Məhkəmə qərarları › İş №2(001)-3729/2019

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3729/2019

19.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3729/2019 19.04.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan 108 manat alimentin məbləği artırılaraq, hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızı ananın yanında saxlanılmış və övladlarının saxlanılması üçün cavabdehdən 108 manat sabit pul məbləğində aliment tutulmuşdur. O, övladı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 704172 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Balakişiyeva Ayşən Rövşən qızı 08 noyabr 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçıgöstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 13 dekabr 2005-ci il tarixdə 2839 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3444/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 12 aprel 1996-cı il tarixdə bağlanmış və 524 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızı və 24 mart 1998-ci il təvəllüdlü Balakişiyeva Gülşən Rövşən qızının İddiaçı himayəsində saxlanılması, Cavabdeh tərəflərin birgə nikahlarından 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızının və 24 mart 1998-ci il təvəllüdlü Balakişiyeva Gülşən Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər uşağa hər ay 108 manat, cəmi 216 manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması məhkəməyə müraciət edildiyi gündən, yəni 10 fevral 2015ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızı doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3444/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 10 fevral 2015-ci il tarixdən başlayaraq 108 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən üç ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3444/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, alimentin məbləği artırılaraq 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08 noyabr 2005-ci il təvəllüdlü Balakişiyeva Ayşən Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3444/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar