Məhkəmə qərarları › İş №2(001)-3592/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3592/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3592/2020 20.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı BOKT “xxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinədair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxx” QSC (əvvəlki təşkilati-hüquqi forması MMC) ərizə ilə məhkəməyə müraciət edərək, BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli, 039-EMB-0622-19 saylı kredit müqaviləsinə əsasən 05 may 2020-ci il tarixə əsas borcu 344.00 AZN, faiz borcu 0.00 AZN, cərimə borcu 42.60 AZN, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 407 AZN borcun Cavabdeh BOKT “xxxxxxxxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 may 2019-cu il tarixində BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 039-EMB-0622-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə faizsiz 12 ay müddətinə 964 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 05 may 2020-ci il tarixə əsas borcu 344.00 AZN, faiz borcu 0.00 AZN, cərimə borcu 42.60 AZN, ümumi borcu 386.60 AZN qalmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli, 039-EMB-0622-19 saylı kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcverən borcalana “xxxxxxxx” MMC-nin istehsal etdiyi mebelleri almaq məqsədi ilə 12 ay müddətinə illik 0% (annuitet qaydasında) hesablanmaqla 964 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən alınmış yumşaq dəst 020 Madeyra / 182061 Crystal Nova 1 Dəst 1 ədəd borcverənin xeyrinə girov qoyulur. Həmin Müqavilənin 2.4.2.ci bəndinə əsasən kredit ödənişi vaxtında ödəməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. 14 may 2019-cu il tarixli, 039-EMB-0622-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 12 ay müddətinə aylıq 80 manat, sonuncu ay isə 84 manat olmaqla iddiaçıya ödəniş etməlidir. 14 may 2019-cu il tarixli Cavabdeh tərəfindən yazılan istehlak kreditinin alınması üçün ərizənin surətindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona istehlak məqsədləri üçün 964 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. BOKT “xxxxxxxxxx” QSC tərəfindən borclu Cavabdeh ünvanlanan son xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 gün ərzində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. BOKT “xxxxxxxxxx” QSC-nin 05 may 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 may 2019-cu il tarixli, 039-EMB-0622-19 saylı kredit müqaviləsi üzrə 344.00 manat əsas borcu, 0.00 manat faiz borcu, 42.60 manat cərimə borcu, ümumilikdə 386.60 manat məbləğində borcu var. 17 dekabr 2019-cu il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, 14 may 2019-cu il tarixli, 039-EMB-0622-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 344 manat əsas borcu, 42,60 manat cərimə borcu olmaqla, ümumilikdə 386,60 manat məbləğində borc, 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqının əvəzi x2 Təşkilatı “xxxxxxxxxx” x1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. 14 may 2019-cu il tarixli, 039-EMB-0622-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 344 (üç yüz qırx dörd) manat məbləğində əsas borc, 42,6 (qırx iki manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 386,6 (üç yüz səksən altı manat, altmış qəpik) manat məbləğində borc, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi x2 Təşkilatı “xxxxxxxxxx” x1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar