Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3622/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ Dual (SM-G975) markalı mobil telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə Smart Segway holder BT SW- 30824 və Smart Segway holder BT SW-30821 cihazlarını almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə onun iki müqavilə üzrə ümumilikdə 3535 manat olmaqla, ondan 2916 manat ödənilməmiş hissə, 619 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi iki müqavilə üzrə ödədiyi məbləğ 379 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malın dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə Samsung Galaxy S10+ Dual (SM-G975)markalı mobil telefon satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malın dəyərini 12 ay müddətində, ayda 180 manat olmaq şərti ilə xx.xx.2020-ci il tarixədək ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan cihazı təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh malın dəyərinin ödəniş cədvəlinə müvafiq olaraq hissə-hissə ödənilməsi şərti ilə Smart Segway holder BT SW-30824 və Smart Segway holder BT SW- 30821 cihazları satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malların dəyərini 12 ay müddətində, ayda 78 manat olmaq şərti ilə xx.xx.2020-ci il tarixədək ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə qeyd olunan malları təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə əsas borca görə ödənilməmiş məbləği 2916 manat, cərimə borcu 619 manat, cəmi borcu 3535 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borcunun mövcud olması barədə və borc ödənilmədiyi təqdirdə İddiaçı MMC tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin 619 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə iki müqavilə üzrə cəmi 4 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iki müqavilə üzrə 2916 manat əsas borc və 4 manat cərimə borclu olmaqla, cəmi 2920 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 82,6% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 24,78 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2916 manat iki müqavilə üzrə ödənilməmiş əsas borc və 4 manat cərimə olmaqla, cəmi 2920 (iki min doqquz yüz iyirmi) manat borc və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat 78 (yetmiş səkkiz) qəpik hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,22 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3622/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3622/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver