Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-358/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilindən axıdılan suyun nəticəsində yararsız hala düşmüş mənzilinin təmir işləri üçün tələb olunan 8.000 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (oğlu) X6 iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 21 saylı evin, 46 saylı mənzili İddiaçı Novruz oğlunun, 48 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. İddiaçı artıq 1 il 6 ay müdətdir ki, onun mülkiyyətində olan mənzilin sanitar qovşağına və dəhlizinə cavabdehin mülkiyyətində olan mənzildən su axıdıldığını, bu barədə qonşuları məlumatlandırmasına, bu halın qarşısının alınması üçün polis orqanına, 1 nömrəli MKİS-ə məlumat verilməsinə baxmayaraq, hər hansı tədbirin görülmədiyini, o cümlədən suyn axıdılması mənbəyinin müəyyən edilmədiyini, 1 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda onun mənzilinə cavabdehin mənzilindən suyun axıdıldığının öz təsdiqini tapdığını bildirir və bunun nəticəsində mənzilinə 8.000 manat məbləğində maddi zərərin vurulduğunu iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Bakı şəhəri Binəqədi rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli aktında iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən 48 saylı mənzildən suyun axıldığı, nəticədə 46 saylı mənzilin tavan hissəsinin saraldığını, emulsiyasının qopduğu, elektrik naqillərinin zədələndiyi və bununla da həmin mənzilə maddi ziyan dəydiyi göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası əsasında aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/948 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 21 saylı evin, 46 saylı mənzilin dəhliz və mətbəx tikililərinin konstruktiv elementləri üzərində qusurların əmələ gəldiyi, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğu müəyyən edilmiş, 46 saylı mənzilə su sızması 48 saylı mənzilin su-kanalizasiya borusunda mümkün olan nasazlıqlar səbəbindən yarana bilər və su sızmanın aradan qaldırılması üçün 48 saylı mənzilin hamam və ayaqyolu tikililərində, həmçinin, su-kanalizasiya borularında müvafiq təmir işləri aparılmalıdır. 46 saylı mənzilin tikililərində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.829 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Bakı şəhəri Binəqədi rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktı nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin mülkiyyətində olan mənzildən su axıdılmışdır. Başqa sözlə, iddiaçının mənzilinə ziyan cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində vurulmuşdur. Bu səbəbdən suyun axıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyəti həmin mənzilin mülkiyyətçi olan Cavabdeh daşıyır. Bu da öz növbəsində iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı edir. Lakin məhkəmə iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır. Belə ki, iddiaçı onun mülkiyyətində olan mənzilə məhz 8.000 manat məbləğində maddi zərərin vurulduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi zərərin məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəydə göstərilən 2.829 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, suyun axıdılması nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh 2.829 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Suyun axıdılması nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh 2.829 (iki min səkkiz yüz iyirmi doqquz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-358/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-358/2022
06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver