Məhkəmə qərarları › İş №2(001)-3602/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3602/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3602/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərın Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 245 ABŞ dolları-bundan 184 ABŞ dolları əsas, 20 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkləməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 AZN dövlət rüsumunun Cavabdeh Fəxəddin qızından tutularaq ləğv prosesində olan LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 1 saylı Ekspress filialı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2015-ci il tarixli 126.LN.1609.020315.R.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində şəxsi məişət ehtiyaclarının ödənilməsi üçün kredit verilmişdir. Sonradan 29 dekabr 2015-ci il tarixli 1 saylı əlavə razılığa əsasən Kreditorlarla Borcalan arasında bağlanmış 02 mart 2015-ci il tarixli 126.LN.1609.020315.R.00001 nömrəli kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 02 yanvar 2016-cı il, sonuncu ödəniş isə 02 yanvar 2017-ci il tarixindən gec olmayaraq həyata keçirilir. 17 sentyabr 2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 245 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehdə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 19/2720 saylı, 09 avqust 2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasına bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(001)- 3602/2021 saylı qərardadından görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlər edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçnın nümayəndəsi 29 iyul 2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “AGBank" ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2015-ci il tarixli, 126.LN.1609.020315.R.00001 saylı kredit müqaviləsindən və əlavədən görünür ki, bu müqaviləyə əsasən bank müştəriyə şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədilə 18 ay müddətinə illik 28 % dərəcəsi ilə 208 USD komissiyon haqqı ödənilməklə, 3200 USD məbləğində kredit vermişdir. Aylıq ödəniiş məbləği 219,75 manat müəyyən edilmişdir. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər ödəniş cədvəlinə əsasən borcalan tərəfindən bankanın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. 02 mart 2015-ci il tarixli, 126.LN.1609.020315.R.00001 saylı kredit müqaviləsinə 29 dekabr 2015-ci il tarixli 1 saylı əlavə razılıqdan görünür ki, Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 18,76 faiz dərəcəsi ödəyir. Krediti vaxtında ödəmədiyi halda borcalan bu müqavilə üzrə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarıldığı tarixədək olan dövr ərzində illik 28 % dərəcəsi faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Kredit müqaviləsi üzrə ödənişlər 2 saylı Əlavəyə uyğun olaraq aparılır. Bu şərtlə ki, birinci ödəniş 02 yanvar 2016-cı il, sonuncu ödəniş isə 02 yanvar 2017-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Razılaşmaya əsasən kredit müqaviləsinə 2 saylə əlavə kimi imzalanan ödəniş cədvəlində ilkin ödəniş tarixi 02 yanvar 2016-cı il sonuncu ödəniş tarixi 02 yanvar 2017-ci il olaraq müəyyən edilmişdir. LPO İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh 02 mart 2015-ci il tarixli, 126.LN.1609.020315.R.00001 saylı kredit müqaviləsi üzrə 17 sentyabr 2020-ci il tarixinə 184 ABŞ dolları əsas, 20 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 41 ABŞ dolları faiz borcu, ümumilikdə isə 245 ABŞ dolları borcu vardır. LPO İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh 208 ABŞ dollar komissiyon haqqı ödənilməklə 2976 ABŞ dolları məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 09 avqust 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh 02 mart 2015-ci il tarixli, 126.LN.1609.020315.R.00001 saylı kredit müqaviləsi üzrə kredit borcundan 1057,27 manatı güzəştli kompensasiya məbləği kimi nəzərə alınaraq kredit borcunun qalıq hissəsinə yönəldilmiş və restrukturizasiya olunmalı məbləğ 311,33 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 05 noyabr 2020-ci il tarixində elektron qaydada 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilir: 1) iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, 2) cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur, 3) borc məbləği barədə maliyyə arayışı 17.09.2020-ci il tarixinə aiddir, 4) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və həm kompensasiya məbləği kredit müqaviləsi üzrə qalıq məbləğə yönəldilmiş, həm də restrukturizasiya məbləği 311,33 manat müəyyən edilmişdir, 5) cavabdehə kredit müqaviləsini restrukturizasiya edilməsi barədə təklif göndərilib göndərilməməsi ilə bağlı iş materiallarında müvafiq sənəd müəyyən edilməmişdir, 6) iddiaçı həm qalıq əsas borcu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin məhkəmə hesab edir ki, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər. Belə ki, iddiaçı əsas borc üzrə cavabdehdən 184 ABŞ dolları tələb edir və həmin məbləğ də restrukturizasiya olunmalı olan məbləğlə, yəni 311,33(184/1.7(dolların 2019 üçün məzənnəsi)= 312,80) manatla maksimum həddə uyğunluq təşkil edir. Yəni cavabdehin müqavilə üzrə əsas borcunun 184 ABŞ dolları olması işin halları ilə təsdiq olunur. Müəyyən edilən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini digər hissədə ona görə əsassız hesab edir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı cavabdehə kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Bundan başqa işin hallarından göründüyü kimi iddiaçı ləğvetmə prosesində olan kredit təşkilatıdır və onun adından məhkəmədə ləğvedici çıxış edir. Odur ki, onun əldən çıxmış faydaya görə zərər tələb etməsi əsassızdır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddia yalnız əsas borca münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 mart 2015-ci il tarixli, 126.LN.1609.020315.R.00001 saylı kredit müqaviləsi üzrə 184 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 22 manat hissəsi Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, 8 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 02 mart 2015-ci il tarixli, 126.LN.1609.020315.R.00001 saylı kredit müqaviləsi üzrə 184 (bir yüz səksən dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 22 (iyirmi iki) manat hissəsi Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, 8 (səkkiz) manat hissəsi iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar