Məhkəmə qərarları › İş №2(001)-3679/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3679/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3679/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən idarə etdiyi **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində Xaçmaz RQİİ-yə dəymiş ziyana görə 335 manat maddi ziyanın və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 oktyabr 2018-ci il tarixdə saat 16:50 radələrində Qusar şəhəri Heydər Əliyev prospektində 1954-cü il təvəllüdlü Cavabdeh idarə etdiyi NOVO 8x4 markalı **-JF-*** dövlət tanınma nömrəli yük avtomobili ilə yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə “İddiaçı” X2 RQİİ-nin Qusar xidmət sahəsinə 335 manat məbləğində ziyan dəymişdir. Belə ki, YNH-si zamanı Qusar xidmət sahəsinin balansında olan d 108 mm-lik orta təzyiqli qaz xətti qırılmış, saat 16:50-dən saat 17:50dək bir saat müddət ərzində qırılmış borudan sızan təbii qazın miqdarı mövcud normativlərə əsasən 1.525,1 m3 təşkil edir ki, bununda dəyəri 305 manatdır. Bundan başqa borunun təmirinə də 30 manat dəyərində vəsait sərf edilmişdir. Qusar Rayon Polis X4 Polisi bölməsi tərəfindən YNH-si ilə əlaqədar sənədləşmə aparılaraq sürücü Cavabdeh barəsində inzibati qaydada müvafiq tədbir görülmüşdür. Xaçmaz RQİİ-nin Qusar XS-nə dəymiş zərərin müəyyən edilməsi üçün müvafıq qanunvericiliyə uyğun olaraq sənədlər tərtib edilmişdir. Dəymiş zərərin ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət olunsa da bu günə kimi zərər ödənilməmişdir. Yazılı qaydada xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh tərəfindən yuxarıda qeyd olunan məbləğ bu günə kimi "İddiaçı" İstehsalat Birliyinin hesabına ödənilməmişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Xaçmaz RQİİ-nin Texniki istismar şöbəsinin rəisi Fərid Əliyevin, həmin şöbənin mühəndisi Mayis Sultanovun, Xaçmaz RQİİ-nin Qusar XS-nin TBX-nın rəisi Bəhruz Abdullayevin, həmin TBX-nin mühəndisi S.Ağaliyevin tərtib etdikləri 17 oktyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, 16 oktyabr 2018-ci il tarixdə saat 16:50 radələrində Qusar şəhəri, H.Əliyev prospektində AZ **-JF-*** dövlət qeydiyyat nişanlı MAN markalı avtomobilin sürücüsü tərəfindən ehtiyatsızlıq ucbatından d 108mm-lik orta təzyiqli qaz xəttinin qırılması zamanı 1 saat müddətində qaz sızması baş vermişdir. Belə ki, saat 16:50 radələrində qaz xətti qırılmış və saat 17:50-dək qaz təchizatı dayandırılmışdır. Hadisə səbəbindən Qusar XS-nə maddi ziyan dəymişdir. Qaz itkisinə görə 1.0 saat ərzində d 108mm-lik orta təzyiqli qaz xəttində sızma nəticəsində qaz itkisi 1.525,1 m3 olduğundan, 1.525,1 m3/saat x 0,20 manat = 305 manat. Borunun təmirinə və digər xərclərə 30 manat vəsait xərclənmişdir. Beləliklə, ümumilikdə 335.0 manat dəyərində maddi ziyan dəymişdir. Akt Qusar XS-nə dəymiş ziyanın **-JF-*** dövlət qeydiyyat nişanlı MAN markalı avtomobilin sürücüsü tərəfindən ödənilməsi üçün tərtib olunmuşdur. 16 oktyabr 2018-ci il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, **- JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində X7 Sahəsi Qusar Xidmət Sahəsinə məxsus 1.000mm-lik qaz borusuna maddi ziyan dəymişdir. 16 oktyabr 2018-ci il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. “İddiaçı” X1 Abbas Mehralı oğluna ünvanladığı 22 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, sonuncudan qaz təsərrüfatına dəymiş ziyan məbləğinin 10 gün ərzində “İddiaçı” İB-nin məktuba əlavə edilmiş hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunacağı barəsində xəbərdar edilmişdir. 06 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1. və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 16 oktyabr 2018-ci il tarixdə cavabdehin təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus qaz xətti zədələnmiş, 1 saat müddətinə qaz təchizatı dayandırılmışdır. Hadisə səbəbindən maddi ziyanın məbləği qaz xəttində sızma nəticəsində qaz itkisi 1.525,1 m3 olduğundan 305 manat (1.525,1 m3/saat x 0,2 manat) və borunun təmirinə görə isə 30 manat məbləğində hesablanmışdır. Hazırda iddiaçı qaz itikisinə görə 305 manat, təmir xərclərinə görə isə 30 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfindən qaz itkisinə görə hesablanmış məbləğ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qaz xəttində sızma nəticəsində qaz itkisinin 1.525,1 m3 olduğundan, dəymiş ziyanın məbləğini 1.525,1 m3/saat x 0,2 manat = 305 manat məbləğində hesablamışdır. Lakin, hadisə baş verən zaman qüvvədə olan Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına əsasən təbii qazın ölkədaxili tarifi əhali üçün 1.700 m3-dək hər m3 üçün 0,1 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qaz itkisinin məbləği iddiaçı tərəfindən hesablanmış qaydada deyil, 1.525,1 m3/saat x 0,1 manat hesablanmaqla 152,51 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qaz itkisinə görə 152,51 manat və təmirə görə çəkilmiş 30 manat məbləğində xərc, ümumilikdə isə 182,51 manat məbləğində dəymiş maddi ziyanın əvəzi tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 11 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 182,51 (bir yüz səksən iki manat, əlli bir qəpik) manat məbləğində dəymiş maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 11 (on bir) manatı iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar