Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-356/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08.12.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 13 880 manat məbləğində əsas borcun, 4164 manat cərimə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 08.12.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 2007-ci il buraxılışlı WMAH06ZZ17M475735 mühərrik nömrəli 99ON413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobilin 20820 manatla satılması barəsində tərəflər razılığa gəlmişlər. Həmin məbləi 12 ay müddətinə kimi, hər ayın 08-i günü ayda 1735 manat ödənilməsi barədə tərəflər arasında razılaşma əldə olunmuş və avtomobil texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Dəfələrlə cavabdehdən öhdəliyə əməl edilməsini və borcun ödənilməsi tələb edilsə də, cavabdeh öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 26.10.2021-ci il tarixində məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, yük maşını ona təhvil verilməyib və ümumiyyətlə ona iddiaçı tərəfindən yük maşınını idarə etmək üçün heç bir etibarnamə verilməyib. Daha sonra 99ON413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobil müxtəlif internet saytlarında satışa qoyulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 08.12.2020-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, 2007-ci il buraxılışlı WMAH06ZZ17M475735 mühərrik nömrəli, 99ON413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobilin 20820 manatla satılması barəsində tərəflər razılığa gəlmişlər. Həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 08-i günü ayda 1735 manat ödənilməsi barədə tərəflər arasında razılaşma əldə olunmuşdur. - 11.10.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayonu 29-cu Polis İdarəsinə gödərilən sorğuya cavab olaraq göndərilmişdir ki, 22.02.2021-ci il tarixdə Cavabdeh Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə göndərilmiş müraciətinə baxılmışdır. 02.03.2021-ci il tarixli arayışa əsasən müraicət mülki xarakter daşıdığından və mülki işlərə baxmaq səlahiyyəti məhkəmə orqalarına aid olduğundan məhkəməyə müraciət etməsi daha məqsədə müvafiqdir. - 26.10.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilən sorğu məktubuna cavab olaraq “MAN YÜK” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqaviləsinin, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların çıxarışı göndərilmişdir. - Sorğu nəticəsində göndərilən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 2007-ci il buraxılışlı WMAH06ZZ17M475735 mühərrik nömrəli, 99JM115 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobil satıcı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alıcı İddiaçı 10.000 manata satılmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsininin çıxarışına əsasən 2007-ci il buraxılışlı WMAH06ZZ17M475735 mühərrik nömrəli, 99ON413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobil AD905574 nömrəli şəhadətnamə ilə 08.12.2020-ci il tarixindən etibarən İddiaçı sahibliyinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş “Öhdəlik müqaviləsi” bağlansa da, müqavilənin məzmunu və şərtləri nisyə alqı-satqı müqaviləsinə uyğundur. Odur ki, hazırki mübahisənin qanuni əsasını alqı-satqı müqaviləsindən irəli gələn tələblər və öhdəliklər təşkil edir. Alqı-satqı müqaviləsinin anlayışı MM-nin 567-ci maddəsində verilmişdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymət) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi digər qarşı tərəfin xeyrinə vəzifələr daşıyırlar; digər qarşı tərəfin xeyrinə müəyyən hərəkət etməyə borclu olduğu üçün borclu şəxs, eyni zamanda müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququna malik olduğuna görə həm də səlahiyyətli şəxs (kreditor) hesab edilir. Bu müqavilədə iştirak edənlərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur; o, buna görə müəyyən pul mələğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur. Bununla bərabər, alıcı satıcının əşyanın ona verilməsini tələb etmək ixtiyarına malikdir. Deməli, alqı-satqı müqaviləsində hər iki tərəf üçün subyektiv hüquq və vəzifələrin mövcudluğu bu müqavilənin ikitərəfli (qarşılıqlı) müqavilə olması barədə fikir söyləməyə əsas verir. Əmtəə (mal) mübadiləsinin ikitərəfli xarakteri ikitərəfli müqavilə kimi alqı-satqı müqaviləsinin konstruksiyasını müəyyən edir. Alqı-satqı müqaviləsində alıcının əşyanın qiymətini ödəmək vəzifəsi satıcının həmin əşyanı alıcıya vermək vəzifəsi ilə şərtlənir. Bu onu ifadə edir ki, satıcı əşyanı alıcıya verməkdən ibarət olan öz vəzifəsini icra etməsə, alıcı həmin əşyanın qiymətini ödəməkdən ibarət olan öz vəzifəsini yerinə yetirməyə borclu deyildir (MM-in 567-ci maddəsi). Hər iki müqavilə iştirakçısı, yəni alıcı və satıcı bir-birinə münasibətdə həm kreditor, həm də borclu şəxs kimi çıxış edirlər. Alqı-satqı müqaviləsində iştirak edən tərəflər öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz alırlar: satıcı öz vəzifəsini icra etdiyinə görə (əşyanı alıcıya verdiyinə görə) alıcıdan müəyyən haqq (əşyanın qiyməti məbləğində) alır. Alıcı isə öz vəzifəsini (əşyanın qiymətini satıcıya ödəmək vəzifəsini) yerinə yetirdiyinə görə satıcıdan aldığı əşya üzərində mülkiyyət hüququ qazanır. Deməli, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Bu müqavilənin əvəzsiz olması istisna edilir. Beləliklə, alqı-satqı müqaviləsi elə bir hüquqi formadır ki, bunun vasitəsi ilə əşyalar (maddi nemətlər) bir şəxsin mülkiyyətindən digərinə keçməklə öz yerlərini dəyişir. Öz yerlərini dəyişməklə bərabər, həmin nemətlər öz mülkiyyətçilərini də dəyişir. Bu alqı-satqı müqaviləsinin əsas fərqləndirici əlamətlərindən biridir. Bununla belə, müqavilənin əvəzli olmasını və satılan əşyanın pul formasında qiymətinin ödənilməsini də bu cür əlamətlərdən hesab etmək olar. Alqı-satqı müqaviləsi əsasında öhdəlik hüquq münasibəti əmələ gəlir ki, bu hər bir hüquq münasibəti kimi quruluşca dörd elementdən (tərkib hissəsindən) ibarətdir: hüquq münasibətinin subyekt tərkibi; subyektlərin subyektiv hüququ, subkyektlərin subyektiv vəzifəsi; hüquq münasibətinin obyekti. Subyektlərin malik olduqları subyektiv hüquq və daşıqıdıqları vəzifələr hüquq münasibətlərinin məzmununu təşkil edir. Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində tərəf qismində çıxış edən subyektlərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdən, özü də yalnız alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməkdən ibarətdir. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.(MM-in 568.1-ci maddəsi) Satıcının alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya vermək vəzifəsi qanunda nəzərdə tutulan hərəkətlərin edilməsini, bir sıra tələblərə (şərtlərə) əməl olunmasını əhatə edir. Yalnız bu tələblərə riayət edilməsini satıcının əsas vəzifəsinin-əşyanın alıcının mülkiyyətinə verilməsi vəzifəsinin gerçəkləşdirilməsini şərtləndirir. Göstərilən tələblərə şərtlərə daxildir: -əşyanın təhvil vermək yolu ilə və ya alıcının ixtiyarına vermək yolu ilə alıcıya çatdırılması. Belə halda təhvil verilmə məqamı satıcının əşyanı vermək vəzifəsinin icrası anını (məqamını) şərtləndirir (MM-nin 570.2-ci maddəsi). Əgər əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilərsə, onda əşyanın alıcının ixtiyarına verildiyi məqam satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı olacaqdır (MM-in 570.1.2-ci maddəsi). Lakin əşyanın alıcının ixtiyarına verilmiş sayılması üçün qanun iki şərtə əməl olunması qaydasını müəyyən edir. Birinci şərt ondan ibarətdir ki, əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olmalıdır. Malın (əşyanın) verilməyə hazır olması dedikdə onun nişanlanma (damğalanma) yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməsi başa düşülür. Bu cür eyniləşdirmə malı nişanlamaq (damğalamaq) və ya onun tara və qabını nişanlamaq yolu ilə həyata keçirilir. İkinci şərt ondan ibarətdir ki, müqavilənin şərtlərinə uyğun surətdə alıcı bundan xəbərdar olmalıdır. Əgər alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermə vəzifəsi irəli gəlməzsə, belə halda satıcının əşyanı alıcıya vermək vəzifəsi əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (MM 570.2-ci maddəsi). Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı barədə MM-nin 570-ci maddəsi dispozitiv xarakter daşıyır. Bu onu ifadə edir ki, tərəflər bu barədə ayrı qayda da nəzərdə tuta bilərlər. Alıcının olduğu yerdə təhvil verilməklə malın ona verilməsi və malın olduğu yerdə alınması aktla, alıcının verdiyi qəbzlə və digər sənədlərlə təsdiqlənir. Mal daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildikdə isə yük qaiməsi, konosament, poçt qəbzi və s. sənədlər verilir. Satıcının əşyanı vermək vəzifəsini icra etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, əşyanı vermək vəzifəsinin icra edilməməsinə görə satıcı məsuliyyət daşıyır. Başqa sözlə desək, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edərsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər (MM-nin 575.1-ci maddəsi). Alqı-satqı müqaviləsinin predmeti fərdi əlamətləri ilə müəyyən edilən əşya olduqda, satıcının əşyanı vermək vəzifəsinin icra edilməməsi digər (bundan fərqli) hüquqi nəticəyə səbəb olur. Belə halda kreditor (alıcı) fərdi əlamətləri ilə müəyyən edilən həmin əşyanın borclunun (satıcının) əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər (MM-in 452.1-ci maddəsi). Deməli, satıcı fərdi əlamətləri ilə müəyyən edilən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcını öhdəliyin natura formasında icra olunması üçün məcbur edə bilər. Azərbaycan Respublikası MPM-nin: - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. - 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. - 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. - 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, müəyyən edildi ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş öhdəlik müqaviləsi (nisyə alqı-satqı) bağlanmışdır. Lakin satıcı (iddiaçı) müqavilənin şərtini pozaraq müqavilənin predmeti olan 2007-ci il buraxılışlı WMAH06ZZ17M475735 mühərrik nömrəli 99ON413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobili alıcıya (cavabdehə) təhvil verməmişdir. Halbuki, müqavilənin şərtlərinə görə (müqavilənin 2, 2.2, 2.3-cü maddələri) müqavilə bağlandığı vaxt yük avtomobili alıcının sahibliyinə və istifadəsinə verilməli idi. Bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, müqavilə bağlandıqdan sonra 99ON413 dövlət nömrə nişanlı MAN YÜK markalı avtomobilinin satışı ilə bağlı müxtəlif internet saytlarında məlumatlar yerləşdirilmişdir. Bu hal isə həmin yük avtomobilinin cavabdehin istifadə və sahibliyində olmamasını tam sübuta yetirir. Məhkəmə hesab edir ki, həmin məlumatlar internet saytlarına məhz iddiaçı tərəfindən yerləşdirilmişdir. Belə ki, bu hərəkətin cavabdeh tərəfindən icra olunması məqsədəuyğun deyil. Çünki həmin yük avtomobilinin alqısatqı üçün sonrakı prosedur qaydalarını yerinə yetirmək üçün cavabdeh heç bir hüquqa və səlahiyyətə malik deyil (etibarnamə və s.). Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən işin halları tərəflər arasında bağlanmış “öhdəlik müqaviləsinin” (nisyə alqı-satqı) etibarlı olub-olmamasına və qanunvericiliyə uyğun bağlanmasına dair şübhələr yaradır. Odur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, onun hazırki iddia tələbi ilə müraciət etməsi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-356/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-356/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver