Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-357/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2854.70 manat əsas kredit borcun, 226.56 manat faiz borcunun, 250.61 manat cərimə olmaqla, ümumilikdə 3331,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 23% ödəmək şərti ilə 36 ay müddətinə 10.016,64 manat məbləğində kredit verilmişdir. Borcun təminatı kimi digər cavabdehlərlə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyət daşıdıqlarını öz üzərlərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 2854,70 manat məbləğində əsas kredit borcu, 226,56 manat kreditdən istifadəyə görə faiz borcu, 250,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3331,87 manat məbləğində borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə kredit və ona hesablanmış faiz və cərimə məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ekspert rəyində göstərilmiş əsas borc məbləği ilə razı olmadığını, iddianın iddia ərizəsində qeyd olunanlara əsasən tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - ərizədən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə ərizə ünvanlayaraq, banka olan 10.016,64 manat borcunu tam şəkildə ödəmək məqsədilə yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 16010- 0285/190312 saylı yeni kredit müqaviləsinə əsasən cavabdehə illik 23% ödəmək şərti ilə 36 ay müddətinə 10.016,64 manat məbləğində kredit verilmiş və ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək aylıq 388.30 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 16010- 0285/190320 Z və 16010-0285/190325 Z saylı xx.xx.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. - maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 2854,70 manat əsas, 226,56 manat faiz borcu, 250,61 manat cərimə borcu olmaqla, cəmi 3331,87 manat borcu vardır. - hesab üzrə çıxarışa əsasən Cavabdeh1 Burxu oğlu tərəfindən xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay mütamadi olaraq ödəniş cədvəlinə uyğun ödənişlər etmişdir. - iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişlərdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 3 bank iş günü müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3973 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2016-cı il tarixli, 16010-0285/190312 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) banka olan borcu 2411 manat əsas, 337,34 manat faiz borcu olmaqla, ümumilikdə 2748,34 manat təşkil edir. İddiaçı "İddiaçı" ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməklə, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, əsas borc üzrə hesablanmış faiz borcu isə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminlər Cavabdeh2 və Cavabdeh2 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 2411 manat əsas borc, 226.56 faiz borcu cavabdeh tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 250.61 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2411 manat əsas borc, 226.56 faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2687,56 (iki min altı yüz səksən yeddi manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat ekspertiza xərcin 72,50 (yetmiş iki manat əlli qəpik) manatı İddiaçı ASC-dən, qalan 72,50 (yetmiş iki manat əlli qəpik) manatı Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-357/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-357/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver