Məhkəmə qərarları › İş №2(001)-372/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-372/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-372/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayədəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 14904,41 manat əsas borc, 42,61 manat faiz borcu və 134,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15081,59 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 12860,41 manat əsas borc, 62,52 manat faiz borcu və 175,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13098,35 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 10 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli keditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtlərinin dəyişdirilərək, illik 1 % dərəcəsi ilə 60 ay müddətinə 15638,67 manat olmaqla kreditin müddəti 10 dekabr 2024-cü il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 10 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 60 ay müddətinə , illik 1 % dərəcəsi ilə, aylıq ödəniş 332,50 manat olmaqla, 15638,67 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Abiyev X2 Namiq Adil oğlu ilə bank arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 ilə bank arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 oğluna 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi üzrə 24 dekabr 2021ci il tarixinə 12060,21 manat əsas borc, 87,7 manat faiz borcu, 230,67 manat cərimə borcu olmaqla, ümumilikdə 12378,78 manat borc hesablanmışdır. "xxxx" ASC-nin cavabdehlərə ünvanlanan 10 avqust 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. 27 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi ilə bank müştəriyə 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə 15638,67 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. "xxxx" ASC tərəfindən 24.12.2021ci il tarixinə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 24.12.2021-ci il tarixinə əsas borc ürə 12060,41 manat, faiz borcu üzrə 87,7 manat, cərimə borcu üzrə 230,67 manat borcu vardır. Lakin iddiaçı iddia tələbini sonuncu maliyyə arayışına uyğun artırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Beləliklə iddiaçı 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 12860.41 manat, faiz borcuna görə 62.52 manat, cərimə borcuna görə 175.42 manat tələb etsə də, onun tərəfindən tərtib edilən 24.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə əsas borca görə qalıq məbləği 12060.41 manatdır. Odur ki, məhkəmə iddia tələbinin həddi ilə bağlı olduğundan, 10 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə tutulmalı olan qalıq əsas borc maliyyə arayışında olduğu kimi 12060.41 manat məbləğində, faiz və cərimə borcu isə iddia tələbi həddində tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi ləğv edilməli, 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12060,41 manat, faiz borcuna görə 62.52 manat, cərimə borcuna görə 175.42 manat olmaqla, ümumilikdə 12298,35 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan 10 dekabr 2019cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi ləğv edilsin. 10 dekabr 2019-cu il tarixli, 22-M-1-0-636-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12060,41 (on iki min altmış manat, qırx bir qəpik) manat, faiz borcuna görə 62.52 (altmış iki manat əlli iki qəpik) manat, cərimə borcuna görə 175.42 (bir yüz yetmiş beş manat qırx iki qəpik) manat olmaqla, ümumilikdə 12298,35 (on iki min iki yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar