Məhkəmə qərarları › İş №2(001)-3743/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3743/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3743/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 24 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-ci il təvəllüdlü X5 adlı uşağının yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən tutulmalı alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh Yelman oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ondan tutulmalı alimentin əmək haqqına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə 2003-cü ildə tanış olmuş, həmin ilin avqust ayında dini nikah bağlamaqla faktiki olaraq ailə qurmuşlar. Sonradan nikahlarını rəzmiləşdirmək istəsələr də, müxtəlif səbəblərdən bu mümkün olmamışdır. Faktiki nikahlarından 16 iyun 2007-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Bir müddət sonra cavabdeh uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmədiyindən o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(001)-4282/2014 saylı qətnaməsinə əsasən, iddiası təmin edilmiş, cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan artıq 7 il keçmişdir, bu il ərzində uşaq böyüməklə onun tələbatları da artmışdır. Bu tələbatların qarşılanmasında 103 manat azlıq təşkil etdiyindən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilk iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, onun İddiaçı ilə qeyri-rəsmi ailə münasibəti olmuş, onun xəbəri olmadan Sultanə adlı uşaq anadan olmuşdur. İddiaçı ondan xahiş edərək uşağın atası kimi qeydiyyata alınmasını xahiş etmiş, o da etiraz etməmişdir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti hazırda ödəməyə çətinlik çəkir. Belə ki, o, qeyri-hökümət təşkilatında işləyir, aylıq məvacibi 250 manat təşkil edir. Həmçinin, o, 04 oktyabr 2013-cü il tarixdə rəsmi olaraq X3 ilə evlənmiş, birgə nikahlarından 22 iyul 2014-cü il təvəllüdlü X9 adlı uşaqları vardır. Aldığı maaş ailəsinin maddi tələbatlarını ödəməyə yetmədiyi halda İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiasının heç bir əsası yoxdur. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı da azaldılmaqla aylıq əmək haqqıma yönəldilməlidir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(001)- 4282/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh 17 aprel 2014-cü il tarixdən başlayaraq 16 iyun 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - Nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh 04 oktyabr 2013-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 22 iyul 2014-cü il tarixdə X9 adlı uşaqları doğulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eyni zamanda, həmin Məcəllənin 75.1-ci maddəsinin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, təhsili ilə bağlı xərclərin mövcudluğunu, habelə, Ailə Məcəlləsinin 75.1-ci maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə alimentin müəyyən olunduğu dövrdən hazırki vaxtadək uşaqlar üçün yaşayış minimumumu səviyyəsi artırıldığından 2021-ci ildə aylıq 103 manat alimentlə 13-14 yaşlı uşağın maddi tələbatlarını ödəmək mümkün deyildir və buna görə də, təyin olunmuş alimentin miqdarı artırılmalıdır. Lakin, digər tərəfdən, uşağın maddi tələbatlarının qarşılanması hazırki halda yalnız atanın üzərinə düşməməlidir və nəzərə alınmalıdır ki, ata, yəni Cavabdeh hazırda himayəsində bir yetkinlik yaşına çatmayan uşağı da vardır. Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh 16 iyun 2007-ci il təvəllüdlü X5 adlı uşağın saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(001)-4282/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 125 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə yuxarıdaki sətirlərlə qeyd olunanları əsas tutaraq qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasının heç bir əsası yoxdur, buna görə də, iddia rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh 16 iyun 2007-ci il təvəllüdlü X5 adlı uşağın saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(001)- 4282/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 125 manat sabit pul məbləğində müəyyən edilsin, həmin miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar