Məhkəmə qərarları › İş №2(001)-3724/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3724/2022

21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3724/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1846/2021 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay bir uşağın yetkinlik yaşına çataradək saxlanması üçün cəmi 175 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi hər ay 60 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvannda yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1081/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 6 saylı evin 39 saylı mənzilindən istifadə etmək hüququ bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 6 ay müddətinə saxlanılması, bu müddət bitdikdən sonra iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 6 saylı evin 39 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq Cavabdeh təhvil verilməlidir. Beləliklə, iddiaçı xx.xx.2019cu il təvəllüdlü X2 ilə birlikdə həmin evdə müvvəqqəti yaşayır və yaxın günlərdə həmin evdən çıxarılacaq. İddiaçının alimentdən başqa heç bir yerdən gəliri yoxdur. Maddi cəhətdən əziyyət çəkir. Aliment pulu isə onun övladının xərclərini güclə ödəyir. Həmin mənzildən çıxarılan zaman iddiaçının maddi vəziyyəti daha da pisləşəcək. Çünki övladının tələbatı, kirayə haqqı və s. var. Cavabdeh işləyir və kifayət qədər qazanc əldə edir. Lakin qazancı olsa da, doğma övladına aliment pulundan başqa bir manat da olsa əlavə ödəniş etmir. Ona görə də iddiaçının alimentin miqdarının artırılmasına ehtiyacı var. Qeyd olunanlara əsasən iddiaçı alimentin miqdarının artırılması, cavabdehdən hər ay 193 manat və uşaq 3 yaşına çatana kimi hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah həqiqətən pozulmuş və tərəflərin birgə nikahından doğulmuş X1 iddiaçının himayəsində saxlanması, hər ay sabit pul məbləğində 175 manat və uşaq 3 yaşa çatanadək hər ay sabit 60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh nikah pozularkən və ondan sonrakı dövrlərdə təhkidlə uşağın onun himayəsinə verilməsini tələb etmişdir. Lakin iddiaçı bu tələbi rədd etmiş və uşağı öz himayəsində saxlayacağını bildirmişdir. Məqsədi isə uşağı alət kimi istifadə etməklə iddiaçıdan daha çox pul qoparmağa çalışmasıdır. Əgər uşağı saxlaya bilmirsə, bunu bəhanə etmək lazım deyil, cavabdeh aliment də istəmir, uşağı onun himayəsinə versin. Bundan əlavə uşaqlar üçün yaşayış minimumuna görə 193 manat aliment tələbini bəlkə də başa düşmək olar (halbuki, cavabdeh bunu da qəbul etmir), lakin özünə ödənilən pulun 60 manatdan 90 manata artırılması ümumiyyətlə başa düşülən deyil. Ağdam Rayon Məhkəməsində bu cür qətnamə çıxarılanda cavabdeh düşündü ki, eybi yox bir neçə illik ailə olmuşlar, bunun xatirinə ödəyər. İndi isə iddiaçı bundan istifadə edərək, bu məbləğin də artırılmasını tələb edir. Bütün bunlar onu göstərir ki, iddiaçıya nə uşaq lazımdır, nə də onu saxlamaq. Onu düşündürən sadəcə alacağı alimentdir. Çünki o da yaxşı bilir ki, cavabdeh heç bir yerdə işləmir, heç bir gəliri yoxdur, məcburi köçkündür. Bundan başqa anası ağır onkoloji xəstədir və onun əlavə aliment ödəməyə imkanı yoxdur. Cavabdehin anasının müalicə xərcləri, dərmanlar o qədər ağır xərclərdir ki, onları ödəmək üçün iddiaçının boşaldaraq ona təhvil verməli olduğu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 6, 39 saylı mənzili satmaq məcburiyyətindədir. İddiaçı iddia ərizəsində elə qeyd edib ki, güya bu dəqiqə evi boşaldaraq ona təhvil verəcəkmiş. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayət hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı bu cür şikayət verməklə evi boşaltmağı ləngitməyə, mənzildə mümkün qədər daha çox qalmağa çalışır. Bununla da o cavabdehin anasının xəstəliyinin ağırlaşmasına səbəb olacaq hərəkətlər edərək, mənzili təhvil verməkdən yayınır. Bu azmış kimi əlavə olaraq alimentin artırılmasına da çalışır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 1846/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ... xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü Gülnur adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və xx.xx.2019-cu il təvəllüdlü Gülnur adlı uşağın 3 yaşına çatanadək hər ay 60 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Bununla yanaşı məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək belə qənaətə gəlir ki, iddia ərizəsinin “ ... uşaq 3 yaşına çatana kimi hər ay 90 manat” tələbinə dair hissəsi təmin edilməməlidir. Belə ki, hal-hazırda xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək tutulan 60 manat ağlabatan məbləğdir və həmin məbləğin hazırkı vəziyyətdə artırılması üçün hər hansı əsas mövcud deyil. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 1846/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1846/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar