Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3591/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bank “xxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, RP-00239-16/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 5 faiz dərəcəsi ilə 6562,16 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə təqdim olunmuş qrafik üzrə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx xxxxxxxx 2019-cu il tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasına məsuliyyəti öz boynuna götürmüşdür. Lakin, Cavabdeh1 kredit ödənişlərini vaxtında və lazımi qaydada ödəməməsi nəticəsində bank tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən, onun xx xxx 2020-ci il tarixə banka 6562,16 manat əsas, 116,11 manat faiz borcu olmaqla ümumilikdə 6678,27 manat məbləğində borcu yaranmışdır. Bank “xxx” ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30,4 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyiklərini bildirib, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər ayrı-ayrılıqda izahatlarında iddianı qismən qəbul etdiklərini, maddi imkansızlıqları ilə əlaqədar banka olan məlum borcu ödəyə bilmədiklərini göstərdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 6562,16 manat məbləğində əsas borc, 116,11 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6678,27 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Bank “xxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bank “xxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi barədə iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6562,16 manat məbləğində əsas borc, 116,11 manat faiz borcu olmaqla, ümumilikdə 6678,27 manat məbləğində pul vəsaiti tutularaq Bank “xxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30,4 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank “xxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3591/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3591/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver