Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3578/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-755/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması barədə, yəni Cavabdeh 12 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci il tarixdə ailə qurmuşlar və onların bu nikahından 12 sentyabr 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-755/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə 12 sentyabr 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat aliment tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən ödənilən aliment övladlarının maddi tələbatını təmin etmir, övladlarının sağlamlığına, dolanışığına, geyiminə xeyli vəsait tələb olunur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 350287 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, 12 sentyabr 2018-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi barədə akt qeydləri kitabında 01 oktyabr 2018-ci il tarixdə 337 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 189652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 sentyabr 2018-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Göyçay Rayon Məhkəməsinin 2(046)-755/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnamədən çıxarışdan görünür ki, azyaşlı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 50 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş 2059 saylı arayışdan görünür ki, Hacıyev X4 rayonunda məcburi köçkün kimi M.Rəsulzadə qəsəbəsi, keçid 1285, Su Melorasiya İdarəsinin yataqxanasında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 12 sentyabr 2018-ci il təvəllüdlü X3 iddiaçının himayəsindədir. Göyçay Rayon Məhkəməsinin 2(046)-755/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnamədən çıxarışına əsasən X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 50 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı 50 manat məbləğində müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 175 manat məbləğində artırılmasını xahiş edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 12 sentyabr 2018-ci il təvəllüdlü X3 üçün 50 manat sabit pul məbləğində alimentin tutulması haqqında Göyçay Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin faktiki ailə münasibətlərindən olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 12 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Göyçay Rayon Məhkəməsinin 2(046)-755/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 9.1.20-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 12 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Göyçay Rayon Məhkəməsinin 2(046)-755/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3578/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3578/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver