Məhkəmə qərarları › İş №2(001)-3562/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3562/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3562/2024 30.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh (FİN: xxxxxxx) 20 sentyabr 2008-ci il təvəllüdlü X11 yetinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 1000 manat müəyyən edilməsi və hər ay cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin X11 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi, alimentin və əlavə xərcin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 61 manatın və vəkilə hüququ yardıma görə ödənilmiş 300 manatın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı aliment tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin X11 xəstəliyi ilə əlaqədar X12 uşaq sağalanadək 100 manat məbləğində əlavə xərcin tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, 2018-ci ildən bu yana qida, tibb, sənaye məhsullarının qiymətlərində 3 dəfədən çox artım olmuşdur. Nəticədə həmin aliment məbləği dəfələrlə dəyərdən düşmüşdür. Ona görə də həmin aliment məbləği ilə uşağın saxlanılması, həmçinin müalicə xərclərinin təmin edilməsi qeyri-mümkündür. Həmçinin bildirir ki, X20 artıq 15 yaşındadır. 2018-ci ilə münasibətdə uşağın saxlanılma xərclərinin siyahısı və ölçüsü də xeyli artmışdır. Eyni zamanda X11 müayinə və müalicə xərcləri də böyük ölçüdə artmışdır. Qeyd edir ki, X20 uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq xəstəliklərindən əziyyət çəkir. 1-ci qrup əlildir. Ona görə də o, şəxsi həyatını və karyerasını övladına fəda etmək məcburiyyətində qalmışdır. Başqa bir nikaha daxil olmamışdır. İşləmir. Daha doğrusu işləyə bilmir. Bütün zamanını övladına qulluğa həsr etmişdir. Heç bir yerdən gəliri və dəstəyi yoxdur. Qeyd edir ki, 2018-ci ildən bu yana Cavabdeh gəlirlərində böyük artım olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə cavabdehə vərəsəlik üzrə Abşeron rayonu Novxanı kəndində 0.11 ha torpaq sahəsi və Bakı şəhəri Sabunçu rayonunun mərkəzində 4179 kv/m ölçüsü olan təmirli qeyri-yaşayış sahəsi (univermaq tipli ticarət mərkəzi) miras qalmışdır. Sözügedən univermaq (“Pasaj AVM Ticarət Mərkəzi”) geyim, məişət avadanlıqları, elektronika və digər sahələr üzrə satış və xidmətlər həyata keçirən böyük bizness mərkəzidir. Cavabdeh sözügedən ticarət mərkəzindən hər ay 50-60 min manat civarında gəlir götürür. Sözügedən univermağa məhkəmə tərəfindən yerli baxış keçiriləcəyi təqdirdə, qeyd edilənlərə şahid olmaq mümkündür. Əlavə olaraq bildirir ki, tərəfindən Ədliyyə Nazirliyinin müvafiq qurumuna göndərilmiş sorğuya cavab olaraq yazılmış 18 mart 2024-cü il tarixli məktubda da miras əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Qeyd edir ki, 5-6 il bundan əvvələdək X11 özünü idarə etmə və nitq qabiliyyəti qismən mövcud olmuşdur. Lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləği X1 və müalicəsi üçün kifayət etməmişdir. X2 müalicəsi lazımi şəkildə aparılmamış və bu səbəbdən uşağın səhhəti günü-gündən pisləşmişdir. Hazırda isə X11 özünü idarə etmə və nitq qabiliyyəti tamamilə yoxdur. Əgər X3 2018-ci ildə 3-cü qrup əlillik səviyyəsində idisə, hazırda uşaq rəsmi olaraq 1-ci qrup əlildir. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 1000 manat müəyyən edilməsi və hər ay cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin X11 xəstəliyi ilə əlaqədar Cavabdeh uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi, alimentin və əlavə xərcin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 61 manatın və vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manatın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdilər. Əlavə olaraq o, bildirdi ki, hazırda iddiaçı həm aliment, həm xəstəlik üçün ümumilikdə 820 manat müavinat alır. İddiaçının qeyd etdiyi qeyri yaşayş binası ona məxsus deyil. Belə ki, həmin qeyri yaşayış sahəsi paylara bölünmüş, ona düşən pay hissəsi isə həyat yoldaşı Rüstəmova Sevincin adına qeydiyyatdan keçmişdir. Özü heç bir yerdə işləmir, əlavə gəlir yeri yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7415/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü oğlu X11 xx.xx.2018-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü oğlu X11 xəsətliyi ilə əlaqədar xx.xx.2018-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 100 manat məbləğində əlavə xərcin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh uşağın müalicəsinə faktiki çəkilmiş xərcin yarısı olaraq 400 manat və keçmişə yönəlik 2018-ci ilin iyul ayı üçün aliment borcu olaraq 154 manat olmaqla ümumilikdə 554 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. AZ-T seriyalı 079512 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ seriyalı 474387 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 154 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, X6 ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 4 saylı notariat ofisində Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış və JN:092A, KOD: 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinə, 10FP693 dövlət nömrə nişanlı VAZ 2106 MİNİK markalı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev 12 ünvanında yerləşən ümumi sahəsi 4179 kv/m olan qeyri-yaşayış sahəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, X15 uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları, İQ-30, F 84.0, F 72.1, F 90.1, F 80.0 diaqnozları qoyulmuşdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 1-ci qrup baxıma görə 100 manat məbləğində pensiya alır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə X13 adına 1/3 hissədə, xx.xx.2021-ci il tarixdə X8 adına 1/3 hissədə, xx.xx.2022-ci il tarixdə X7 adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 12 saylı notariat ofisində Hədiyyə verən Cavabdeh ilə X14rasında bağlanmış “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 4179 kv/m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissəsini (1393 kv/m) arvadı olan X9 bağışlamışdır. AZ-İİ seriyalı 451237 nömrəli “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X16 arasında olan nikah 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış və 2769 nömrə ilə qeyd olunmuşdur. AZ-İİ seriyalı 936481 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X17 atası Cavabdeh, anası X10r. AZ-İİ seriyalı 305889 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X18 atası Cavabdeh, anası X10r. AZ-İİİ seriyalı 274949 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X19 atası Cavabdeh, anası X10r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, X15 f84.0 uşaq autizmi, kanner sindromu, f72.1 ağır kəmağıllıq, qulluq cə müalicə tələb edən ciddi davranış pozuntuları, f80.0 nitq və davranış pozuntuları diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsosteminə əsasən Nazirliyin tabeliyində DSMF-dən ümumi səbəbdən 2-ci dərəcə əlilliyə görə 220 manat məbləğində sosial mavinət alır. Təyinatın bitmə tarixi: xx.xx.2024-cü il. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri 39 saylı vəkil bürosuna 300 manat məbləğində xidmət haqqını ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X11 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi hissəsində təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi uşaq sağalanadək hər ay üçün cavabdehdən 1000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin həmin 1000 manat məbləğində alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, iddia tələbinin alimentin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması hissəsində məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 qətnaməsi ilə tutulan 154 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda Cavabdeh 60 manat məbləğində mediasiya xərci, 300 manat vəkilə ödənilmiş xidmət haqqı (AR MPM 218.3cü maddəsinin tələbləri nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci, 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar