Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3585/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nın etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1870 ABŞ dolları məbləğində əsas borcun, 1289,74 ABŞ dolları məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Sazişi müqaviləsinə əsasən bank cavabdehə 10 ay müddətinə, illik 24% olmaqla 1870 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, onlar eyni tələblə məhkəməyə müraciət etmiş, lakin daha sonra iddia ərizəsi baxılmamış saxlanılmışdır. Buna görə hesab edir ki, həmin vaxt iddia müddətinin axımı kəsilmiş, xx.xx.2019-ci il tarixdən etibarən isə yenidən hesablanmağa başlamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və buna görə də iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan xx xxxx 2015-ci il tarixli, DP/03362/50/11 saylı Kredit Sazişindən görünür ki, Cavabdeh1 (borclu) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 10 ay müddətinə, illik 24 faiz olmaqla 1870 ABŞ dolları məbləğində kredit vermiş, habelə Cavabdeh2 zamin kimi borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixə 1870 ABŞ dolları əsas borcu, 203.14 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan AZ68JBBK3811001DP**********C saylı hesabından çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu ödəniş xx xxxx 2015-ci il tarixdə 108,99 (yüz səkkiz manat 99 qəpik) manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən kredit 10 ay müddətinə verilir, kreditin ödənilməli olan son tarixi xx xxxxxx 2016-cı ildir. İcra müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia xx xxxx 2020-ci il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının nümayəndəsinin 2019-cu ildə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü üçün iddia müddətinin axımının kəsilməsi ilə bağlı bildirdikləri məhkəmə əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 3118/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Babhacı oğluna və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1 Babhacı oğluna və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanıldığından həmin iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmiş və xx xxxx 2020-ci il tarixdə yenidən həmin tələblə iddia irəli sürən vaxt ötmüşdür. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3585/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3585/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver