Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3697/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 66,90 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 237 manat 30 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "K@TV 1" əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə "Televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar “AG Telecom” ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "İddiaçı" MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 80 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 12.04.2010-cu il tarixdə qeyd olunan ünvanda yaşayan Süleymanova Yeganə ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 12.12.2010-cu il tarixinədək etmiş və həmin ünvan 19.12.2010-cu il tarixdə 2 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 10.10.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və "K@TVl" kabel televiziyasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 0210 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0210 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 01.03.2012-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi 01.03.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 10.10.2012-ci il tarixə qədər olan müddət 223 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 66 manat 90 qəpik təşkil edir. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh tərəfindən göndərilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iddia tələbi mülki hüquq pozuntuları ilə əlaqədar olduğundan 3 illik müddət tətbiq edilə bilməz. Mülki hüquq pozuntuları ilə əlaqədar iddia müddəti 10 ildir. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, lakin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə göndərərək iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və buna görə də iddia müddətinin tətbiq edilərək tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan 80 saylı Mənzil Kommunal İstismar sahəsinin 343 saylı, 16 yanvar 2013-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 12, 21 saylı mənzil Cavabdeh məxsusdur və qeydiyyatda heç kim yoxdur. İşdə olan İddiaçı MMC-yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin, İddiaçı MMCnin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 10 oktyabr 2012-ci il tarixli 0210 KA saylı aktın surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 12 saylı binada kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 21 saylı mənzilinin “KATV 1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Həmin aktdan həmçinin görünür ki, baxış keçirilən zaman Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 12, 21 saylı mənzildə qapını 53-53 yaşlarında kişi açmış, baxmağa icazə verməmiş, lakin həmin şəxsin mənzildə yaşayan kirayəçi olduğu müəyyən edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr., ev 12, 21 saylı mənzildə yaşayan Süleymanova Yeganə İddiaçı MMC ilə bağladığı 12.04.2010-cu il tarixli müqaviləyə əsasən kabel şəbəkəsinin abunəçisi olmuşdur. 12.12.2010-cu il tarixinədək isə son ödəməsini etmişdir, 19.12.2010-cu il tarixdə 2 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, ünvan 2 0210 KA saylı akt tərtib olunana qədər sonuncu dəfə 01.03.2012ci il tarixində həmin binaya baxış keçirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh arasında əvvəllər hər hansı bir müqavilənin bağlanması, cavabdeh tərəfindən ödənişlər edilməsi müəyyən olunmur. İddiaçı buna dair hər hansı bir sübut təqdim etməmişdir. Əksinə İddiaçı MMC tərəfindən verilmiş 21 fevral 2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr., ev 12, 21 saylı mənzilə görə Süleymanova Yeganə ilə İddiaçı MMC arasında 12.04.2010-cu il tarixdə müqavilə bağlanmış və məhz həmin şəxs kabel şəbəkəsinin abunəçisi olmuş, 12.12.2010-cu il tarixədək son ödəməsini etmiş, 19.12.2010-cu il tarixdə isə 2,10 manat borcla şəbəkədən ayrılmışdır. Bundan başqa İddiaçı MMC-yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 10 oktyabr 2012-ci il tarixli 0210 KA saylı akta əsasən həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 12 saylı binada kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 21 saylı mənzilinin “KATV 1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və həmin mənzildə kirayə yaşayan adını bilmədikləri şəxsin yaşadığı bəlli olmuşdur. Belə olduqda müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh məxsus mənzilə kabel çəkilməsindən cavabdehin xəbəri olmamış, ona bu barədə məlumat verilməmiş, razılığı alınmamış və onun tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Eləcə də iş materiallarından cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulduğu sübut olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcədə maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda iddiaçı cavabdehin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə işdə iştirak edən şəxslər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə işdə iştirak edən şəxsi öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan işdə iştirak edən şəxslərin üzərinə qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını araşdırıb hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırmaları zamanı iddianın təmin edilməsi üçün əsasların müəyyən edilməməsi səbəbindən iddia rədd edildiyindən cavabdehin ərizəsi əsasında iddia müddətinin tətbiqindən imtina edilməlidir. Başqa sözlə, iddiaçının tələbi əsaslı olmalıdır ki, bundan sonra iddia müddətinin keçib-keçməməsi məsələsi müzakirə edilsin. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş hal ondan ibarətdir ki, iddia tələbi tam mənada əsassızdır. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3697/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3697/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver