Məhkəmə qərarları › İş №2(001)-3699/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3699/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3699/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 07 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 46 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 217 manat 20 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziya alınmışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “xxxx” hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 108 saylı MKİS tərəfindən verilən arayışa əsasən, qeyd olunan yaşayış sahəsi Cavabdeh məxsus olmuşdur. Belə ki, iddiaçı həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə analoq yayımı ilə 08.02.2008-ci il tarixindən başlanmışdır. 25.03.2013-cü il tarixdə “xxxx” hüquq firması və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1783 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1783 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 20.10.2012-ci il tarixdə baxış keçirilmişdir. Bundan əvvəl də həmin ünvana 25.12.2010-cu il tarixdə keçirilən baxış zamanı kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0554 C saylı akt tərtib edilmişdir. Beləliklə də, qanunsuz qoşulmalar nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən 10 manat təşkil edir. Sözügedən ünvana son baxışın keçirildiyi 20 oktyabr 2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 25.03.2013-cü il tarixə qədər olan müddət 156 gün təşkil edir ki, bununla da vurulan zərərin miqdarı 46 manat 80 qəpik təşkil edir. Həmçinin, iddiaçı ilə “xxxx” hüquq firması arasında bağlanmış hüquqi xitmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndində əsasən, iddiaçı hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəyir. Sonda F.Q.Quliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, təxminən 4 ildir ki, qeydiyyatda olduğu, iddia ərizəsində göstərilən mənzildə yaşamır. Yaşadığı müddətdə də heç bir qanunsuz qoşulma etməmişdir. İddiaçının nümayəmdələri tərəfindən tərtib olunmuş aktlardan nə onun, nə də ailə üzvlərinin məlumatı yoxdur, aktların tərtib olunmasında onlar iştirak etməmişlər. Buna görə də, həmin birtərəfli aktlar əsasında ondan pulun tutulması qanuni ola bilməz. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - 06 may 2019-cu il tarixli digər arayışdan görünür ki, ünvan 2 ünvanı üzrə 1783 KA saylı akt tərtib olunana qədər sonuncu dəfə 20.10.2012-ci il tarixində həmin binaya baxış keçirilmişdir. - “xxxx” hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 25.12.2010-cu il tarixli, 0554 C saylı və 25.03.2013-cü il tarixli, 1783 KA saylı aktlardan görünür ki, ünvan 2 ünvanında “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulmalar müəyyən olunmuşdur. - Bakı şəhəri Binəqədi rayon İH MKTB-nin 108 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01.05.2013-cü il tarixli arayışdan görünür ki, ünvan 2 Cavabdeh məxsusdur. - 006İNT********** №-li, 17.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hazırkı iddiası ilə bağlı “xxxx” MMC-yə 150 manat məbləğində pul ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə kabel televiziyası şəbəkəsinə qeyri-qanuni qoşulmanın müəyyən olunması ilə bağlı iddiaçının nümayəndələri tərəfindən aktlar tərtib edilərkən cavabdehin iştirakı təmin olunmamış, cavabdehin ümumiyyətlə həmin aktlardan məlumatlandırılmasına dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, iddia ərizəsində göstərilən qeyri-qanuni əməlin məhz Cavabdeh tərəfindən edilməsi iddiaçı tərəfindən sübut oluna bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar