Məhkəmə qərarları › İş №2(001)-3699/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3699/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3699/2022 13.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-10218/2014 saylı qətnaməsi ilə övladları xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla ümumilikdə 255 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh 2019-cu ildən övladlarının saxlanılması üçün ona heç bir maddi kömək göstərmir, övladları ilə ümumiyyətlə maraqlanmır və uşaqların bütün ehtiyaclarını o ödəyir. Təyin olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlu xəstə olduğundan cavabdehdən bu uşağa görə əlavə xərclərlə bağlı vəsait də onun xeyrinə tutulmalıdır. O, ikinci dəfə ailə qurmuş, bu nikahı rəsmiləşdirilməmişdir. Himayəsində xəstə uşağı olduğundan işləyə bilmir. Məcburi köçkün kimi o, 4 nəfər ailə üzvünə görə hər ay 132 manat məbləğində aylıq müavinət alır. Bundan başqa İsmayılov Məhəmmədəli Nahid oğluna görə aylıq 200 manat sosial müavinət və sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyinə görə aylıq 80 manat təqaüd alır. Cavabdeh fərdi qaydada işləməklə kifayət qədər gəlir əldə edir. Belə ki, cavabdeh ikinci dəfə ailə qurmuşdur. Onun ailəsi ilə birlikdə çəkdirdiyi şəkillərdən də müəyyən olunur ki, cavabdehin maddi imkanı kifayət qədərdir. Ona görə də Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunan alimenti artıraraq hər ay hər uşaq üçün 200 manat müəyyən edilməsinə, xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğluna görə əlavə xərcləri üçün hər ay 100 manatın tutulmasına, cəmi hər ay 700 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X14 anadan olmuşdur. O, səhhətində olan problemə görə 110 manat pensiya alır. Cavabdeh isə restoranda ofisiant işləyir. Şənliklər olduğu halda işləyir. Bundan başqa onun ailəsinə də məcburi köçkün kimi hər ay 60 manat vəsait ödənilir. Cavabdeh birinci nikahından olan 3 uşağın saxlanması üçün hər ay cəmi 150 manat aliment ödəyə bilər. İddiaçı ikinci dəfə ailə qurduğundan, özanə və uşaqlarına görə pensiya və müavinətlər aldığından övladlarını saxlamaq üçün maddi imkanı vardır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Ağdam rayon Gülablı ərazi nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ № 867609 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İsmayılov Məhəmmədəli Nahid oğlu xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 11 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X7r. Ağdam rayon Qasımlı ərazi nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-T № 026991 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X7r. Ağdam rayon Qasımlı ərazi nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 442471 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 31 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X7r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli çıxarışından müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun sağlamlıq imkanları məhduddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-10218/2014 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla ümumilikdə 255 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 136 saylı arayışdan müəyyən olunur ki, İddiaçı dövlət tərəfindən məcburi köçkünlərə verilən 4 nəfər ailə üzvünə görə hər ay 132 manat məbləğində aylıq müavinət alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli **********6 saylı arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa (İsmayılov Məhəmmədəli Nahid oğlu) görə aylıq 200 manat sosial müavinət və sağlamlıq imkanları məhdud uşağa qulluğa görə aylıq 80 manat Prezident təqaüdü təyin edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 342461 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X9 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 74 nömrəsi ilə qeyd edilmişdir. AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi və ailə vəziyətini, himayələrində yetkinlik yaşına çatmayan uşaqların olmasını, iddiaçının himayəsində olan uşaqların yaş hədlərini, təyin olunmuş alimentin məbləğinin bu yaş həddində olan uşaqların yaşayış minimumunu təmin etmək üçün yetərli olmamasını, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay hər uşağa görə 100 manat müəyyən edilməlidir. Məhkəmə iddiaçının himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğluna görə əlavə xərcləri üçün hər ay 100 manat tələbi ilə bağlı qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) İddiaçı himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğluna görə əlavə xərclər çəkməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə araşdırması zamanı isə bu uşağa görə iddiaçının hər ay 200 manat sosial müavinət alması müəyyən olunduğundan məhkəmə iddiaçının bu tələbini təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi mediasiya xərci bərabər hissələrdə tərəflərə aid edilməklə, cavabdehdən bu xərcə görə 25 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-10218/2014 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün X11 tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Nahid oğlunun saxlanması üçün Cavabdeh hər ay 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 üçün Cavabdeh hər ay 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 üçün Cavabdeh hər ay 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh mediasiya xərcinə görə 25 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar