Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3598/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Babayeva (Əsədova) Ülkər Əbülfəz qızına və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Babayeva (Əsədova) Ülkər Əbülfəz qızına və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 fevral 2020-ci il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan, Samsunq soyuducu üçün 1079 manat ödənilməmiş hissə, 302 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.381 manat borcun və 33,81 manat dövlət rüsumunun cavabdehlərdə müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MMC ilə 26 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung paltaryuyan, Samsung soyuducu almış və nəticədə 1.381 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 2.600 manat (18 ay x 144 manat + 8 manat ilkin ödəniş) Samsung paltaryuyan, Samsung soyuducu üçün ümumilikdə 1381 manat olmaqla ondan, 1.079 manat ödənilməmiş hissə, 302 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.521 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 26 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 Nədiirməd oğlu MMC qarşısında alıcı Babayeva (Əsədova) Ülkər Əbülfəz qızı ilə birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aralarında bağlanılmış 26 fevral 2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 16 fevral 2022-ci il, 24 mart 2022-ci il tarixli xəbərdarlıq məktublarında mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduqlarından, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, 20128433 saylı müqavilədən və ona əlavədən (ödəniş cədvəlindən) görünür ki, qiyməti 2.600 manat, ilkin ödəniş 8 manat olmaqla “Samsung” markalı paltaryuyan və soyuducu müvəqqəti qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə Əlavənin 3-cü bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, 20128433 nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, 20128433 saylı müqavilədən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür; 26 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 20128433 saylı müqaviləyə əsasən məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır; 24 mart 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlər "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər; 21 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Babayeva (Əsədova) Ülkər Əbülfəz qızının 26 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1.079 manat, dəbbə pulu 302 manat olmaqla, cəmi 1.381 manat məbləğində borcu var; 22 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, cavabdeh Babayeva (Əsədova) Ülkər Əbülfəz qızı ilə iddiaçı arasında 26 fevral 2020-ci il tarixli, 20128433 saylı müqavilə bağlanmış və cavabdeh ümumi dəyəri 2.600 manat olan “Samsung” markalı məhsulları əldə edərək, dəyərini 18 ay müddətində hissə-hissə olmaqla iddiaçıya ödəməsini öhdəsinə götürmüş, digər cavabdeh isə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq həmin öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh Babayeva (Əsədova) Ülkər Əbülfəz qızı müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə ona 1.381 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh Babayeva (Əsədova) Ülkər Əbülfəz qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, digər Cavabdeh2 zamin kimi cavabdeh Babayeva (Əsədova) Ülkər Əbülfəz qızının iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, cavabdeh Babayeva (Əsədova) Ülkər Əbülfəz qızı ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 26 fevral 2020-ci il tarixli, 20128433 saylı müqavilə üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 26 fevral 2020-ci il tarixli, 20128433 saylı müqavilə üzrə əsas borc 1.079 manat, dəbbə pulu 50 manat olmaqla, cəmi 1.129 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28 manatı cavabdehlər Babayeva (Əsədova) Ülkər Əbülfəz qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 26 fevral 2020-ci il tarixli, 20128433 saylı müqavilə üzrə əsas borc 1.079 (bir min yetmiş doqquz) manat, dəbbə pulu 50 (əlli) manat olmaqla, cəmi 1.129 (bir min bir yüz iyirmi doqquz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı cavabdehlər Babayeva (Əsədova) Ülkər Əbülfəz qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3598/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3598/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver