Məhkəmə qərarları › İş №2(001)-3542/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3542/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3542/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyasına və alimentin artırılmasına dair iddia ərizəsini və əlavə olunan sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyasına və alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.3.-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Həmin Məcəllənin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı təyin olunan alimentin artırılmasına dair iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.07.2016-ci il tarixli 2(001)- 4218\2016 saylı qətnaməsi ilə müəyyən olunan alimentin hazırkı dövr üçün indeksasiyasının aparılmasına dair tələbini bir icraatda birləşdirmişdir. Hesab edirəm ki, alimentin artırılması tələbinə ümumi iddia icraatı qaydasında, aliment məbləğinin indeksasiyasının aparılmasına dair tələbə isə həmin mülki işlə bağlı icra sənədi üzrə borcluya qarşı yeni iddia ərizəsi ilə deyil, icra sənədinin icrası ilə bağlı müraciətlər qaydasında baxılmalı olduğundan bu tələblərin bir icraatda birləşdirilməsi mümkün deyildir. Ona görə də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda iddiaçıya alimentin artırılmasına dair iddia tələbi ilə iddia icraatı qaydasında, tutulmalı olan pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi tələbinə isə qətnamənin icrası ilə bağlı müraciətlər qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyasına və alimentin artırılmasına dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar