Məhkəmə qərarları › İş №2(001)-3712/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3712/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3712/2021 10.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7.747,31 ABŞ dolları – bundan 1.348,22 ABŞ dolları əsas, 1.749,23 ABŞ dolları faiz, 4.445,61 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 204,25 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ********* saylı, 15 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 7.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 15 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərinin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsinin tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 10 dekabr 2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir, belə ki, cavabdehlərlələ kredit müddəti bitdikdən sonra müddətin uzadılması barədə yeni müqavilə imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etdi və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barəsində qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onunla bank arasında kredit müddətinin uzadılması barədə hər hansı müqavilə bağlanmamışdır. Digər cavabdehin məhkəmə prosesindən xəbəri var, lakin səhhəti ilə bağlı iclasda iştirak edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, №100004795 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank (kreditor) Cavabdeh1 (borc alan) şəxsi istehlak məqsədilə illik 26 faiz hesablanmaqla 24 ay müddətinə 7.700 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 faiz dərəcəsi ilə, aylıq isə 4,33 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqavilənin 2.7-ci bəndinə əsasən borcalan kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu müqavilənin 1 faiz məbləğində komissiya haqqı ödəyir; İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, №100004795/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 15 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Zamin müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıyı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminliyə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir; Ləğv prosesində olan İddiaçı ASC tərəfindən borc alan Cavabdeh1 göndərilmiş 21 sentyabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, borcalana kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, tələb olunan borc məbləğini 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları barədə məlumat verilmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir; 12 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 15 iyul 2014-cü il tarixli, №100004795 saylı kredit müqaviləsinə əsasən 25 sentyabr 2020-ci il tarixinə əsas məbləğ üzrə 1.348,22 ABŞ dolları, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faiz üzrə 1.749,23 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 4.445,61 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 204,25 ABŞ dolları faiz, ümumilikdə isə 7.747,31 ABŞ dolları məbləğində borcu vardır; 11 noyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2014-cü il tarixli, №100004795 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalan Cavabdeh1 illik 26 faiz hesablanmaqla 24 ay müddətinə 7.700 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə digər cavabdeh-zamin arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və ona bank tərəfindən 1.348,22 ABŞ dolları məbləğində əsas borc, 1.749,23 ABŞ dolları məbləğində faiz borcu, 4.445,61 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 204,25 ABŞ dolları məbləğində borc, ümumilikdə 7.747,31 ABŞ dolları məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının həmin cavabdehə qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, 15 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 15 iyul 2016-cı il tarixdə bitmişdir. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 15 iyul 2016-ci tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra irəli sürmüşdür. İddiaçı tərəf sonradan kredit müqaviləsinin müddətinin uzadılması ilə bağlı cavabdehlərlə müqavilə imzalandığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə digər Cavabdeh2 münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. Bundan başqa, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıyı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminliyə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası vaxtı 15 iyul 2016-cı il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyinə görə zaminə qarşı yönəlmiş iddia tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar