Məhkəmə qərarları › İş №2(001)-3612/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3612/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3612/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbi barədə mülki işə 26 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək sonunculradan müştərək qaydada 3888,04 manat əsas, 771,63 manat faiz, 195 manat gecikdirilmiş faiz borcu olmaqla cəmi 4854,67 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, məhkəmənin 20 dekabr 2016-cı il tarixli, 2(001)-19223/2016 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. Sonradan Cavabdeh1 əmrə etirazla məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin 01 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ “xxxx” QSC-yə güzəşt edilmişdir. “xxxx” ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli, 4- 08.07.2014-SM1 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2 arasında 08.07.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məzuliyyəti öz üzərinə götürmüşdür. Bank 2016-cı ildə ərizə ilə məhkəməyə müraciət edərkən borcun məbləği 3888,04 manat əsas, 771,63 manat faiz, 195 manat gecikdirilmiş faiz borcu olmaqla cəmi 4854,67 manat təşkil etmiş, 08 may 2021-ci il tarixə isə borc məbləği 2600,2 manat əsas, 966,63 manat faiz borcundan ibarətdir. Sonda S.A.Kələşova 26 may 2021-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim edərək iddianın həmin maliyyə arayışında göstərilən məbləğə uyğun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan: - “xxxx” ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014cü il tarixli, 4-08.07.2014-SM1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. - Bankla Cavabdeh2 arasında 08.07.2014-cü il tarixdə zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məzuliyyəti öz üzərinə götürmüşdür. - “xxxx” ASC ilə “xxxx” BOKT QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli “ “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “xxxx” QSC-yə gözəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, “xxxx” QSC-nin idarəetməsinə vermiş və eyni zamanda, həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da “xxxx” QSC-yə gözəşt etmişdir. - 26 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 08 may 2021-ci il tarixə əsas borcu 2600,2 manat, faiz borcu isə 966,63 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 08 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1 -ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə də qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, müddəti bitmiş kredit müqaviləsi üzrə faiz borcunun artırılmasında heç bir əsas yoxdur, buna görə də, iddia əsas borca münasibətdə 26 may 2021-ci il tarixli maliyyə arayışına, faiz borcuna münasibətdə isə 19 sentyabr 2016-cı il tarixli maliyyə arayışında göstərilən məbləğə uyğun təmin edilməli, beləliklə, 2600,2 manat əsas, 771,96 manat faiz borcu olmaqla ümumilikdə 3372,16 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 15 manat hissədi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. 2600,2 manat əsas, 771,96 manat faiz borcu olmaqla ümumilikdə 3372,16 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” BOKT QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar