəndaşıdır, hərbiçidir. 2006-ci ildə X3 Filialından Vaz 2107 markalı avtomobili ipoteka yolu ilə almış və həmin krediti tam olaraq ödəmişdir. 2016-cı ildə Cavabdeh Azərbaycan Respublikası DİN Baş Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, dindirilmiş və ona məlum olmuşdur ki, xx xxxx 2006-cı il tarixdə Cavabdeh 101025 ABŞ Dolları məbləğində kredit verilməsi barədə saxta kredit müqaviləsi yazılmışdır. Cinayət işi üzrə ekspertiza təyin edilmiş, müəyyən edilmişdir ki, həmin müqavilə və məxaric sənədlərində imzalar saxtalaşdırılmış, kredit verilən zaman qanunvericiliyin tələbləri pozulmuş, Cavabdeh həmin müqavilədən tamamilə xəbəri və məlumatı olmamış, həmin sənədlərdə Sadiq Vəliyevin imzaları saxtalaşdırılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, həmin kredit üzrə Cavabdeh adından götürülən məbləğ ödənildiyindən Azərbaycan Beynəlxalq Bakı ASC- yə vurulmuş zərər ödənilməsi kimi nəzərə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası DİN BMCMİ-nin icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxx 2016-cı il tarixli, 6625 saylı ekspertiza rəyini əldə etmişdir. Həmin rəyin 146-cı hissəsində Cavabdeh adına yazılan kredit müqaviləsindəki və qəbzlərdəki imzaların ona məxsus olmaması, Cavabdeh kredit müqaviləsindən xəbəri olmaması öz təsdiqini tapmışdır. İş üzrə sənədlərə əlavə olunmuş xx xxx 2016-cı il tarixli, 6625 saylı eskpertiza rəyindən də görünür ki, hazırki iş üzrə cavabdehin istinad etdiyi müqavilə əhəmiyyətsizdir. Cavabdeh x xxxx 2006-cı il tarixində adına rəsmiləşdirilmiş 101025 ABŞ dolları məbləğində kredit müqaviləsindən tamamilə xəbərsiz olub. O, kredit müqaviləsini və kredit dosyesindəki digər sənədləri, vəsaitin bank hesabından nağd məxaric edilməsi barədə kassa məxaric orderini imzalamayıb. Hal-hazırda da həmin müqavilələrdə olan imzalar cavabdehə aid deyil. Sözügedən məbləği, ümumiyyətlə görməyib, həmin vəsaitin kim tərəfindən alınması, rəsmiləşdirilməsi, istifadə edilməsi və ödənilməsi barədə də məlumatlı olmayıb. xx xxx 2016-cı il tarixli, 6625 saylı ekspertiza rəyində də göstərilir ki, kreditin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Mərkəzi X4 xx xxxxx 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalar”ın 1 nömrəli əlavəsinin tələbləri də gözlənilməyib. Belə ki, dosyedə tələb olunan minimum sənədlər toplusu (Mərkəzkəşdirilmiş kredit reyestrindən çıxarış, borcalanın şəxiyyət vəsiqəsinin surəti, kreditin ödənilməsi mənbələri, kreditin təminatı, bank tərəfindən hazırlanmış borcalanın krediti borcalanın krediti ödənə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, kredit sifarişi, aylıq gəlirləri, iş yerindən arayış, bank rəyi və s. sənədlər aşkar edilməyib. Digər tərəfdən, ekspertiza rəyində də göstərilir ki, xx xxxx 2006-cı il tarixində bağlanmış müqavilə üzrə bu borc xx xxxxxxxx 2010-cu il tarixində, 3 il 2 ay gecikmə ilə hesaba nağd vəsait mədaxil edilərək ödənilib və tam bağlanıb və xx xxxx 2016-cı il tarixə alınmış kreditin əsas məbləğ və faiz borcu üzrə qalığı olmayıb. Buna baxmayaraq iddiaçı hal-hazırda məhkəməyə müraciət edərək cavabdehin bağlamadığı və digər bir şəxs tərəfindən bağlansa belə bütün borcun ödənildiyi müqavilə üzrə 7956.02 ABŞ dolları məbləğində faiz borcu ödəməyini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC X6 Təşkilatının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan iddia müddətinin tətbiq edilməsi barədə ərizədən görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizəyə ilə müraciət edərək, iddia müddətinin keçməsi əsasına görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2007-ci il tarixdən başlamış və xx.xx.2010-cu il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı xx.xx.2020ci il tarixdə irəli sürmüşdür. Belə olan halda iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC X6 Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar